Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1427/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbiə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-754/2024 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Laçın rayonu Hoçaz kəndində anadan olmuş və ünvan 1-də yaşamışdır. Laçın rayonu erməni işğalçıları tərəfindən isğal etdildikdən sonra məcburi köçkün düşərək Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşib yaşayır. 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir. Hazırda pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi müddət iş stajina daxil edilməsi üçün əmək kitabçası lazımdır. Lakin işlədiyi illərə dair arxiv sənədləri Laçın rayonunda galmış və ermənilər tərəfindən yandırılmışdır. Buna görə də, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyini onunla bərabər Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləmiş şahidlər X1 və X7 da təsdiq edə bilərlər. Belə ki, onun işlədiyi illərdə onunla birgə işləmiş X5 Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləməsi barədə əmək kitabçası mövcuddur. Həmçinin onun işlədiyi illərdə onunla birgə işləmiş X1 isə məhkəməyə müraciət edərək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləməsi faktını müəyyən etdirmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-754/2024 saylı qətnaməsi ilə (hakim Fuad Babaşov) ərizə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-754/2024 saylı qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-754/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim işi tam və obyektiv araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən ərizəni təmin etməmişdir. Belə ki, hakim iclas zalına şahid qismində gətirdiyi X9 məhkəmə iclas zalında dindirsə də, hakim onun iştirakını qətnamədə əks etdirməmişdir. Bundan başqa o, Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında həmin şahid ilə iş yoldaşı olmuşdur. Hakimin şahid ifadəsinə və onun eyni mahiyyətli özünün qanuni qüvvəsini almış qətnaməsinə qiymət verməməyini anlaya bilməmişdir. Onun Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləməyini, şahidlərlə iş yoldaşı olmağına dair sübut kimi foto şəkilləri də vardır. O, işğaldan öncə Şəhər Xalq Deputatlar Sovetinin deputatı seçilmişdir. Sadalananlara əsasən hesab edir ki, hazırki qətnamə ləğv edilməli və onun 1977-ci ildə xx.xx.1992-ci ilə qədər Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyinə dair hüquqi əhəmiyyətli fakt təsdiq edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-754/2024 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İş materiallarından görünür ki, Ərizəçi məcburi köçkün kimi müvəqqəti Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşsa da o, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Bərdə Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-754/2024 saylı qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-754/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-754/2024 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərisin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1427/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1427/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver