Məhkəmə qərarları › İş №2(104)-1438/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1438/2025

07.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1438/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 may 2025-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Tural və xx.xx.2009-cu il təvəllüdlü Zəhrəxanım adlı uşaqları doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3441/2024 nömrəli qətnaməsi ilə cavabdehlərin arasında bağlanmış nikah qeydi pozulmuşdur. Cavabdeh1 18 aprel 2008-ci ildən Azərbaycan Respublikası Silahlı qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş və 14 mart 2020-ci ildə ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixli, 08 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən kirayəyə verən- hazırki iş üzrə iddiaçı, Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcikdəki 396 nömrəli binanın 39 nömrəli mənzilində yerləşən, Müdafiə Nazirliyinin mənzil fonduna aid, ümumi sahəsi 25,30 kv.m-dən ibarət olan 1 otaqlı yaşayış sahəsini kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə kirayəçi Cavabdeh1(hazırki iş üzrə cavabdehin) sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri həyat yoldaşı Cavabdeh2, oğlu X3 və qızı X1 müəyyən edilmişdir. Cavabdeh1 27 may 2019-cu il tarixli yazılı iltizamda ona 08 nömrəli, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsi əsasında verilən 1 otaqlı, sahəsi 25,3 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsini xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq Gəncə rayon Mənzil İstismar hissəsinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xidməti mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondunun balansındadır və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin rəisi hissə rəhbərliyinə raportla müraciət edərək ünvan 2 ünvanında yerləşən xidməti mənzildə yaşayan, əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş kiçik çavuş Cavabdeh1 Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə xidməti münasibətlərinin bitdiyini və xidməti mənzili təhvil vermədiyini bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ordu sıralarında xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov X2 Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2019-cu il tarixli 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ailə üzvləri ilə birlikdə xidməti mənzillə təmin olunmuşdur. Sonradan Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-4318/2-2043/2024 nömrəli cavab məktubuna əsasən Cavabdeh1 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmə haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən təxris olunub qeydiyyata alınması məlum olmuşdur. Qanunla müəyyən olunmuş qaydada, kiçik çavuş Cavabdeh1 Silahlı Qüvvələrlə xidməti münasibətləri bitdiyi üçün ailə üzvləri ilə birlikdə xidməti mənzili boşaltması tələb olunmuş, lakin Cavabdeh1 mənzili boşaltmaqdan imtina etmişdir. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş mənzilin boşaldılması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və bu günə kimi xidməti mənzili boşaltmaqdan imtina edir. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 14 il müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçu kimi xidmət etmişdir. Xidmətinə görə mükafatlandırılmış, medal almış və xx.xx.2020-ci ildən təxris olmuşdur. Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcik, bina 396 ünvanında yerləşən 39 nömrəli mənzil xidməti ev kimi ona verilmişdir. Hazırda başqa yaşayış yeri yoxdur, o və ailəsi həmin evdə qeydiyyatdadır. Cavabdeh2 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, qızı ilə birgə mübahisəli xidməti mənzildə yaşayır, həmin xidməti mənzildən başqa yaşayış yeri yoxdur. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-1990/2025 nömrəli iş üzrə qəbul etdiyi 08 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia tələbinin təmin edilməsi, Gəncə şəhəri, 38/83 nömrəli hərbi şəhərcik, 396 nömrəli binada yerləşən 39 nömrəli, 1 otaqlı mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, Cavabdeh1 hərbi xidmətdən tərxis olunduğundan və bununla da hərbi qulluqçu statusunu itirdiyindən onunla Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilmişdir. Cavabdeh1 ilə olan qulluq münasibətlərinə və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ailə üzvü olan digər Cavabdeh2 ilə birlikdə mübahisəli mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verməlidirlər. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1, 99.2, 101.1, 101.2, 102.1, 102.2, 103.3-cü, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 3, 12, 12.2-ci, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7-5.11-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5, 3.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 119.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə mübahisəli mənzilin birgə nigah dövründə əldə edilmiş əmlak olduğunu, mənzilin cavabdehin vəsaiti hesabına yaxşılaşdırıldığını, bu halların işin mübahisəsiz hal olduğunu nəzərə almadan səhv nəticəyə gəlmişdir. İşin halları qətnamədə göstərilən nəticələrə uyğun deyil. Belə ki, mübahisəli mənzillə bağlı çəkilmiş xərclər və cavabdehin başqa yaşayış yerinin olmaması nəzərə alınmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışnını məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəlillərinə uyun izahat vermişdir. İş üzrə cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahəsinin verilməsi halları və Qaydası” Bənd. 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; .... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının ordu sıralarında xidmət etmiş cavabdeh Həsənov X2 Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 08 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ailə üzvləri ilə birlikdə xidməti mənzillə təmin olunmuşdur. Cavabdeh1 14 mart 2020-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzili boşaltması tələb olunmuş, lakin cavabdehlər xidməti mənzili boşaltmaqdan imtina etmişlər. Cavabdeh2 apellyasiya şikayətində bildirir ki, məhkəmə mübahisəli mənzilin birgə nigah dövründə əldə edilmiş əmlak olduğunu, mənzilin cavabdehin vəsaiti hesabına yaxşılaşdırıldığını və cavabdehin başqa yaşayış yerinin olmamasını nəzərə alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, mübahisəli mənzil xidməti mənzil fonduna aiddir və xüsusi mülkiyyət olan yaşayış sahəsi deyil. Belə mənzillər xüsusi mülkiyyətə verilmir, yalnız xidməti vəzifənin icrası müddətində istifadəyə ayrılır. Mənzilin nikah dövründə kirayə əsasında istifadəsi onun birgə mülkiyyət kimi tanınmasına əsas yaratmır. Cavabdeh tərəfindən edilən hər hansı təmir və yaxşılaşdırmalar mənzilin hüquqi statusunu dəyişdirmir və xidməti mənzil üzərində mülkiyyət hüququ yaratmır. Cavabdehin başqa yaşayış yerinin olmaması da mənzilin təyinatını dəyişdirmir və ailə üzvlərinə daimi yaşayış hüquq vermir. Odur ki, Məhkəmə apellyasiya şikayətinin dəlillərini də əsaslı saymır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Şəhər Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar