Məhkəmə qərarları › İş №2(104)-1446/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1446/2024

24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1446/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi tələbinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər üçüncü şəxslər Ağstafa rayonu Dağkəsəmən Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv edilməsi» tələbinə dair ərizəsinin rədd edilməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ağstafa Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadı ilə (hakim Zamiq Rəsulov) Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin, ona əlavə edilmiş sənədlər və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılan zaman Azərbnaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Ailə vəziyyəti və səhhətilə bağlı 20 iyun 2023-cü il tarixdə Türkiyə Respublikasına getmiş və 10 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdandan sonra poçtla maraqlanmış, lakin ona göndərilmiş qətnamə tapılmamışdır. Məcbur qalıb qətnaməni ərizə əsasında 19 aprel 2024-cü il tarixdə almış və apellyasiya şikayəti verə bilmək üçün adına asan imzanı da həmin gün aktivləşdirmişdir. Qətnaməni 19 aprel 2024-cü il tarixdə aldığından qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddəti ötürməmişdir. Çünki, 13 may 2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərkən, “Elektron məhkəmə” informasiya sisteminin özündə olan forma vasitəsilə buraxılmış müddətin bərpası haqqında ərizəni də əlavə etmişdir. Bundan başqa, məhkəmə qərardadında qeyd edir ki, guya qətnamə ona 26 sentyabr 2023-cü il tarixdə rəsmi qaydada göndərilmişdir. Ancaq, həmin qətnamənin ona verilib-verilməməsini qeyd etməmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 13 may 2024cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 23 may 2024-cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinə baxılıb hüquqi qiymət verilməklə apellyasiya şikayətinin mümkünlüyü üzrə növbəti prosessual hərəkətin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(015)-8/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişdir. Birinci instansiya məhkəməsi isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötdüyünü əsas göstərməklə apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi İddiaçı Ağdam Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(013)- 1647/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə birgə həm də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə baxıb müvafiq hüquqi qiymət vermədən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötdüyünü əsas göstərməklə apellyasiya şikayətini geri qaytarmışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizəsinə baxaraq müvafiq hüquqi qiymət verməli və bunun nəticəsinə uyğun olaraq da digər zəruri prosessual həkəkətləri yerinə yetirməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinə baxılıb hüquqi qiymət verilməklə apellyasiya şikayətinin mümkünlüyü üzrə növbəti prosessual hərəkətin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.2, 399 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı tərəfindən verilmiş şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 23 may 2024-cü il tarixli 2(015)-8/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. İddiaçı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinə baxılıb hüquqi qiymət verilməklə apellyasiya şikayətinin mümkünlüyü üzrə növbəti prosessual hərəkətin yerinə yetirilməsi üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar