Məhkəmə qərarları › İş №2(104)-1445/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1445/2024

15.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1445/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı, cavabeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin vəkili X2 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsindən cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Goranboy Rayonİcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 0*.06.2023-cü il tarixdən 3*.07.2023-cü il tarixədək 6* gün əsaslı səbəb olmadan işdə olmadığı üçün işə davamiyyətdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas müavin və baş mühasibin imzası ilə nümayəndənin təsdiq etdiyi xadimənin işdə olmadığı üçün yazılan aktlar qeyd edilmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 08 saylı 3*.07.2023-cü il tarixli əmrindən görünür ki, nümayəndəliyinin xadiməsi İddiaçı 3*.07.2023-cü il tarixində verilmiş əmrini nəzərdə tutaraq əmək məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən işdən azad edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Dövlət İdarələri və İcimai Xidmət İşçiləri X* rayon Komitəsinin *7.04.2024-cü il tarixli 08 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyindən İddiaçı işdən çıxarılması ilə bağlı Azərbaycan Dövlət İdarələri və İvimai Xidmət İşçiləri X* rayon Komitəsinə rəsmi məkub daxil olmamışdır. Həmkarlar təşkilatının razılığı olmadığı üçün əsaslandırılmış yazılı qərar işəgötürənə təqdim edilməmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyətinin *5 aprel 2024-cü il tarixli mıktubuna əlavə edilmiş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin arayışından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı işdən azad edilməsi zamanı nümayəndəlik tərəfindən Goranboy rayon Həmkarlar İttifaqına zəng edildiyi qeyd edilmişdir. Goranboy * saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında işitrak edilməməsi barədə arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxdığı müddət ərzində əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyində xadimə vəzifəsinə işə bərpa olunması və 3*.07.2023cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəmə qənaətini onunla əsaslandırılmışdır ki, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən əmək qanunverciliyinin tələblərinə əməl edilməmiş, qanunvercilikdə nəzərdə tutulan tələblərə riayət olunmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3* iyul 2023-cü il tarixli əmri qüsurlu tərtib edilmiş, işçinin işdən azad edilməsinə dair Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı norması qeyd edilməmişdir. Faktiki olaraq əmrdən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi müəyyən olunsa da, işçi İddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmuş, işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi dövrdə kollektivin ondan narazı olmuş və iddiaçı işinə ciddi yanaşmamış, xadimə işləməsinə baxmayaraq otaqların təmizliyi ilə məşğul olmamış və işə nə vaxt hansı saat ürəyi istəyəndə gəlmiş, işə gələndə isə tabelə imza çəkib getmişdir. Bundan başqa iddiaçının həyat yoldaşı təmizlik məqsədi ilə otaqların açarını istəmiş və tabelə iddiaçının əvəzindən həftəlik işə gəlməyinə imza çəkmişdir. Həmçinin iddiaçı nümayəndəlikdə vətandaşlarnan barama saxlaması üçün maarifləndirici söhbət aparılarkən nümayəndəliyin işçilərinin səsini yazdıraraq disk şəklində məhkəməyə təqdim etmişdir. Məhkəmə bu halları və məhkəməyə təqdim edilən akları və əmrləri nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həmçinin, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvercilikdə nəzərdə tutulan müddətdə müraciət edib-etməməsini araşdırmamışdır. Məhkəmə kollegiyasına apellyasiya şikayətinə dair etiraz və mülahizə daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabeh Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı iddianın verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, lakin onlar tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verilməmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçının işdən çıxarılması ilə bağlı əmr verilərkən Həmkarlar İttifaqı təşkilatının razılığı alınmasa da, telefonla onlara məlumat verilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh ondan barama almağı tələb etdiyindən, o, baramaya görə 200 manat vermiş, lakin yoldaşı Əlövsət bundan narazı qalaraq, gedib pulu geri almışdır. Bundan sonra cavabdeh onu işdən qovmuş, onu işə buraxmamışdır. O, işdən çıxarılarkən Həmkarlar İttifaqının razılığı alınmamışdır. Sədrlik edənin suallarına cavab olaraq isə bildirdi ki, o, iyun ayının *5-dək işə getmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)- 590/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar *. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin xadiməsi İddiaçı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 0*.06.2023-cü il tarixdən 3*.07.2023-cü il tarixədək 6* gün əsaslı səbəb olmadan işdə olmadığı üçün işə davamiyyətdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilmiş, əmrin verilməsi üçün əsas müavin və baş mühasibin imzası ilə nümayəndənin təsdiq etdiyi xadimənin işdə olmadığı üçün yazılan aktlar qeyd edilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin sonrakı 08 saylı 3*.07.2023-cü il tarixli əmri ilə isə, əvvəlki 07 saylı əmrə əslində izah verilmişdir ki, nümayəndəliyinin xadiməsi İddiaçı 3*.07.2023-cü il tarixində verilmiş əmrini nəzərdə tutaraq əmək məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən işdən azad edildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi dairəsi üzrə İcra nümayəndəliyinin 07 saylı 3*.07.2023-cü il tarixli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərəd tutulan əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununa uyğun olmamış, əmək müqaviləsinə xitam verilməsinin əsası, həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi və s. kimi məlumatlar göstərilməmişdir. Bundan başqa, müdriyyət Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini pozaraq, həmlkarlar ittifaqının üzvü olan İddiaçı işdən azad edilməsi üçün həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, onunla əmək müqaviləsini pozmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini göstərsə də, bu barədə birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası MM-nin 375-ci maddəsinin tələbinə uyğun olaraq, iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi üçün,məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaçının işdən çıxarılması ilə bağlı əmr verilərkən Həmkarlar İttifaqı təşkilatının razılığı alınmasa da, telefonla onlara məlumat verilməsinə dair dəlilini əsassız hesab edir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla, işçi ilə əmək müqaviləsini poza bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apllyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin *8 aprel 2024-cü il tarixli 2(045)-590/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar