Məhkəmə qərarları › İş №2(104)-1438/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1438/2024

14.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1438/2024 14.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X14 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X10 ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006– cı il tarixdə rəsmi nikah bağlanmışdır.

2. Doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2002-ci il tarixdə Musa, xx.xx.2006-cı il tarixdə Xəyal və xx.xx.2006-cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur.

3. DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh və ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə JN705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Şəhadətnamə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarına əsasən verilmişdir.

4. Qonşuluq aktından görünür ki, Yuxarı Seyfəli kəndində Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin inşasına 1999-2000-ci illlərdə başlanmış və 2003-2004-cü illərdə başa çataraq Cavabdeh və İddiaçı həmin evdə 2004-cü ildən yaşamağa başlamışdır. Həmçinin evin inşasına çəkilmiş vəsaiti X7 tərəfindən ödənilmişdir.

5. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Seyfəli kənd İnzibati ərazi idarəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 333 nömrəli arayışından görünür ki, Cavabdeh Məhəmmə oğlu və İddiaçı ilə 2001-ci ilə qədər valideynləri ilə birgə yaşamışlar. 2001-ci ildən təsərrüfatbaşına aid kitabda ayrı təsərrüfat kimi qeyd edilmişdir.

6. JN-705A KOD 50413005 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənini surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu rayonu, Seyfəli kənd ərazisində X8, X2, Cavabdeh və X1 0.12 ha torpaq sahəsi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2001-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeyd etdimişdir. Birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Musa, xx.xx.2006-cı il tarixdə Xəyal və xx.xx.2006-cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur. Toy günü qayınatasına məxsus evə gəlin köçmüş, bir müddət həmin evdə yaşamışlar. Gəlin köçdüyü evin həyətyanı torpaq sahəsi həm ərinin, həm də, onun ailə üzvlərinin paylı mülkiyyətindədir. Sonradan qayınatasının razılığı ilə həmin torpaq sahəsindən ərinin payı naturada ayrılmış və o, cavabdehlə birlikdə qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Ev hazır olandan sonra həmin evə köçmüş, cehiz əşyalarını da, həmin evə aparmışdır. Uzun müddət həmin evdə yaşasalar da, hazırda cavabdeh onun evdə yaşamasına imkan vermir. Həmin ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, qanunsuz tikilidir. Hesab edir ki, mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa etdirdiklərindən, habelə həmin evdə uzun müddət yaşadığından onun da evdən istifadə hüququ yaranmışdır. Hazırda onun yaşamağa başqa evi yoxdur. Eləcə də, uşaqlarından ayrı yaşamaq onun üçün çətindir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023- cü il tarixli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlə faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları (ailə münasibətləri) kəsildiyindən, o cümlədən iddiaçı hazırki iş üzrə mübahisəli evdə təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz. İddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən ev qanunsuz tikilidir. Həmin evlə bağlı cavabdehin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda onların arasında olan münasibətlər 2001-ci ildən yarandığı üçün məhkəmə 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etməklə işə baxmalı idi. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyasında birinci icraat:

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1830/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (X6 (sədrlik edən və məruzəçi), X11 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1830/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instansiyasında birinci icraat:

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1830/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin 2001-ci ildən faktiki ailə münasibətlərində olduqları, 2006-cı ildən nikahın rəsmən qeydə alındığı işin mübahisəsiz hallarıdır. Göründüyü kimi, faktiki ailə münasibətlərində yaşayan şəxslərin birgə təsərrüfat aparmaları və bu təsərrüfat daxilində əmlak (hüquqları) əldə etmələri mümkündür. Mübahisə halında bunu iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Rəsmən nikahda olan ər-arvadın ailə birliyi isə ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah dövründə qazanılmış mübahisəli əmlakın belə təsərrüfatla əldə edilmədiyini iddia edən tərəf öz iddiasını sübut etməlidir. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, tərəflər 2001-ci ildə faktiki olaraq, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha girmişlər, birgə ailə kimi yaşadıqları dövrdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində JN-705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər köçərək orada yaşamışlar. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, cavabdehin də, mülkiyyətçisi olduğu torpaq sahəsində yerləşən mübahisəli evin tərəflərin rəsmi nikahı dövründə, yoxsa ondan qabaq inşa edildiyi məhkəmələr tərəfindən dəqiqləşdirilməmişdir. Halbuki, bu hal mübahisə predmeti üzərində tərəflərin hüquqlarına aydınlıq gətirilməsi, eləcə də mübahisəyə tətbiq olunacaq hüququn tapılması üçün əhəmiyyətli olmuşdur. Məlum olduğu kimi, ər-arvad statusunda olmayan şəxslər arasında yaranmış əmlak münasibətləri mülki qanunvericiliyin ümumi əmlakın əldə edilməsi və istifadəsinə dair qaydaları ilə, ər-arvad arasındakı əmlak münasibətləri isə əsasən ailə qanunvericiliyi ilə tənzimlənir. hazırkı işdə məhkəmələrin iddianı rədd etmək üçün evin dövlət qeydiyyatına alınmaması və iddiaçının evə istifadə hüququnun yaranmamasına istinad etmələri qanuni və əsaslı olmamışdır. 58. Göstərilənlərə əsasən, məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli evin ərsəyə gəlməsində iddiaçının cavabdehlə ailə birliyi çərçivəsində aparılan təsərrüfatla iştirak edib-etmədiyi yoxlanılmalı, əgər iştirak etmişsə iddiaçının meydana gətirilmiş iqtisadi dəyər üzərindəki mülki hüquqlarının nədən ibarət olduğu aydınlaşdırılmalı, həmin hüquqlar ədalətli şəkildə kompensasiya edilmədən iddiaçının mübahisəli evdə yaşamaq imkanından məhrum edilməsinin hüquqdan suiistifadə təşkil edib etməməsinə, mövcud vəziyyətdə iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsasların olub-olmadığına yuxarıda göstərilən hüquqi mövqelər, habelə mülki və ailə qanunvericiliyi əsasında yekun hüquqi qiymət verilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, yaşamağa yeri yoxdur v evinə köçmək istəyir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə izahat verib bildirmişdir ki, tərəflər 2001-ci ildə faktiki ailə qurmaqla evlənmişlər. Ailə quran zaman müvəqqəti olaraq cavabdehin qayınatasına məxsus evə köçüb bir müddət orada yaşamışlar. Daha sonra hazırki mübahisəli evi inşa etdirərək 2006-cı ildə oraya köçmüşlər. İddiaçı 2022-ci il tarixdədək mübahisəli evdə yaşamış, 2022ci ildə cavabdeh onu evdən qovmuşdur. Hesab edirlər ki, mübahisəli ev birgə nikah döründə əldə olunmuşdur. Sadəcə cavabdeh qərəzli şəkildə həmin evə dair çıxarış almır. İddiaçıya məxsus cehiz əşyaları və iddiaçının şəxsi əşyaları hələ də, həmin evdədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahat verib bildirdi ki, tərəflər 2001-ci ildə faktiki nikaha daxil olmaqla evlənmişlər. Mübahisəli fərdi yaşayış evi 1999-cu ildə inşasına başlanılmışdır. 2004-cü il tarixdə ev inşası başa çatdırılmışdır və oraya köçmüşlər. Mübahisəli ev birgə cavabdehin valideynlərinin vəsaiti hesabına inşa edilmişdir. Tərəflərin nikahında doğulmuş uşaqları da, analarınnı həmin evə köçməsinə razı deyildirlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

24. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

28. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər

29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

31. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

32. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

33. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

35. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

36. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarı:

37. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

45. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

50. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2001-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Tərəflər ailə quran zaman cavabdehin atasına məxsus evə köçüb orada yaşamışlar. Daha sonra tərəflər 2006-cı ildə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarı ilə Cavabdeh və ailə üzvlərinə verilmiş Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində 1999-2000-ci illərdə inşasına başlanmış fərdi yaşayış evinə köçmülər. İddiaçı 2022-ci ilədək orada yaşamışdır.

51. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları kəsilmiş, o cümlədən iddiaçı hazırki iş üzrə mübahisəli evdə təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bunula bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir.

52. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra cavabdehin atası Allahverdiyev Məhəmmədə məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Həmçinin Şəmkir rayonu, Aşağı Seyfəli kənd İcra Nümayəndəliyi üzrə təsərüffatbaşına kitabın 686-cı səhifəsindən görünür ki, həmin səhifədə Cavabdeh təsərrüfatı qeyd edilmiş, təsərrüfatda ailə üzvləri kimi İddiaçı, Allahverdiyev Musa, Allahverdiyev Xəyal, Allahverdiyeva Xəyalə qeyd edilmiş, və təsərrüfatdakı evin 2000-ci il də inşa edilməsi qeyd edilmişdir. Müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Cavabdeh və ailə üzvlərinə, o cümlədən cavabdehin atası X4 verilmiş torpaq sahəsində X5 tərəfindən inşa edilmişdir. X3 və arvadı Nazilə Allahverdiyevanın mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının isə fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında istifadə ilə bağlı hər hansı notarial razılaşması yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin atası X7 tərəfindən və Nazilə Allahverdiyeva ilə birgə nikahda olarkən inşa edildiyindən və iddiaçı ilə mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında evdən istifadəyə dair hər hansı notarial qaydada təsdiqlənmiş razılıq olmadığından və bu baxımdan iddiaçının mübahisəli fərdi yaşaış evindən istifadə hüququ olmadığından iddi təmin edilməməli idi.

53. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 saylı mülki iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar