Məhkəmə qərarları › İş №2(104)-144/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-144/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-144/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Həsən oğluna və X3 qarşı mülki iş üzrə Açar sözlər: torpaqdan çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-86/2022 saylı mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan JN-747F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 68 saylı qərarı ilə İddiaçı Mirməmməd oğlunun, İddiaçı və X1 mülkiyyətinə Şəmkir rayonu Morul kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı №1259391 saylı Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 tam, 0,12 ha torpaq sahəsi isə X4, Cavabdeh2 və X2 ümumi birgə mülkiyyətlərinə verilmişdir.

3. İş materiallarında olan Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, JN-747F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı, İddiaçı Mirməmməd oğlunun və X1 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin hər hansı hissəsi cavabdehlər tərəfindən istifadə edilmədiyi, JN-747F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı, İddiaçı Mirməmməd oğlunun və X1 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən tövlə inşa edilmədiyi və məftil setka çəkilmədiyi, İnşa edilmiş tövlə və çəkilmiş məftil setka reyestr nömrəsi **********59-10301 saylı Çıxarış əsasında cavabdehlərə məxsus torpaq sahəsində yerləşdiyi, JN-747F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı, İddiaçı Mirməmməd oğlunun və X1 mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gələn yol cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 Həsən oğluna və X3 qarşı həyətyanı torpaq sahəsinin və küçənin zəbtdən azad edilməsi, küçədə qanunsuz tikilmiş tövlənin və küçəyə çəkilmiş məftil setkanın sökülməsi və küçəyə tökülmüş çay daşının götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 tərəfindən zəbt edilmiş həyətyanı torpaq sahəsinin və küçənin onun zəbtindən azad edilməsi, onun vəsaiti hesabına küçədə qanunsuz tikdirdiyi tövlənin, küçəyə çəkdiyi məftil setkanın söküməsi və oraya tökülmüş çaydaşının götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin 2(076)-86/2022 saylı mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-86/2022 saylı mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, məhkəmə adi bir mütəxəssis rəyinə əsaslanmaqla iddianı rədd etmişdir. Hesab edir ki, iş üzrə ekspertiza keçirilməklə işə baxılmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 17.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 18.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 25.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

30. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində deyildir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir.

31. Belə ki, apellyasiya şikayətinin dəlilləri üzrə tam, obyektiv araşdırmanın təmin edilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7583 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən və Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı və onun ailə üzvlərinə verilmiş 0.25 ha torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. 32.Kollegiya hesab edir ki, həmin ekspert rəyinin işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.

33. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

34. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7583 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğindədir.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən, Azərbaycan Respublikasının MPMin 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri iddiaçıya aid edilməli, 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384.0.1.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-86/2022 saylı mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar