Məhkəmə qərarları › İş №2(104)-1484/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1484/2025

16.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1484/2025 16.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, ilk iddia tələbi üzrə iddiaçının nümayəndələri (vəkili) Vəkil1, X12 və ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi”; Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiaları üzrə Gəncə Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(125)-410/2025 saylı qətnaməsindən ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 06 dekabr 2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 oktyabr 2024-cü il tarixli, 295 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı vətəndaş Cavabdeh ünvan 3 ünvanında faktiki yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 dekabr 2024 il tarixli, 3-21-3-33/2-14138/2024 və 3-21-3-33/2- 14133/2024 məktublarının surətindən görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh və 06 yanvar 1992-ci il təvəllüdlü X6 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak olub-olmamasına dair arayışın verilməsi məktubuna baxılmışdır. xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh və 06 yanvar 1992-ci il təvəllüdlü X6 adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat sistemində məlumat yoxdur. 02 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X11 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15 ünvanı X3 xüsusi mülkiyyətindədir. Qanun üzrə vərəsəlik hüququ haqqında 17 sentyabr 2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 29 may 2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 ünvanında yerləşən miras əmlakdan X7 və İddiaçı hər birinin payı ½ olmaqla irs almışlar. 05 noyabr 2021-ci il tarixli bölgü müqaviləsindən görünür ki, bölgüyə əsasən Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 ünvanında yerləşən evin A,C,D,E,F, İ, tikililəri X5, B və H tikililəri İddiaçı qalmışdır. 08 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X11 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15 ünvanı ½ olmaqla X4 və İddiaçı xüsusi mülkiyyətindədir. 01 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X11 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. 04 fevral 2025-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini arvadı olan X9 bağışlamışdır. 17 fevral 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında yerləşən fərdi yaşayış evi X8 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onun oğludur. Cavabdeh 2010cu ildən ona məxsus evdən köçüb getmişdir. Cavabdeh ona atası olmadığını bildirmişdir. Qeyd edir ki, cavabdeh onun evində pasport qeydiyyatında durmaqla onun əlavə kommunal xərc ödəməsinə səbəb olur. Ona görə də cavabdeh ona məxsus evdən köçüb getdiyi üçün həmin evə istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ona məxsus ünvan 5 ünvanında olan evə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri Fəridə Əliyarbəyli küçəsi 15A saylı evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvanında yerləşən fərdi yaşayış evi babası Adıgözəl Həsənova məxsus olmuşdur. O, həmin evdə doğulub boya başa çatmışdır. 2001-ci ildə atası ilə anasının nikahları pozulduqdan sonra o, öz istəyi ilə atasının himayəsində qalmışdır. Təxminən 2002-ci ildə atası İddiaçı ikinci dəfə ailə qurmuşdur. 2010-cu ildə isə özü ailə qurmuşdur. Lakin ev darısqal olduğu üçün o, ailə qurub bir müddət bibisinin evində yaşamış, kirayə ev tutmuş, lakin ailəsi ilə birlikdə vaxtaşırı evə gedib gəlmişdir. Lakin 2024-cü ilin iyul ayında Gəncə İnzibati Məhkəməsindən telefonuna sms gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, atası onu evdən qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Sonra isə evdən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, sözügedən yaşayış evi onun yaşayış yeridir. Onun başqa yaşayış yeri yoxdur. Onun evdə istifadə hüququ var. Ailəsi böyük olduğu üçün o, müvəqqəti olaraq evdən çıxıb kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda həyat yoldaşı ilə faktiki ayrılmış, nikahlarının pozulmasına dair Göygöl Rayon Məhkəməsinin icraatında iş vardır. Buna görə yaşayış yeri olan evə köçüb orada yaşamaq istəyir. Lakin hazırda iş üzrə cavabdeh olan atası İddiaçı onu həmin evə buraxmaq istəmir, onun evdən istifadə hüququnun itirilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırda İddiaçı məxsus Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 A saylı evə istifadə hüququ tanınmaqla onun, həyat yoldaşı X13 və yetkinlik yaşına çatmayan uşaqları – X14 və X10 həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair hazırki Gəncə Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus evdə olan istifadə hüququnun məhkəmə qaydası ilə itirilmiş hesab edilməsi” tələbinə dair 2(125)-410/2025 saylı mülki işlə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilməsi və həmin mülki işə 2(125)- 410/2025 statik nömrəsinin təyin edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-410/2025 saylı qətnaməsi ilə (Z.İmanov) İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanına istifadə hüquqlarının itirilmiş hesab olunması, həmin iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manatın Cavabdeh tutulub, İddiaçı ödənilməsi, Cavabdeh ünvan 6 ünvana istifadə hüquqları tanınmaqla, onunla birlikdə arvadı X13 və azyaşlı uşaqları X14 və X1 barədə iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiası rədd edildiyindən onun tərəfindən ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun həmin iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evdə Cavabdeh qeydiyyatda olsa da, orada 15 ildir ki, orada yaşamır. Hətta Cavabdeh mübahisəli evdə köçüb yaşamaq üçün dəfələrlə imkan da olmuş, lakin onun özü bu imkandan imtina etmişdir. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mübahisəli Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evdə uzun illər yaşamamaqla, onun orada yaşamasına dair ehtiyacı aradan qalxmış, həmin evə sonradan köçüb yaşamaq kimi hüquqi marağı da olmamışdır. Bundan başqa məhkəmə iclasında Cavabdeh 2010-cu ildə babası Adıgözəlin onu mübahisəli evdən qovmasını bildirsə də buna dair əsaslı sübutları təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri Fəridə Əliyarbəyli küçəsi 15A saylı evin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxdığından, onun həmin ünvanından istifadə hüququ itmişdir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı və hüquqi marağı olmadığından cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması cavabdehin həmin evdən istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz və cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiasına da qiymət verərək qeyd etmişdir ki, onun mübahisəli evə olan istifadə hüququ itdiyindən, eləcə də onun ailə üzvü olan arvadı və uşaqlarının mübahisəli ünvana hər hansı hüquqları yaranmadığından Cavabdeh ünvan 6 ünvana olan istifadə hüquqları tanınmaqla, onunla birlikdə arvadı X13 və azyaşlı uşaqları X14 və X1 barədə tələbi təmin edilə bilməz. Bu səbəbdən həmin iddia tələbi əsasız olmaqla rədd edilməlidir. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını, iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında müəyyən olundu ki, onun özünə (yaxud ailəsinə) məxsus hər hansı yaşayış sahəsi yoxdur. O, hər hansı başqa yerə daimi yaşamaq üçün getməmişdir. Bu müddət ərzində müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Bundan başqa 2(125)-955/2025 saylı işin məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, o, mübahisəli evdən öz istəyi ilə getməmişdir. Qarşı tərəf olan İddiaçı özü də bunu etiraf etdi. Buna baxmayaraq məhkəmə onun yaşayış sahəsinə ehtiyacı olmaması barədə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cıiltarixliPlenum Qərarında qeyd edilir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər”. Birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən qərarın tövsiyələrinə ziddir. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, evdən istifadə hüququnu ev sahiblərinin onu məcburi qaydada evdən çıxarması nəticəsində həyata keçirə bilməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi onu evdən babası Adıgözəl və bibisi Səbinə polis vasitəsilə çıxarıblar. Həmin hallar məhkəmədə öz təsdiqini tapmış olsa da, məhkəmə həmin halları “göz ardı” edərək, qətnaməni elə əsaslandırmışdır ki, sanki o, könüllü olaraq evdən getmişdir. Sonradan, yəni iki mülki iş bir icraatda bilrləşdirildikdən sonra o və vəkili dəfələrlə məhkəmədən əvvəlki məhkəmə iclasının audiovideo yazısının araşdırılmasını (nümayiş etdirilməsini) xahiş etdlər, lakin məhkəmə həmin audio-video yazını araşdırmadı. Bundan başqa vəkili polisdə bu barədə olan materialların tələb edilməsi ilə bağlı məhkəmə iclasında şifahi vəsatət qaldırdı, lakin məhkəmə həmin faktın müəyyən olunduğu üçün polisdən materialın tələb edilməsinin lüzümsuz olduğunu bildirdi. Məhkəmə qətnamə çıxararkən iddiaçının və həyat yoldaşının onunla qərəzli münasibətdə olmalarını nəzərə almamışdır. Belə ki, iddiaçı və onun nümayəndəsi olan həyat yoldaşı (analığı) məhkəmədə onu qeydiyyatdan çıxarıb evi başqa şəxsin, analığının hansısa qohumunun adına keçirmək istədikləri barədə niyyətlərini açıqca ifadə etdilər. Lakin məhkəmə onların ona qarşı olan bu qərəzli mövqeyini, onun istifadə hüququna xitam verilməsinin onun nəyinki evə dair indiki həmçinin gələcəkdə yaranacaq hüququnun (vərəsəlik) pozulması ilə nəticələnəcəyini nəzərə almamışdır. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı nümayəndələri (vəkili) Vəkil1 və (arvadı) Saidə Həsənova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 28.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(125)-410/2025 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iş üzrə hər iki iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, birinci iddia üzrə İddiaçı Cavabdeh atasıdır. Cavabdeh 1987-ci ildə Gəncə şəhəri, Totanlı küçəsi 1-ci döngə ev 9 (yeni qaydalarla: ünvan 7 ünvanında doğulmuş, 2001-ci ildə İddiaçı boşanmış və Cavabdeh onun yanında qalmışdır. 2004-cü ildə İddiaçı Saidə Həsənova adlı şəxslə evlənmişdir. Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi ev 15 ünvanında həmin vaxt 2 fərqli giriş çıxışı olan ev olmuş, onlardan birində İddiaçı öz arvadı ilə, digərində isə İddiaçı atası Adıgözəl Həsənov öz ailəsi ilə yaşayırdı. Bu zaman Cavabdeh Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi ev 15 ünvanında yerləşən babasının yanında yaşamağa başlamışdır. 2010-cu ildə Cavabdeh evlənmək istədikdə babası Adıgözəl Həsənovla onun arasında mübahisə olmuş və İlkin Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi ev 15 ünvanında yerləşən babasına məxsus evdən çıxıb getmişdir. Bundan sonra Cavabdeh 2010-cu ildə evlənərək başqa ünvanda kirayədə yaşamağa başlamışdır. Həmin vaxtdan 2024-cü ilin mart ayınadək İddiaçıla İlkinin münasibətləri yaxşı olmuşdur. Lakin Cavabdeh evləndikdən sonra atası Hakimin yaşadığı ünvan 8 ünvanda yerləşən evin darısqal olmasını əsas gətirərək orada öz arvadı ilə yaşamaq istəməmişdir. 2015-ci ildə İlkinin babası Adıgözəl Həsənov vəfat etmişdir. Lakin yenə Cavabdeh ünvan 8 ünvanda yerləşən evə köçüb yaşamaq istəməmişdir. 2021-ci ildə mübahisəli evə İlkinin atası İddiaçı və bibisi Səbinə Həsənovanın vərəsəlik hüquqları tanınmış, daha sonra bölgü müqaviləsinə əsasən Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 ünvanında yerləşən evin A,C,D,E,F, İ, tikililəri X5, B və H tikililəri İddiaçı qalmışdır. Bundan sonra onlar hər biri payına düşən hissələrə çıxarışlar almışlar. ünvan 8 ünvandan ünvan 9 2024-cü ildə İddiaçı oğlu İlkinə gəlib Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvanda ev tikib yaşamasını təklif etmiş, lakin sonuncu buna maddi imkanı olmadığını bildirərək bundan imtina etmiş, ona görə də onların