Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1434/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2669/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsi(bundan sonra- iddiaçı) cavabdehlər Şəmkir Rayon 1 saylı Notariat Ofisinə, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra-Rayon Məhkəməsi) 11 iyun 2025-ci il tarixli, 2(076)-2669/2025 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsalandırmışdır ki, iddia ərizəsi verilərkən qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, icra qeydi Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 03 aprel 2025-ci il tarixdə qəbul edilmiş olsa da icra qeydində həmin icra qeydinin ləğvi ilə bağlı 10 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olması izah edilməmişdir. İcra qeydi barədə məlumat olduqdan sonra dərhal "xxxx" MMC-yə müraciət edilmiş, lakin nəticəsi olmamışdır. Həmçinin 16 may 2025ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarı icra qeydindən sonra qəbul edilmişdir. İcra qeydi qəbul edilərkən belə bir qərar olmadığından iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23 iyun 2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin. İş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi 03 aprel 2025-ci il tarixdə verilmişdir. 10 aprel 2025-ci il tarixdə isə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən "xxxx" MMC-yə məktub ünvanlanmışdır. Həmin məktubun məzmunundan aydın olur ki, iddiaçı icra qeydi barəsindən məlumatlı olmuşdur. Göstərilənlərə baxmayaraq, iddiaçı iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Şikayətin dəlilinə münasibətdə Məhkəmə bildirir ki, Konstitusiya Məhkəməsinin qərarları hüquqi normaların tətbiqinə dair izahdır, yeni norma deyil. Həmin qərarlar mövcud normativ aktların konstitusiya uyğun tətbiqini izah edir və aydınlaşdırır. Bu baxımdan Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqe normativ hüquqi aktın interpretasiyası xarakteri daşıyır və yeni hüquq yaratmır. Belə şərhlər isə onların qəbul tarixindən əvvəl yaranmış, lakin hələ başa çatmamış hüquqi münasibətlərə şamil edilə bilər. Eyni zamanda Məhkəmə bildirir ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında qərarın yalnız gələcək münasibətlərə tətbiq edilməsi ilə bağlı məhdudlaşdırıcı ifadələr yoxdur. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1434/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1434/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver