Məhkəmə qərarları › İş №2(104)-141/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-141/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-141/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, sübutetmə yükü, ekspertizanın keçirilməsindən imtinanın nəticələri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(076)-455/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. A 467815 saylı “X3 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh etdiyi maneçiliklər səbəbindən mübahisələndirilən əraziyə baxış keçirmək və ölçmə işlərini aparmaq mümkün olmamışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh etdiyi maneçiliklər səbəbindən mübahisələndirilən əraziyə baxış keçirmək və ölçmə işlərini aparmaq mümkün olmamışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00-a təyin edilmiş baxışda iştirak etməmiş, çöl ölçmə işlərinin aparılmasını qoymayacağını bildirmişdir. Bu səbəbdən ölmə işlərinin aparılması mümkün olmamışdır.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssis rəyi təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0,0917 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Çıxarış əsasında onun mülkiyyətindədir. Həmin torpaq sahəsini aldıqdan sonra cavabdeh torpaq sahəsinin ona məxsus olmasını və onu həmin sahəyə buraxmayacağını bildirmişdir. Bundan sonra adına olan Çıxarışı cavabdehə göstərmoş, lakin cavabdeh fikrindən dönməyərək torpaq sahəsini tərk etməyəciyini bildirmişdir. Bir müddət cavabdehin könüllü olaraq torpaq sahəsindən çıxmasını gözləmiş, lakin nəticəsi olmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(076)-455/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev), iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nöməli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 97.5, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(076)-455/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə aralarında olan mübahisəyə görə iddiaçının mülkiyyətində olan 0,0917 ha torpaq sahəsi formal olaraq bu gün iddiaçının mülkiyyətinə verilsə də 0,0917 ha torpaq sahəsi də daxil olmaqla cəmisi 0,25 ha həyətyanı təyinatlı torpaq sahəsi Şəmkir rayon İcra Hakimiyyəti başçısının göstərişi əsasında Şəmkir rayon Çaparlı Bələdiyəsi tərəfindən mərhum qardaşı X1 1-ci Qarabağ Müharibəsinin şəhidi olmasına görə mərhum atası - X2 1995-ci ildə verilmişdir. Atası 1995-ci ildən 2006cı ilədək istifadə etmişdir. Çaparlı Bələdiyyəsinə dəfələrlə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsində köməklik edilməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Atasının 2006-cı ildə vəfatından sonra isə həmin 0,25 ha həyətyanı torpaq sahəsi onun istifadəsində olmuş, həmin sahədə meyvə bağı salmış və Çaparlı Bələdiyəsinə müraciət etsə də torpağa sənəd ala bilməmişdir. Nəticədə Çaparlı bələdiyyəsi həmin sahənin 0,0917 ha hissəsini iddiaçıya satmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsini özbaşına zəbt edərək, təyinatına uyğun istifadə edir. Təmsil etdiyi şəxs dəfələrlə cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Hətta cavabdeh təyin edilmiş ekspertizanın keçirilməsinə də bir neçə dəfə maneçilik törətmiş, mütəxəssis tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına heç vaxt imkan verməmişdir. Bu hal isə bir daha təsdiq edir ki, cavabdeh heç bir hüququ olmadığı halda, qanunsuz şəkildə təmsil etdiyi şəxsə məxsus torpaq sahəsini zəbt etmişdir. Ona görə də cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

19. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

25. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

26. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

28. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

29. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

30. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

36. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(076)-455/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, işin halları ondan ibarətdir ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən 0.0917 ha həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan imtina etmişdir.

51. İlk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçıların mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir.

52. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».

53. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

54. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."

55. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı məhz həmin çıxarışa istinad edərək torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Yəni, çıxarışın mövcudluğu iddiaçının subyektiv hüququnun olmasına dəlalət edir və qeyd edilən torpaq sahəsinin mülkiyyətçisidir.

56. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

57. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

58. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

59. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

61. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).

62. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

63. Məhkəmə kollegiyasının, araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir.

64. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası tərəfindən 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

65. Belə ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı iş üzrə ekspertizanın zəruriliyi tərəflərin diqqətinə çatdırılsa da, sonda cavabdeh tərəf yenə də ekspertizanın keçirilməsinə zərurət olmadığını, etiraz edərək ekspertizanın keçirilməsinə şərait yaratmayacağını bildirmişdir. Əsas kimi atasının 2006-cı ildə vəfatından sonra isə həmin 0,25 ha həyətyanı torpaq sahəsi onun istifadəsində olmuş, həmin sahədə meyvə bağı salmış və Çaparlı Bələdiyəsinə müraciət etsə də torpağa sənəd ala bilməmişdir. Nəticədə Çaparlı bələdiyyəsi həmin sahənin 0,0917 ha hissəsini iddiaçıya satmışdır.

66. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh etdiyi maneçiliklər səbəbindən mübahisələndirilən əraziyə baxış keçirmək və ölçmə işlərini aparmaq mümkün olmamışdır.

67. Bundan sonra məhkəmə kollegiyası tərəfindən 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayış ilə, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00a təyin edilmiş baxışda iştirak etməmiş, çöl ölçmə işlərinin aparılmasını qoymayacağını bildirmişdir. Bu səbəbdən ölmə işlərinin aparılması mümkün olmamışdır.

68. Məhkəmə kollegiyası tərəfindən mülki iş obyektiv və tam araşdırılması üçün yenidən xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilməklə bu barədə iş üzrə tərəflərə məlumat verilmiş, lakin cavabdeh tərəfindən qeyd olunan məlumat xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, cavabdehin yenidən maneçilik törətməsinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır.

69. Buna görə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssis rəyi təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilmişdir.

70. Qeyd olunan hallar ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən ekspertiza aparılmasına dəfələrlə maneə törədildiyinə görə iddia olunan ərazidə ekspertin ölçü işlərini aparması mümkün olmamış, mübahisəli torpaq sahəsinin onun tərəfindən zəbt edilib edilmədiyi barədə rəy verilməsi mümkün olmamışdır.

71. Məhkəmə kollegiyası bir neçə dəfə ekspertiza aparılması üçün tədbirlər görməsinə, cavabdehə bu barədə vaxtında məlumat verməsinə baxmayaraq, Cavabdeh ekspertiza aparılmasında iştirak etməmiş və imkan yaratmamışdır.

72. Azərbaycan Respublikasının MPM-in 97.5-ci maddəsinə görə, tərəf ekspertiza keçirilməsində iştirak etməkdən imtina edirsə, və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

73. Göründüyü kimi, tərəfin ekspertiza keçirilməsində iştirak etməkdən imtina etmə, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsi kimi hüquqi nəticə törədə bilər.

74. Bu zaman tərəfin iştirak etməkdən imtina etməməsinin ekspertiza aparılması üçün hansı əhəmiyyət kəsb etməsi nəzərə alınmalıdır. Baxılan işdə Cavabdeh ekspertiza araşdırmasında iştirak etməsi və onun tərəfindən zəbt edilmiş torpaq sahəsində ölçü işlərinin aparılmasına şərait yaradılması zəruri idi və hər hansı üzürlü səbəb olmadan iştirak etməməsi, bundan da əlavə mütəxəsisslərə maneələr yaradaq tədiqqat aparılmasına şərait yaratmaması, ona münasibətdə MPM-nin 97.5-ci maddəsində nəzərdə tutulan hüquqi nəticələrin tətbiq olunması mümkündür.

75. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

76. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, baxılan işdə iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

77. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

80. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(076)-455/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar