Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1474/2025 11.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏTNAMƏ GƏNCƏ APELYASİYA MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ Gəncə şəhəri İş № 2(104)-1474/2025 11 dekabr 2025-ci il Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və evə köçmə” tələbinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1425/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 və X4 15 mart 2001-ci il tarixdə nikaha daxil olmuşlar. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 05 yanvar 2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Azəriqaz İB ilə İddiaçı arasında qazın alqısatqısınna dair müqavilə bağlanılmışdır. “Yaşayış evlərində, ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan təhlükəsiz istifadə Qaydaları”ndan görünür ki, İddiaçı həmin qaydalar ilə tanış olduğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”ndən görünür ki, Enerji Satış Departamenti ilə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanılmışdır. 21859 nömrəli Sayğacın təhvil aktından görünür ki, xx.xx.2009-cu il tarixli ********** nömrəli sayğac və U00204200 nömrəli kart xx.xx.2021-ci il tarixdə İddiaçı təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli1754 nömrəli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Arayışdan görünür ki, Ağdam rayonu Soltanlıq kəndində qeydiyyatda olan İddiaçı ondan ötrü ki, o, hal-hazırda Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD-s üzrə İcra Nümayəndəliyinin Kələntərli (qəsəbəsi) kəndində yaşayır. Qeyd: Kələntərli qəsəbəsində olan yaşayış evi İddiaçı məxsusdur. Arayış Bərdə RPŞ-nə təqdim etmək üçün verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh əmlakı ilə birlikdə çıxarılmasına və onun həmin evə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bərdə rayon Kələntərli qəsəbəsində xüsusi mülkiyyətində olan fərdi yaşayış evi var. Hazırda həmin fərdi yaşayış evi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt olunmuşdur. Belə ki, iddiaçının həyat yoldaşı X2 rayonundan məcburi köçkün kimi Bərdə rayonuna gəldikdən sonra Bərdə rayon Kələntərli qəsəbəsində bir neçə sotdan olan torpaq sahəsində 1998-ci il tarixdə 1 otaqlı balaca bir fərdi yaşayış evi tikmişdir. Daha sonra onlar 2001-ci ildə rəsmi olaraq ailə qurub həmin bir otaqlı evdə yaşadıqları zaman həmin evin otaqlarını artıraraq evi üç otaqlı etmişlər və uzun illər orada yaşamışlar. X7 05 yanvar 2021-ci il tarixdə vəfat etdikdən sonra o, övladının olmadığından bir müddət həyat yoldaşının qardaşı oğlu ilə birlikdə həmin evdə yaşamışdır. 2023-cü ilin əvvələrində o, xəstələndiyindən qaynı oğlu onu öz evinə baxmaq üçün aparıb. Daha sonra ona öz evində baxacağını bildirmiş və onu evinə göndərməmiş. O, evin boş qalmaması üçün evi kirayə müqaviləsi olmadan ailə olan birinə vermək qərarına gəlmişdir. 2023-cü il tarixdən Cavabdeh onun evində qalmaq istədiyini bildirərək ona müraciət etmişdir. O da aralarında razılıq əsasında müvəqqəti olaraq cavabdehin yaşaması üçün evini aylıq 100 manata kirayəyə vermişdir. Cavabdeh 2023-cü ilin iyun ayından onun evində yaşayır. 2024-cü ilin iyul ayında o, evinə qayıtmaq istədiyi üçün Cavabdeh evindən çıxmasını bildirmişdir. Cavabdeh ilk öncə evdən çıxacağını bildirsə də, sonradan evdən çıxmaqdan imtina etmişdir. 2024-cü ilin avqust ayında o, bir daha cavabdehə evindən çıxmasını bildirsə də, cavabdeh onunla dalaşmış, onu təhqir etmiş və barələrində polis şöbəsinə şikayət etmişdir. 2024-cü ilin oktyabr ayından cavabdeh onun evində ödəniş etmədən qanunsuz olaraq qalır. Cavabdehin qaldığı fərdi yaşayış evin işıq və qaz sayğacları rəsmi olaraq iddiaçının adınadır. Cavabdeh onun evindən çıxmadığı üçün o, evin qazını və işığını dayandırmaq istəmir. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Bunun üçün cavabdehin Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxmasını və özünün həmin evə köçməyini istəyir. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən onun əmlakı ilə birlikdə çıxarılmasına və iddiaçının həmin evə köçürülmə tələbinə dair iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətçi olmadığını, həmin evin ona məxsus olmadığını, fərdi yaşayış evinin bələdiyyənin mülkiyyətində olduğunu, özünün şəhid qızı olduğunu, 8 ay erməni əsirliyində olduğunu bildirmiş və ona dövlət tərəfindən ev verildiyi təqdirdə yaşadığı fərdi yaşayış evini bələdiyyəyə təhvil verəcəkdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1425/2025 saylı qətnaməsi ilə (hakim B.Məhərrəmov) iddianın təmin edilməsi, Cavabdeh ona məxsus əmlakla birlikdə Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhrum ərinin fərdi yaşayış evinin tikilməsi, iddiaçının birgə nikah dövründə evin sahəsinin genişləndirilməsi, yəni həmin evə maliyyə vəsaitlərin və əməyin sərf edilməsi iddiaçının həmin evin faktik sahibinin olmasının göstəricisidir. Məhkəmə hesab edir ki, özbaşına tikiliyə mülkiyyət hüququ tanınmasa da, onun inşasına faktiki sərf olunmuş əmlak mülki hüquq tərəfindən qorunur. Avropa Məhkəməsinin yanaşmasına görə də, özbaşına tikililərin sökülməsi zamanı kompensasiyanın ödənilməməsi 1 saylı protokolun 1-ci maddəsinin – mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə iddiaçının həmin özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı legitim gözləntisinin olduğu qənaətinə gəlir. Belə ki, Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etdiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saginadze Gürcüstana qarşı, 18768/05, §103). İddiaçının fərdi yaşayış evi ilə davamlı əlaqə xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, xx.xx.2021ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin İddiaçı ilə bağlanılmasında, həmçinin “xx.xx.2024-cü il tarixli1754 nömrəli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Arayış”da öz əksini tapır. Avropa Məhkəməsi özbaşına tikiliyə bütün kommunikasiya xətlərinin (işıq, qaz, su, telefon və s.) çəkilməsini və vətəndaşın uzun müddət ərzində orada yaşayıb kommunal ödənişlər etməsini, dövlət tərəfindən de-fakto Konvensiyanın 8-ci maddəsində qeyd olunan mənzil (yaşayış yeri) hüququnun tanınmasının əsası kimi qiymətləndirilir (Nafornita Moldova Respublikasına qarşı, 49066/12, §30,39,41). Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh İddiaçı özbaşına tikiliyə mülkiyyət hüququnun olmaması səbəbinə görə iddiaçının evindən çıxmaqdan imtina edilməsi əsassız hesab edilir. İddiaçının həmin evin tikilməsinə və yaxşılaşdırılmasına maliyyə vəsaitlərin sərf edilməsi, gələcəkdə ona mülkiyyət hüququnun əldə edilməsinə legitim gözləntisinin olması, həmin əmlak üzrə kommunal xidmətlərin göstərilməsi müqavilələrin onunla bağlanılması, 20 ildən artıq müddətdə orada yaşaması həmin əmlakla davamlı əlaqənin sübutudur və onun faktiki sahibliyində olan əmlaka özbaşına müdaxilədən qorunması üçün əsasdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən mülkün sahibi deyil, həmin ev ona məxsus deyil, mülk bələdiyyənin mülkiyyətidir. O, şəhid qızıdır, 8 ay erməni əsirliyində olmuşdur. Dövlət tərəfindən ona ev verildikdə o, Bərdə rayon, Kələntərli qəsəbəsində olan fərdi yaşayış evini bələdiyyəyə təhvil verəcək. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7.İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır: 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı məhrum əri X3 rayon Kələntərli qəsəbəsində fərdi yaşayış evini tikib, 2001-ci ildə iddiaçı ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə onlar həmin evin sahəsini genişləndirmişlər və 20 il ərzində həmin evdə yaşamışlar. 2021-ci ildə X7 vəfat etmiş, 2023-cü ildə İddiaçı yaşadığı evdən köçmüş və 2024-cü ilin iyul-avqust aylarınadək evi ayda 100 manata şifahi razılıq əsasında Cavabdeh kirayə vermişdir. 2024-cü ilin iyul-avqust aylarından etibarən İddiaçı Cavabdeh evi tərk etməyi bildirmiş, lakin cavabdeh evi tərk etməkdən imtina edərək hal-hazırda həmin evdə yaşayır. 2024-cü ilin oktyabr ayından cavabdeh iddiaçıya kirayə haqqı ödəmir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kirayə münasibətlərinin olması və cavabdehin iddiaçıya kirayə haqqı ödəməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan evə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının məhrum ərinin fərdi yaşayış evinin tikilməsi, iddiaçının birgə nikah dövründə evin sahəsinin genişləndirilməsi, yəni həmin evə maliyyə vəsaitlərin və əməyin sərf edilməsi iddiaçının həmin evin faktik sahibinin olmasının göstəricisidir. İddiaçının fərdi yaşayış evi ilə davamlı əlaqə xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, xx.xx.2021-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqavilə”nin İddiaçı ilə bağlanılmasında, həmçinin “xx.xx.2024-cü il tarixli1754 nömrəli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş Arayış”da öz əksini tapır. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, sahibsiz daşınar əşyanın mənimsənilməsi - MM, m.184), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (MM,m.181.1) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (MM,m.1255). Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. Bu səbəbdən MM-in 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Beləliklə iş materiallarında olan sənədlərlə qeyd olunan evin iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Cavabdehin qeyd olunan evə dair heç bir hüquqları yoxdur. Cavabdeh iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin Bərdə Rayon İcra Hakimiyyətinin Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Bərdə rayon Körpüsındıran bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışlarında qeyd edilir ki, Bərdə rayon Kələntərli qəsəbəsində, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində İddiaçı və mərhum əri X7 ilə birlikdə yaşayış dövründə özləri üçün fərdi yaşayış evi tikdirmişlər və əri ilə birlikdə yaşamışdırlar. İddiaçı əri mərhum X7 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Ərinin vəfatından sonra tək qaldığı üçün evi kirayə müqaviləsi olmadan öz aralarında razılaşma yolu ilə, xx.xx.2022-ci il tarixindən Laçın rayon Şamkənd kəndindən məcburi köçkün Cavabdeh və X1 vermişdir. Cavabdeh və X6-hazırda Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən sözügedən evdə yaşayırlar. Bərdə rayon Kələntərli qəsəbəsində yerləşən 1994-cü il tarixində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikilmiş ev mərhum X5 və onun arvadı İddiaçı məxsusdur. Göründüyü kimi iddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməsə də, həmin tikilinin ona məxsusluğu və onun mərhum əri tərəfindən inşa edildiyi müəyyən edilmişdir. Cavabdehin isə həmin mübahisəli tikiliyə hər hansı hüququnun və aidiyyətinin olması müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətində qeyd edilənlər birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1425/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1474/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1474/2025
11.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver