Məhkəmə qərarları › İş №2(104)-148/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-148/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-148/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyətinə, DƏDRXnin 15 saylı Ərazi İdarəsinə, Tovuz rayon Yuxarı Öysüzlü kənd Bələdiyyəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanunsuz zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərindəki tikililərin sökülməsi və tikinti materiallarının çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh2 və üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyətinə, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə, Tovuz rayon Yuxarı Öysüzlü kənd Bələdiyyəsinə qarşı qanunsuz zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərindəki tikililərin sökülməsi və tikinti materiallarının çıxarılması tələbinə dair Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)- 147/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Tovuz rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 2198,31 kv metr həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.

2. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli 10/2092 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin kadastr üzrə mütəxəssisi Əfqan İmamquliyevin mütəxəssis rəyində qeyd olunur ki, Cavabdeh2 istifadəsi kimi təqdim etdiyi tikilinin 110 kv metrə qədər hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı işlənmiş AN 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri” Xidmətinin 25 fevral 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 istifadəsi kimi təqdim etdiyi tikilinin 110 kv metrə qədər hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı işlənmiş AN 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşür. Zəbt olunma halının müəyyən olunması səlahiyyətləri xaricindədir. Cavabdeh2 istifadəsi kimi təqdim etdiyi tikilinin 110 kv metrə qədər hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı işlənmiş A№ 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşür.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-1941/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, zəbt olunma halının müəyyən edilməsi səlahiyyətləri xaricindədir, Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən tərəflərə verilmiş A№350084 və A№350085 nömrəli torpaq sahəsinin plan və ölçüsü haqqında kadastr sənədlərində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh2 istifadəsi kimi təqdim edilən tikilinin bir hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş A№ 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşür.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4842 nömrəli ekspert rəyindən görünür ki, sualda göstərilən məsələ mütəxəssis rəyində cavablandırılmadığından torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunubolunmamasının müəyyən edilməsi mümkün olamamış, Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuş, Cavabdeh2 istifadəsi kimi təqdim edilən tikilinin bir hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş A№ 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh2 və üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyətinə, DƏDRXnin 15 saylı Ərazi İdarəsinə, Tovuz rayon Yuxarı Öysüzlü kənd Bələdiyyəsinə qarşı qanunsuz zəbt edilmiş həyətyanı torpaq sahəsi üzərindəki tikililərin sökülməsi və tikinti materiallarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 onun xüsusi mülkiyyətində olan 2198,31 kv metr həyətyanı torpaq sahəsində qanunsuz zəbt etdiyi hissədə özbaşına tikilmiş tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmaqla mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayon AİK-in 23 dekabr 1997-ci il tarixl 14 nömrəli qərarı ilə ona 2198,31 kv metr torpaq sahəsi verilmişdir. Bu fakt 07 sentyabr 2011-ci il tarixli 671 nömrəli X8 kitabında AN350084 nömrə ilə uçota alınmışdır. Cavabdeh həmin torpaq sahəsinə özbaşına olaraq tikinti materialları tökərək orada tikinti işləri aparmışdır. Həmin qanunsuz hərəkətlərini dayandırmağı tələb etdikdə isə cavabdeh oranı satın aldığını bildirmişdir. İslahat vaxtı ona verilmiş torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə, onun torpaq sahəsi üzərində qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehlə aralarında danışıqlar olmuş, hətta Cavabdeh2 təklif etmişdir ki, ona münasib ərazidən 0,22 ha torpaq sahəsini alarsa, istifadə etdiyi torpaq sahəsində fərdi yaşayış evi tikdiyinə görə ona verə bilər. Cavabdeh isə onun barışıq üçün verdiyi təkliflə razılaşmamışdır.

8. Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)-147/2022 nömrəli qətnaməsi (hakim Qafil Baxşıyev) ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətinə verilmiş Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən torpaq sahəsinin 110 kv metr hissəsində Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, Cavabdeh2 tikinti materialları ilə birlikdə torpaq sahəsindən çıxarılması, İddiaçı və Cavabdeh2 hər birindən 25 (iyirmi beş) manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 180.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 119.1, 216-220 və 234-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)-147/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin plan və ölçüsü haqqında A№350084 nömrəli kadastr sənədi nəzərə alınır, amma cavabdehin torpaq sahəsinin plan və ölçüsü haqqında A№350085 nömrəli kadastr sənədi niyə nəzərə alınmır. Hansı ki, həmin sənəd ardıcıllıqla iddiaçının sənədindən sonra tərtib olunmuşdur. Texniki parametrlərin nəzərə alınmamışdır və bunun üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi natamam rəylə kifayətlənmişdir, halbuki həmin tədqiqat düzgün sənədlər və baza məlumatları əsasında aparılmamışdır, faktiki və texniki parametrlər hesablanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiahın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiahın rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə üçüncü şəxslər Tovuz rayon İcra Hakimiyyətinə, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə, Tovuz rayon Yuxarı Öysüzlü kənd Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

24. Maddə 111.1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

25. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

26. Maddə 111. 3-cü hissə. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)-147/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

45. Beləliklə, işin halları ondan ibarətdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixl 14 nömrəli qərarı ilə İddiaçı 2198,31 kv metr torpaq sahəsi verilmişdir. Bu fakt 07 sentyabr 2011-ci il tarixli 671 nömrəli X8 kitabında AN350084 nömrə ilə qeydiyyata alınmışdır. Lakin, həmin torpaq sahəsi hazırda cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda orada cavabdeh tərəfindən qanunsuz tikili ucaldılmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həmin hissəsindən çıxmadığı üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

46. İlk növbədə məhkəmə kollegiyası göstərir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında sonuncun istifadəsində olduğundan onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır.

47. Məhkəmə kollegiyasının bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.

48. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

49. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.

50. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X1rşı” işlər).

51. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

52. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

53. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

54. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

55. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

56. İş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin xx.xx.2021-ci il tarixli, 10/5055 saylı rəyi ilə müəyyən edilmişdir ki, 14 aprel 2022-ci il tarixli 10/2092 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin kadastr üzrə mütəxəssisi Əfqan İmamquliyevin mütəxəssis rəyində qeyd olunur ki, Cavabdeh2 istifadəsi kimi təqdim etdiyi tikilinin 110 kv metrə qədər hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı işlənmiş AN 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üstüstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

57. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 10/4842 nömrəli rəyindən görünür ki, sualda göstərilən məsələ mütəxəssis rəyində cavablandırılmadığından torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi mümkün olamamış, Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuş, Cavabdeh2 istifadəsi kimi təqdim edilən tikilinin bir hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş A№ 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

60. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki, mütəxəssis və ekspertin rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materitalları və elektron baza məlumatlarına istinad edilmişdir.

61. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının gözlənilən mülkiyyət hüququ olduğundan torpaq sahəsinin cavabdeh tərəfindən tutulması iddiaçının mülkiyyət hüquqlarına müdaxilədir. Həm də bu müdaxilə əsassızdır. Çünki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində alınmış ekspert rəyləri əsaslıdır və hər iki rəydə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə müdaxilə olunduğu müəyyən olunmuşdur.

62. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

63. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri)

64. Həmçinin, işin tam və obyektiv araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən sahəsi 2198.31 kv.m həyətyanı torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin ərazinin foto şəkilləri çəkilərək həmin mübahisəli torpaq sahəsi yerində müayinə edilmişdir.

65. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin ərazi Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh2 istifadəsi kimi təqdim edilən ərazi (tikili) 110 kv.m-ə qədər hissəsi iki mərtəbəli yeni tikilmiş ev Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsinə əsasən İddiaçı işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsində tikilmişdir. Mübahisəli torpağın İddiaçı aid torpaqdır, orada Cavabdeh2 tərəfindən yaşayış üçün yeni tikilmiş iki mərtəbəli ev vardır və evin ətrafında olan torpaq sahəsi iddiaçıya məxsusdur. Müəyyən olunmuşdur ki, Cavabdeh2 istifadəsi kimi təqdim edilən tikili 117 kv.m-dir. Evin tikildiyi həmin torpaq sahəsi Yuxarı Öysüzlü kəndinin ərazisinə aiddir. Yerində baxış zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinin nümayəndəsi X4 iştirak edərək tərəflərə mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti barədə geniş izahlı məlumat vermişdir. Eyni zamanda həmin torpaq sahəsi cavabdehə aid deyildir və özbaşına tutulmuşdur. Cavabdehə aid torpaq sahəsi başqa kənddə yerləşir. Həmin ərazinin foto şəkilləri mülki işə əlavə edilməsi üçün çəkilmişdir. Bundan başqa tərəflərə öz aralarında kompensasiya yolu ilə qarşılıqlı razılaşma barədə soruşulmuş. İddiaçı hazırda qarşılıqlı razılaşmaya qəti razı olmadığını bildirmişdir. Cavabdeh tərəf isə iddiaçının onlardan 50.000 manat tələb etdiyini, onun buna maddi imkanı çatmadığını bildirmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 istifadəsi kimi təqdim edilən ərazi (tikili) 110 kv.m-ə qədər hissəsi iki mərtəbəli yeni tikilmiş ev Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsinə əsasən İddiaçı işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsində tikilmiş və həmin xüsusatları da mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinin nümayəndəsi X4 da təsdiq etmişdir.

67. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (Mülki Məcəllənin 180.3 və 180.4-cü maddələri).

68. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə formal mülahizələrə söykənməklə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Çünki, iş materiallarında olan 14 aprel 2022-ci il tarixli 10/2092 nömrəli və xx.xx.2023-cü il tarixli, 10/4842 nömrəli ekspert rəyi ilə də müəyyən olunur ki, Cavabdeh2 istifadəsi kimi təqdim edilən tikilinin bir hissəsi Yuxarı Öysüzlü kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı verilmiş A№ 350084 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

73. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1ci maddəsinə əsasən 100 manat ekspertiza xərci Cavabdeh2 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(062)-147/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat pul Cavabdeh2 tululub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar