Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1475/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-488/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-488/2025 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia qismən təmin edilmiş, İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə əmək qabiliyyətini itirməzdən əvvəlki orta aylıq əmək haqqının 80 (səksən) faizi miqdarında aylıq ödəncin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində ümumiyyətlə hansı maddi hüquq normasının pozulması qeyd edilməmiş, habelə bu pozuntunun konkret nədə ifadə olunması və hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu formada tərtib edilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-488/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov
Məhkəmə qərarları › İş №2(104)-1475/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1475/2025
15.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver