Məhkəmə qərarları › İş №2(104)-143/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-143/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-143/2024 03.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: Tutmanın ipoteka predmetinə yönəldilməsi, tutma yönəldikdə və o satıldıqda əmlakın boşaldılaraq təhvil verilməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(125)-519/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. MA seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1-da yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir;

2. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 avqust 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1-da yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış K/M L009/2016/29; xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir;

3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-3345/2021 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, MK/82841/71/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 13381,88 manat əsas borc və 1330,21 manat faiz borcu olmaqla, ümumilikdə 14712,09 manat borcun və məhkəmə xərci qismində 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir;

4. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-ci il tarixli rəyə əsasən, ipoteka predmeti olan 0.05 ha torpaq sahəsinin likvid dəyəri 15000 manat, ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri isə 68000 manat müəyyən edilmişdir;

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli 3-16-16/2-10/9035-9/9210 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi daxilində yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 58200 manat müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(043)-3345/2021 nömrəli qətnaməsinə əsasən, 14712,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasının Cavabdeh məxsus olan Gəncə şəhəri İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan bir ay ərzində Cavabdeh həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, L009/2016/29 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2019-cu il tarixli, MK/82841/71/29 saylı Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 20 faiz olmaqla 14999 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Gəncə şəhəri İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evi Cavabdeh ilə bank arasında xx.xx.2016-cı il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışla reyestrdə qeydə alınmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kredit borcunun tutulması barədə tələblə məhkəməyə müraciət edilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-3345/2021 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, MK/82841/71/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 13381,88 manat əsas borc və 1330,21 manat faiz borcu olmaqla, ümumilikdə 14712,09 manat borcun və məhkəmə xərci qismində 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Odur ki, tutma ipoteka predmetinə yönəldilməli, əmlak açıq hərracda satılmalı və əldə edilən vəsait hesabına borc ödənilməlidir.

8. Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(125)-519/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3345/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasının Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 manat (on beş min) və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000 (altmış səkkiz min) manat müəyyən edilməsi; Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi 2(043)-3345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, 14712,09 manat borc və 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra bir ay ərzində Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması; Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə, həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 59.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evində ondan başqa qohumları qeydiyyatda olmaqla yaşayırlar. Bundan başqa, ipoteka predmeti olan əmlakın dəyəri real və hazırkı bazar qiymətlərinə uyğun deyil. Əmlakın real dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

16. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

17. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 38.2.2. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

19. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

20. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

21. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2016-cu il tarixli kredit limitinin ayrılması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 84 ay müddətinə illik 30 faiz dərəcəsiylə 100000 manat kredit limiti ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri İdris Məşədizamin oğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 30 nömrəli fərdi yaşayış evi 2016-cı il 25 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/82841/71/29 nömrəli kredit sazişinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsiylə 14999 manat kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən kreditor borcun tutulması barədə tələblə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 3345/2021 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, MK/82841/71/29 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 13381,88 manat əsas borc və 1330,21 manat faiz borcu olmaqla ümumilikdə 14712,09 manat borcun və məhkəmə xərci qismində 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Kreditor hazırkı tələblə məhkəməyə müraciət edərək tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi əmtəəşünaslıq fəaliyyəti aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

38. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

39. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

40. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin müəyyən olunması üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli 3-16-16/2-10/9035-9/9210 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi daxilində yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 58200 manat müəyyən edilmişdir.

41. Azərbaycan Respublikasının MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

42. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

43. Ekspert rəyinin təsviri hissəsindən göründüyü kimi, ekspertiza tədqiqatı Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Cavabdeh tərəf yenidən əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etsə də, lakin hazırda alınmış ekspert rəyinin qeyri-obyektiv olması barədə hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Halbuki, alınmış ekspert rəyinin həqiqiliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

44. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirmiş və rəyin qeyri-obyektiv olması barədə cavabdeh tərəfin arqumentlərini əsassız hesab etmişdir. Bu qənaətinə uyğun olaraq həmçinin kollegiya iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə cavabdeh tərəfin vəsatətini də əsassız hesab etmişdir.

45. Göründüyü kimi, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində ipoteka predmetinin dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğunu bildirsə də, lakin iş üzrə alınmış ekspert rəyi ilə ipoteka predmetinin ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən ( 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 manat, fərdi yaşayış evinin ilkin satış qiyməti isə 68000 manat= 83000 manat) aşağı, yəni 58200 manat olduğu müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı alınmış əmtəəşünaslıq ekspertizsı rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin ipoteka predmetinin ilkin satış qiyməti həmin rəyə əsasən dəyişdirilə bilməz. Ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ümumi ilkin satış qiyməti 83000 manat müəyyən edilmiş və ipoteka saxlayan (kreditor) qətnamədən apellyasiya şikayəti verərək ipotekanın dəyərinin azaldılmasını məhkəmədən xahiş etməmişdir. İpoteka qoyan Cavabdeh ipoteka predmetinin real bazar dəyərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətdən yüksək olduğuna əsaslanaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə ipoteka predmetinin dəyərinin məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən yüksək məbləğdə olub-olmamasının araşdırılması təşkil etmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılması istisna təşkil edir. Məhkəmə kollegiyasının bu mövqeyi dispozitivlik prinsipindən qaynaqlanır.

47. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. ikincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

48. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

49. MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.

50. Şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Bundan əlavə, işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(125)-519/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar