Məhkəmə qərarları › İş №2(104)-1447/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1447/2024

10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1447/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi və X11 qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: itirilmiş məhkəmə icraatının bərpası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X8 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1, maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil2 və ərizəçi (maraqlarına toxunan şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X30 iştirakı ilə, Ərizəçilər Ərizəçi və X11 qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli mülki işin bərpa edilməsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 342/2007 nömrəli qətnaməsindən Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 dekabr 2023-cü il tarixli, 3-16-5/8-70-A-5146/2023 nömrəli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 11 may 1992-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1992-ci ildə 447 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Kəskin qanitirmə, Döş qəfəsini dəlib keçən güllə yarası. Öldüyü yer: Tərtər rayonudur. Ölümün qeydə alındığı yer: Gəncə şəhər Qeydiyyat şöbəsidir.

2. İV-JQ, № 363067 nömrəli, 01 sentyabr 1992-ci il tarixli, Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 11 may 1992-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 avqust 1992-ci il tarixində 281 nömrə ilə qeyd edilmişdir.

3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçilərin xahişi təmin edilmiş, 04 mart 1968-ci il təvəllüdlü, 11 may 1992-ci ildə həlak olmuş X3 valideynlərinin ərizəçilər - Ərizəçi və X24 olması faktının müəyyən edilmiş hesab edilməsi qət edilmişdir.

4. 18 avqust 2020-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri Kəpəz Rayonu Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 2-342/2007 nömrəli, 18 may 2023-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edilməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1637/2023 nömrəli 31 may 2023-cü il tarixli qərardadından görünür ki, qətnamə ilə hüquq və vəzifəli toxunan AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması, AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə itirilmiş məhkəmə icraatının bərpa edilməsi üçün, Azərbaycan Respublikası MPM-ə 1 saylı əlavənin tələblərinə əməl edilməklə, ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin izah edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3223/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1637/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin 2-342/2007 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 və onun nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya sikayətinin geri qaytarılması, Maraqlı şəxs2 itirilmiş məhkəmə icraatının bərpa edilməsi üçün, Azərbaycan Respublikası MPM-ə 1 saylı əlavənin tələblərinə əməl edilməklə, ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin izah edilməsi qərara alınmışdır.

9. İ-ЖГ seriyalı, 392214 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X25 arasında nikah xx.xx.1976-cı il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir.

10. AZ-İ seriyalı, 851414 nömrəli, 29 yanvar 2018-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 25 yanvar 2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 yanvar 2018-ci il tarixində 06 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qida borusunun bədxassəli yeni törəməsi qeyd edilmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin 6(125)-13/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, Gəncə şəhər Prokurorluğunun müstəntiqi, İl dərəcəli hüquqşünas Rəşad Qasımovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarının qanuni hesab edilməsi qərara alınmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2133/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 nömrəli qətnaməsindən iddiaçı Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 nömrəli qətnaməsinin iddiaçı Maraqlı şəxs2 münasibətdə iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddia həmin hissədə qismən təmin edilməsi, cavabdeh Ərizəçi mənəvi zərər məbləği qismində 5000 (beş min) manat alınaraq, iddiaçı Maraqlı şəxs2 ödənilməsi və cavabdeh Ərizəçi 100 (yüz) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri Nizami Rayon Qeydiyyat 2022-ci il tarixli, 05/Q-2662 nömrəli Azərbaycan Respublikasının şöbəsinin 18 noyabr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialına ünvanlanmış məktubunda bildirilmişdir ki, Gəncə şəhər Qeydiyyat şöbəsinin arxivində X3 doğum haqqında akt qeydi aşkar olunmamışdır.

14. AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 23 mart 1968-ci il tarixində Qazax rayonu Ağstafa şəhərində doğulmuşdur. Valideynləri anası: X13r.

15. AZ-İl seriyalı, 588444 nömrəli “səkkiz illik təhsil haqqında” şəhadətnamənin surətindən görünür ki, X23 Bakı şəhəri, Şaumyan rayonu, 165 nömrəli orta məktəbində oxumuş və 1983-cü ildə səkkizinci sinfi “kafi” davranış və qiymətlərlə bitirmişdir.

16. İV-ЖГ seriyalı, 456806 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X14 arasında nikah 22 sentyabr 1990-cı il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Abbasov”, arvada “Abbasova” soyadı verilmişdir.

17. XVİ-ЖГ seriyalı, 256106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 03 iyun 1991-ci il tarixində doğulmuşdur. Valideynləri atası: X23, anası: X9r.

18. 004019 nömrəli Mingəçevir (rayon) şəhər Əhalisinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, X5 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər bölməsi tərəfindən verilmiş 311 nömrəli arayışın surətindən görünür ki, Maraqlı şəxs2 mərhum oğlu xx.xx.1968-ci il təvəllüdlü kiçik çavuş - X23 həqiqətən xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyaları zamanı şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1992-ci il tarixdən X23 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Əsas: N nömrəli hərbi hissənin arayışı. Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci tarixli, İV-JQ, № 363067 nömrəli ölüm haqqında şəhadətnamə.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

20. Ərizəçi (maraqlarına toxunan şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı “itirilmiş məhkəmə icraatının bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsini xahiş etmişdir.

21. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktub ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Qeyd edilən qətnamə maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İşin faktiki hallarına əsasən, ərizəçilər X24 və X16 “qohumluq münasibətində olma faktının müəyyən edilməsi” tələbi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, işə baxılan zaman ərizəçi X16 öz izahatında 1967-ci ildə X24 ilə ailə qurduğunu, bir müddət Sank-Peterburq şəhərində yaşadığını və Ruslan adlı oğlunun da orada doğulduğunu bildirmişdir. Ruslanın 3 yaşı olanda Gəncə şəhərinə qayıtmışlar. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə Ruslan şəhid olmuşdur. Eyni zamanda ərizəçi Ruslanın doğum haqqında şəhadətnaməsinin itdiyini qeyd etmişdir. Ərizəçi həmin faktın müəyyən edilməsinin şəhid ailələrinə verilən sosil müavinətdən istifadə etmək üçün lazım olduğunu bildirmişdir. Digər ərizəçi X24 arvadı X6 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş ərizəçilərin uşaqları X17, X4 və X7 oxşar məzmunlu ifadələr verərək Ruslanın onların qardaşı olduğunu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğunu təsdiq etmişdirlər. Nəticə etibarilə, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş və ərizəçilərin X3 valideynləri olması faktı müəyyən edilmişdir. Məhkəmə sözügedən qətnaməni qəbul edərkən məhkəmə araşdırmasının tam, hərtərəfli, obyektiv aparılmasını təmin etməmiş, iş üzrə kifayət qədər araşdırma aparılmamışdır. Belə ki, ərizəçi həmin faktın müəyyən edilməsinin şəhid ailələrinə verilən sosial müavinətdən istifadə etmək üçün lazım olduğunu bildirsə də maraqlı şəxs qismində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməmişdir. Sözügedən iş üzrə Gəncə şəhər prokurorluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 537-C-22 nömrəli məktubuna əsasən, Bakı şəhər sakini X20 ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək atası xx.xx.1968-ci il təvəllüdlü İ Qarabağ müharibəsində Marquşan istiqamətində şəhid olmuş, hazırda Mingəçevir şəhər qəbiristanlığında rəmzi qəbri olan X15 Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında da eyni fotoşəkil ilə, lakin başqa doğum tarixi və başqa soyad ilə atasına məxsus qəbri olduğunu bildirilmişdir. Azərbaycan Respublikası Ba. Prokurorluğunun məktubu əsasında, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində izahatı alınmış, Ərizəçi xx.xx.2022-ci il tarixli yazılı izahatında bildirmişdir ki, X12 onun öz oğlu deyildir, Ruslan 05 (beş) aylıq olarkən ana nənəsi Ruslanı polis əməkdaşı ilə birlikdə gətirib onlara qoyub getmişdir. Faktın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış sorğuya xx.xx.2022-ci il tarixli 05/Q-2662 nömrəli cavab məktubuna əsasən Gəncə şəhər qeydiyyat şöbəsinin arxivində X3 doğum haqqında aktın aşkar olunmadığı bildirilmişdir. Ərizəçi X1 Gəncə şəhəri, Kəpəz rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixdə şəhid ailəsi üçün prezident təqaüdü təyin edilərkən şəhidin doğum haqqında şəhadətnaməsi barədə sənəd işə əlavə olunmamışdır. Həmçinin məhkəmə doğum haqqında faktı təsdiq edərkən artıq X18 Qazax rayonu Ağstafa şəhəri soveti tərəfindən xx.xx.1968-ci il tarixdə ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X23 ilə X3 eyni şəxs olması barədə kifayət qədər sübutlar mövcuddur. Belə ki, hər iki şəxsi ölüm tarixinin eyni olması, hər ikisi eyni tarixdə şəhid olması, qəbir daşlarında eyni şəxsə məxsus şəklin olması və.s. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X2 rayonu, Ağstafa şəhəri soveti tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1968-ci il tarixdə Ağstafa şəhərində doğulmuş, doğum haqqında şəhadətnamədə ata qrafasında qeyd aparılmamış, ana qrafasında X21 qeyd olunmuşdur. Mingəçevir şəhər WAQ şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş İV-JQ 36306 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X23 xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2- 342/2007 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qətnamədən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə maraqlarına toxunulan şəxs tərəfindən şikayət verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-342/2007 nömrəli qərardadına əsasən, apellyasiya şikayətləri qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab olunaraq baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1637/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qeyri-mümkün hesab olunaraq geri qaytarılmışdır. Belə ki, məhkəmə qərardadında mübahisələndirilən qətnamənin məhv edildiyini və bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edildiyini bildirmişdir. Sözügedən hal inzibati orqana məlum olmadığından apellyasiya şikayətti ilə birlikdə itrilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Eyni zamanda Gəncə Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə qətnaməni rəsmi qaydada təqdim edərkən mübahisələndirilən qətnamənin ləğv edildiyini bildirməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1637/2023 nömrəli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3223/2023 nömrəli qərardadı ilə kassasiya şikayətləri təmin edilməmişdir. Belə ki, ərizəçi Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsindən istifadə etməklə xx.xx.2007-ci il tarixdən şəhidin anası kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsindən və qanunvericilikdə nəzərdə tutulan digər imtiyazlardan faydalanmışdır.

22. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), ərizənin təmin olunması, ərizəçilər Ərizəçi və X11 qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 2-342/2007 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırki qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən edilməsi qət edilmişdir.

23. Məhkəmə həmin nəticəyə “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavənin 2, 3, 10 və 15-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

24. Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırki qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş mətnin eyni olmasını məhkəmə icraatının bərpasını hansı əsasla müəyyən etməsinə dair dəlillər göstərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi (maraqlarına toxunan şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X38 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. İş üzrə ərizəçilər Ərizəçi, X24 və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

38. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavənin

41. Bənd 1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.

42. Bənd 2. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır.

43. Bənd 3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir.

44. Bənd 10. İtirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir.

45. Bənd 15. İtirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir.

Apellyasiya baxışının hədləri

46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsi ilə, ərizəçilər xahişi təmin edilmiş, 04 mart 1968-ci il təvəllüdlü, 11 may 1992-ci ildə həlak olmuş X3 valideynlərinin ərizəçilər - Ərizəçi və X24 olması faktının müəyyən edilmiş hesab edilməsi qət edilmişdir. Ərizəçi (maraqlarına toxunan şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı qeyd olunan, yəni Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizə ilə müraciət etmişdir. Müraciətin səbəbi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi məqsədi daşıdığını, belə ki, X23 ilə X3 eyni şəxs olması barədə kifayət qədər sübutların olması və qətnamədən ərizəçilərin əsassız olaraq, şəhid ailələrinə verilən güzəştlərdən istifadə etdiklərini qeyd edir. Həmçinin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, 15 mart 2007-ci il tarixli qətnaməsindən ərizəçi (maraqlarına toxunan şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti vermiş, şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və hüququ olan şəxs tərəfindən verilmiş hesab edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1637/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 nömrəli qətnaməsi üzrə icraatda olmuş mülki iş Gəncə səhəri Kəpəz Rayon Məhkəməsində akt əsasında yaradılan komissiya tərəfindən saxlama müddəti bitdiyi üçün məhv edilmiş və bu barədə xx.xx.2020ci il tarixli akt tərtib edilmiş, həmçinin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-342/2007 d nömrəli qətnaməsi kserosurətdir. Məhkəmə Kollegiyası bu konteksdə AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə itirilmiş məhkəmə icraatının bərpa edilməsi üçün, Azərbaycan Respublikası MPMə 1 saylı əlavənin tələblərinə əməl edilməklə, ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsinin izah edilməsini qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3223/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1637/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ərizəçi daha sonra itirilmiş məhkəmə icraatının bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

54. Belə ki, mülki prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına görə işə ərizəçinin ərizəsində qeyd etdiyi xüsusatların araşdırılması üçün ilk olaraq işin özünün mövcudluğu ilə şərtləndirilir (42-44&).

55. Hazırda müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 mart 2007-ci il tarixli qətnaməsinin qəbulu üçün əsas olmuş 2-342/2007 nömrəli mülki iş məhv edilmişdir.

56. Buna görə də birinci instansiya məhkəməsi ərizəçinin ərizəsinə qiymət verilməsi və həmin xüsusatların araşdırılması üçün müvafiq icraatın bərpa olunmasına zərurət görmüşdür. Eyni zamanda, ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavə də göstərilən şərtlərin mövcud olduğunu müəyyən etmişdir.

57. Məkhəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, işin hallarında qeyd olunmuş sübutlar əvvəlki məhv olunmuş materialda olan sübutlarla eynilik təşkil edir və işə baxılarkən həmin sübutlar əsasında qətnamə qəbul olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq ərizə təmin edilmişdir.

58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

62. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

63. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-342/2007 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar