Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1471/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və üçüncü şəxs X3 ASC-yə qarşı “xx.xx.2024-ci il tarixli, №8İ-14828 icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(021)-284/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM Əsas Kredit və X1 müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı2 300 000 (üç yüz min) manat məbləğində, 120 ay müddətinə, xx.xx.2034-cü il tarixinədək müddət ərzində həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı2 24 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 17% ödəmək şərtilə 50000 (əlli min ) manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İpoteka müqaviləsindən görünür ki, "xxxx" KB ASC, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixli, 125micBRD/24-EM saylı Əsas Kredit Müqaviləsinin təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04-10301 saylı reyestr, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixində qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimi çıxış edən ünvan 1 ünvanında yerləşən 0.0431 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 21 saylı Fərdiyaşayış evi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0,0431 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 152 kv.m olan fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 məxsus olan ünvan 2 ünvanında 0,0431 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 152 kv.m olan fərdi yaşayış evi "xxxx" KB ASC –nin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli İcra Qeydinin surətindən görünür ki, Unibank KB ASC-nin tələbi ilə ipoteka qoyan Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanında qeydiyyatda olan İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə rayonu Gəncə küçəsi 6 ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 125micBRD/24 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 50000 AZN əsas borc, 2861,75 AZN faiz borcu, 396,07 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 53257,82 AZN təşkil etmişdir). Həmçinin qeyd olunmuşdur ki, İddiaçı2 25 manat dövlət rüsumu olmaqla 53282,82 manat pul tutulsun. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı2 Unibank KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda “Notariat haqqında” Azərnbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notairus tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Vaqif küçəsi ev 135 ünvanına İddiaçı2 ünvanlanmış poçt göndərişləri xx.xx.2024-cü il tarixində “qapı bağlıdır”qeydi aparılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı1 Unibank KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda “Notariat haqqında” Azərnbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyinn icrasını təmin etmək üçen yaranmış borc məbləği və verilməli əmlak barəsində notairus tərəfindən icra qeydi aoarılacağı barədə xəbərdarlıq edilmişdir. Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanına İddiaçı1 ünvanlanmış poçt göndərişləri xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı1 Unibank KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 21 gün müdətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan Bərdə rayon Gəncə küçəsi ev 21-ə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə prosedurun başlayacağı barədə xəbərdarlıq edilmişdir. Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanına İddiaçı1 ünvanlanmış poçt göndərişləri xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli İcra Qeydi üzrə icraata başlanılmışdır. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini belə əsaslandırmışdır ki, Bərdə Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra Qeydi ilə 125micBRD/24 saylı əlavə kredit müqaviləsinə əsasən ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə şəhəri, Gəncə küçəsi 6, ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə əmlaka tutma yönəldilmişdir. Hesab edir ki, Bərdə Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli İcra Qeydi ləğv edilməlidir. Bele ki, maddi vəziyyəti ilə əlaqədar ödənişləri gecikdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat» in 164-cü bəndinə əsasən icra qeydində ödəniləsi məbləğ, əsas borc, faiz borcu və penya məbləği ayrı-ayrılıqda göstərilməli və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə olan məlumatlar əks olunmalıdır. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İcra qeydində İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə şəhəri, Gəncə küçəsi 6, ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə Əmlaka tutma yönəldilməsi qeyd edilsə də, ilkin satış qiyməti göstərilməmişdir. Göründüyü kimi Notariat Ofisi tərəfindən qeyd olunan icra qeydi verilərkən yuxarıda qeyd olunan Təlimatın tələbləri pozulmuş, Telimatın tələbinə uyğun olaraq göstərilməsi mecburi olan məlumatlar İcra Qeydində tam olaraq göstərilməmişdir. Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(021)-284/2025 nömrəli qətnaməsi ilə (hakim F.Abdullayev) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 164-cü maddəsi, Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 448.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” barədə qərarın müvafiq bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə icra qeydi əsasında ondadn tutulan əsas borc və faizlərin məbləğini mübahisə etmək imkanından məhrum olunmağına, həmçinin ipoteka predmetinin dəyərinin müəyyən edilməməsinə əhəmiyyət verməmişdir. Bank tərəfindən borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə ümumi qaydada müraciət ediləcəyi halda tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə vəsatət veriləcəkdir. Hazırki vəziyyətdə isə hüquqları məhdudlaşdırıldığından ipoteka qoyduğu evinin dəyərinin müəyyən edilməsi üçün vəsatət verə bilmir. Bundan başqa, bildirir ki, Banka olan borcunun ödənilməsi üçün əlindən gələni edir. Artıq 6.000 manatdan artıq kredit ödəmişdir. Ödənişlərini davam etdirir. Qısa zamanda ödənişlərini qrafikə salacaq. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Qiymətləndirilən əmlakın bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə kollegiyası tərəfindən Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında iştirak etməməyini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş edib. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Qanun Maddə 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: Maddə 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM Əsas Kredit və X1 müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən İddiaçı2 120 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi çərçivəsində xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsi bağlayaraq İddiaçı2 24 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 17% ödəmək şərtilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2024- cü il tarixli 125micBRD/24 saylı Zaminlik müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2024 - cü il tarixli 125micBRD/24-EM saylı Əsas Kredit Müqaviləsinin təminatı olaraq xx.xx.2024-cü il tarixli İpoteka Müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0431 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 21 saylı Fərdi-yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Unibank KB ASC tərəfindən İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixli bildirişlər göndərilərək, xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıqlar edilmişdir. Həmin bildirişlər Sürətli Poçt Xidməti tərəfindən İddiaçı1 xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İddiaçı1 tərəfindən 20 gün müddətində mübahisələndirilmədiyindən Unibank KB ASC-nin tələbi ilə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli İcra Qeydinə əsasən ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. İddiaçılar qeyd olunan icra qeydinin qanunazidd olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli İcra Qeydində ödəniləsi məbləğ, əsas borc, faiz borcu və penya məbləği göstərilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat» in 164-cü bəndinə əsasən icra qeydlərində özündə ipoteka predmetinin satış qiymətinin əks etdirməsi göstərilməmişdir. Məkkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsasən hesab edib ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və üçüncü şəxs X3 ASC-yə qarşı “xx.xx.2024-ci il tarixli, №8İ-14828 icra qeydinin ləğv edilməsi” tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məlumdur ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Cavabdeh isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Çünki, iddiaçı Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xx.xx.2024-ci il tarixli, №8İ- 14828 nömrəli İcra Qeydinin ləğv edilməsini tələb edir. Bir sözlə, iddia üzrə cavabdeh qismində göstərilən Cavabdeh mübahisəli hüquq münasibətinin subyekti olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab edilə bilməz. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır. İddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(021)-284/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.