Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1458/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(040)-177/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1975-cı ildə Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlamış, əmək kitabçasında 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləməsi qeyd olunmuşdur. (6-9 nömrələr altında olan qeydlər imza və möhürlə təsdiq edilməmişdir.)
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinin müdirinin Ərizəçi ünvanlanmış 05 yanvar 2023-cü il tarixli 01 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 02-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyinə görə, Kəlbəcər rayon idarə, müəssisə, təşkilatlarının, eləcə də kolxoz və sovxozların bütün sənədləri işğal zonasında qalmışdır. Kəlbəcər Rayon Dövlət Arxivində heç bir sənəd olmadığına görə hər hansı bir hüquqi sənəd verilməsi imkan xaricindədir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Şərqi Zəngəzur regional filialı tərəfindən 05 yanvar 2023-cü il tarixdə verilmiş **********4 nömrəli arayışdan görünür ki, Ərizəçi DSMF X12 Şərqi Zəngəzur regional filialında Pensiya Alt sistemində və Sosial ödənişlər Alt sistemində olan məlumatlara əsasən heç bir növdə əmək pensiyası, sosial müavinət, təqaüd və kompensasiya almır.
4. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X4 1976cı ildə Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlamış, o cümlədən 01 oktyabr 1981-ci il tarixdən 01 fevral 1982-ci il tarixdək Azərbaycan Kitabsevərlər Cəmiyyətinin Kəlbəcər rayon şöbəsində məsul katib, 01 fevral 1982-ci il tarixdən 20 dekabr 1986-cı il tarixdək Azərbaycan LKGİ-nin Kəlbəcər rayon komitəsində ikinci katib vəzifəsində, 24 oktyabr 1986-cı il tarixdən 02 may 1991-ci il tarixədək Azərbaycan Kommunist Partiyasinin Kəlbəcər rayon komitəsində təlimatçı, təşkilat şöbəsi müdirinin müavini və partiya təşkilatçısı vəzifələrində işləmişdir.
5. АЗЕ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X9 25 sentyabr 1977-ci il tarixdən 03 iyul 1978-ci il tarixdək Kəlbəcər rayonundakı Jdanov adına kolxozun üzvü olmuş və ali məktəbə oxumağa getməsi ilə bağlı 03 iyul 1978-ci il tarixdə kolxoz üzvlüyündən azad edilmiş, 15 sentyabr 1983-cü il tarixdən 28 oktyabr 1986-cı il tarixdək Jdanov adına kolxozda zootexnik, 28 oktyabr 1986-cı il tarixdən 12 dekabr 1986-cı il tarixdək Jdanov adına kolxoz komsomol komitəsinin katibi, 12 dekabr 1986-cı il tarixdən 10 iyul 1991-ci il tarixdək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində Təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.
6. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X7 01 avqust 1973-cü il tarixdən 01 noyabr 1976-cı il tarixdək və 10 dekabr 1978-ci il tarixdən 07 aprel 1980-ci il tarixdək Kəlbəcər rayonundakı Həzi Aslanov adına kolxozda kolxozçu, 07 aprel 1980-ci il tarixdən 01 dekabr 1981-ci il tarixdək həmin kolxozda iqtisadçı, 01 dekabr 1981-ci il tarixdən 30 iyun 1984-cü il tarixdək H.Aslanov adına kolxozda komsomol komitəsinin katibi, 01 iyul 1984-cü il tarixdən 20 noyabr 1988-ci il tarixdək H.Aslanov adına kolxozda baş mühasib və mühasib müavini, 01 dekabr 1988-ci il tarixdən 25 yanvar 1992-ci il tarixdək Kəlbəcər Rayon Statistika İdarəsində iqtisadçı, böyük iqtisadçı, baş iqtisadçı, şöbə rəisi vəzfələrində işləmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi ilə Kəlbəcər Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun 01 oktyabr 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək Kəlbəcər rayon Təmir-tikinti sahəsində fəhlə, 01 dekabr 1981-ci il tarixdən 28 yanvar 1982-ci il tarixdək Kalinin adına kolxozda mühəndis-elektrik, 28 yanvar 1982-ci il tarixdən 06 iyun 1988-ci il tarixdək Azərbaycan LKGİ-nin Kəlbəcər rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1993-cü il tarixdək isə Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində şöbə müdiri vəzifələrində işləməsinə dair faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək Kəlbəcər rayon Təmir-tikinti sahəsində fəhlə işləmişdir. 01 sentyabr 1976-cı il tarixdən 01 dekabr 1981-ci il tarixdək X5 İnstitutunda təhsil almışdır. 01 dekabr 1981-ci il tarixdən 28 yanvar 1982-ci il tarixdək Kəlbəcər rayonundakı Kalinin adına kolxozda mühəndis-elektrik, 28 yanvar 1982-ci il tarixdən 06 iyun 1988-ci il tarixdək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən isə Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində şöbə müdiri vəzifəsində işləmişdir. Pensiya təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinə müraciət edərək əmək kitabçasını təqdim etmişdir. Lakin Dövlət Sosial X6 rayon şöbəsindən ona bildirmişlər ki, Kəlbəcər rayonu vaxtilə işğal olunduğuna görə iş stajını yerində yoxlamaq mümkün deyildir. Ona görə də iş stajı faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşlədiyi təşkilatlarda onunla bərabər onlarla şəxs işləmiş və onlar məhkəmədə bu faktı təsdiq edə bilərlər.
9. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixdək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixdək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
10. Kəlbəcər Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(040)-177/2023 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) ərizə təmin edilərək, xx xxxx 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılışlı kəndində doğulmuş Ərizəçi 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci ildən 10 aprel 1991-ci ilədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləməsi faktı müəyyən edilməsi qət olunmuşdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 88, 217.2, 217.4, 218, 216-227, 305.1.1, 308 maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21, 23 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, ərizəçinin 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixdək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-Kəndli gənclər şöbəsinin müdiri vəzifəsində işləməsi barədə əmək kitabçasında qeydlər mövcuddur. Bu səbəbdən ərizəçinin əmək kitabçasının mötəbərliyinə inzibati icraatda qiymət verilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahidlərin təqdim etdiyi əmək kitabçalarının təsdiq edilmiş surətindən görünür ki, onların Azərbaycan X11 İttifaqında işlədiyi illərlə ərizəçinin ərizəsində mübahisələndirdiyi illər yalnız müəyyən hissəsi üstüstdə düşür. Belə ki, ərizəçinin 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək və 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixdək Azərbaycan X11 İttifaqında işlədiyi dövrlərin hər birinin ayrı- ayrılıqda iki fərqli şahidlə təsdiqlənməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Burada mübahisələndirilən dövrlərin hər biri eyni şahid ifadələrinə əsasən müəyyən olunmalıdır. Belə ki, iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edildiyi üçün hazırki mülki is üzrə stajın şahid ifadələri əsasında müəyyən olunması əsassızdır. Halbu ki, ərizəçi əmək kitabçasının olmadığı təqdirdə həmin illəri məhkəmə qaydasında təsdiqlədə bilərdir. Lakin ərizəçinin əmək kitabçasının mövcud olduğunu və əmək kitabçasında Azərbaycan X11 İttifaqında işlədiyi dövrlər barədə qeydlər olduğunu nəzərə alaraq ərizənin əsassız olaraq təmin edilməsi qənaətinə gəlmək olar. Ərizəçinin əmək kitabçasında məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair qeydlər aparılmışdır. Həmçinin ərizəçi ilə birgə işləyən şahidlərin əmək kitabçasında müvafiq qeydlər aparıldığı halda ərizəçinin əmək kitabçasında aparılmış qeydlərin möhür və imzasında problem olması isə mötəbər sübutlarla əsaslandırılmır. Beləliklə iş stajının təsdiq olunması üçün:ən azı iki nəfər şahid olmalı;Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən biri Azərbaycan X11 İttifaqında 01 fevral 1982-ci ildən 20 dekabr 1986-ci ilədək , digəri isə 12 dekabr 1986-ci ildən 16 iyul 1991-ci il tarixədək işləmişdir. 3-cü şahidin isə ümumiyyətlə sözügedən idarədə işləməsi barədə əmək kitabçasında heç bir qeyd yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və əriəznin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, ərizənin məzmununa uyğun izahat vermiş, sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Maddə 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1-ci bəndlərindən görünür ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2) seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 17-ci bəndindən görünür ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Həmin Qərarın 13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. 305.1.1 Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
27. 306 Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
28. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxx 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılışlı kəndində doğulmuş Ərizəçi 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci ildən 10 aprel 1991ci ilədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləməsi faktı müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
34. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Ərizəçi 1975-cı ildə Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlamış, 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləmişdir. İşin qeyd edilən halı ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunmuş, lakin həmin qeydlər imza və möhürlə təsdiq edilməmişdir. Belə olan halda kolelgiyası hesab edir ki, ərizəçi xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Əgər ərizəçiyə məxsus əmək kitabçasında 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləməsinə dair qeydlər olmasaydı, bu halda işə xüsusi icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olardı.
37. Ərizəçinin tələbinə münasibətdə kollegiya tələbin qanuni və əsaslı olduğunu qeyd edir. Belə ki, Ərizəçi 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləməsi şahid ifadələri ilə təsdiq olunmuşdur.
38. Apellyasiya şikayətinin ərizəçinin 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixdək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-Kəndli gənclər şöbəsinin müdiri vəzifəsində işləməsi barədə əmək kitabçasında qeydlər mövcuddur və bu səbəbdən ərizəçinin əmək kitabçasının mötəbərliyinə inzibati icraatda qiymət verilməlidir dəlilini kollegiya əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi ərizəçinin əmək kitabçasında qeyd olunan illər yazılsada, lakin həmin qeydlər təşkilatin möhürü ilə təsdiq olunmamış və səlahiyyəti olan şəxs tərəfindən imzalanmamışdır. Belə olan təqdirdə ərizəçinin müraciəti əsasında ona həmin illər üzrə pensiya təyin olunması heçdə uğurlu nəticələnə bilməzdi. Hüquqi əhəmiyyət kəsb edən bu hal yalnız xüsusi icraat qaydasında məhkəmədə baxılıb təsdiq olunduqdan sonra ərizəçiyə həmin illər üzrə pensiya hesablanması mümkündür. Apellyasiya şikayətinin məhkəmə iclasında iştirak etmiş şahidlərin Azərbaycan X11 İttifaqında işlədiyi illərlə ərizəçinin ərizəsində mübahisələndirdiyi illər yalnız müəyyən hissəsi üst-üstdə düşdüyündən şahid ifadələrinə istinadən faktin təsdiq olunmasının yolverilməməzliyi dəlilini də kollegiya əsassız hesab edir. Belə ki. mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüququ marağı olmasada, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Şahid qismində ifadə verən X4, X9 və X10 işin halları barədə məlumatı olan şəxslərdir. X4 01 fevral 1982-ci il tarixdən 20 dekabr 1986-cı il tarixdək Azərbaycan LKGİ-nin Kəlbəcər rayon komitəsində ikinci katib vəzifəsində, 24 oktyabr 1986-cı il tarixdən 02 may 1991-ci il tarixədək Azərbaycan Kommunist Partiyasinin Kəlbəcər rayon komitəsində təlimatçı, təşkilat şöbəsi müdirinin müavini və partiya təşkilatçısı vəzifələrində, X9 28 oktyabr 1986-cı il tarixdən 12 dekabr 1986-cı il tarixdək Jdanov adına kolxoz komsomol komitəsinin katibi, 12 dekabr 1986-cı il tarixdən 10 iyul 1991-ci il tarixdək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində Təşkilat şöbəsinin müdiri vəzifəsində, X7 01 dekabr 1981-ci il tarixdən 30 iyun 1984-cü il tarixdək H.Aslanov adına kolxozda komsomol komitəsinin katibi vəzfəsində işləmişdir. Göründüyü kimi Ərizəçila bu iş üzrə şahid qismində dindirilmiş şəxslər müəyyən dövrlərdə onunla birlikdə Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində işləmişdir. Adları qeyd olunan şahidlərin ərizəçi ilə eyni vaxta həmin təşkilatda işə girməməsi Ərizəçi 28 yanvar 1982-ci il tarixdən 01 iyun 1988-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsində təlimatçı, 01 iyun 1988-ci il tarixdən 10 aprel 1991-ci il tarixədək Azərbaycan Lenin Kommunist X3 rayon komitəsinin Fəhlə-kəndli gənclər şöbəsinin müdiri vəzifələrində işləməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şahid ifadələrini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. 38 Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(040)-177/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.