arasında mübahisə olmuşdur. Bundan sonra İddiaçı oğlu Cavabdeh Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvandan istifadə hüququnun itirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə həmin iddiaya etiraz etmiş və ayrıca icraatda İddiaçı qarşı evə istifadə hüququ tanınmaqla ailəsi ilə birlikdə mübahisəli Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A ünvana köçürülmələri barədə iddia qaldırmışdır. Məhkəmənin qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsi birinci iş üzrə iddianı təmin etmiş, ikinci iş üzrə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası ilk olaraq işə birinci iddia tələbi üzrə qiymət verərək qeyd edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh ona məxsus ünvan 5 ünvanında olan evə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Kollegiyanın qənaətinə görə, işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə qeyd edilən tələbə dair iddiaçının subyektiv hüququnun olub-olmadığı məsələsini həll etməli idi. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, qanunvericilik məhkəmə müdafiəsi hüququnu bütün hallar üçün deyil, yalnız qanunla qorunan hüquq və azadlıqların və maraqların qorunması məqsədilə müəyyən etmişdir. Mülki prosessual qanunvericilikdə məhkəmə müdafiəsi hüququna bu şəkildə yanaşma onu ehtiva edir ki, məhkəmələr mahiyyəti üzrə işə baxarkən məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxslərin mübahisələndirdiyi hüquq münasibətinin onların qanunla qorunan hüquq və maraqlarını pozub-pozmadığını, bununla da həmin şəxslərin həmin hüquq münasibətini mübahisələndirmək üçün subyektiv hüququnun olubolmadığını müəyyən etməlidirlər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işin hallarını yuxarıda şərh edilən hüquqi mövqe baxımından təhlil edərək bu qənaətə gəlmək olur ki, birinci iddia üzrə İddiaçı hazırkı mübahisə üzrə hüquq münasibətini mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, 17 fevral 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında yerləşən fərdi yaşayış evi X8 xüsusi mülkiyyətindədir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi, ev 15A ünvanında yerləşən fərdi yaşayış evinə dair ilk iddia üzrə Cavabdeh istifadə hüququnu mübahisələndirmək üçün subyektiv hüququ, qanuni mənafeyi mövcud deyil. Bu qeyd olunanlar isə bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı araşdırılan mübahisə üzrə hüquqi ixtiyara malik deyildir. Subyektiv hüququn birinci elementinin olmaması, iddianın əsaslığının araşdırılması zərurətini aradan qaldırmış olur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan əsaslara görə hesab edir ki, ilk iddia üzrə İddiaçı həmin iddia üzrə Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası işə ikinci iddia tələbi üzrə isə qiymət verərək qeyd edir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh həmin iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehə məxsus Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15 A saylı evə istifadə hüququ tanınmaqla onun, həyat yoldaşı X13 və yetkinlik yaşına çatmayan uşaqları – X14 və X10 həmin evə köçürülməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiasına qiymət verərək qeyd etmişdir ki, onun mübahisəli evə olan istifadə hüququ itdiyindən, eləcə də onun ailə üzvü olan arvadı və uşaqlarının mübahisəli ünvana hər hansı hüquqları yaranmadığından Cavabdeh ünvan 6 ünvana olan istifadə hüquqları tanınmaqla, onunla birlikdə arvadı X13 və azyaşlı uşaqları X14 və X1 barədə tələbi təmin edilə bilməz. Bu səbəbdən həmin iddia tələbi əsasız olmaqla rədd edilməlidir. Məhkəmə kollegiyası ikinci iddia tələbinə münasibətdə bildirir ki, məlum olduğu kimi hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; həmin iddia üzrə cavabdeh İddiaçı isə həmin iddia üzrə iddiaçı Cavabdeh müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Çünki, iddiaçı Gəncə şəhəri, Fəridə Əliyarbəyli küçəsi 15A saylı evə istifadə hüququ tanınmaqla onun, həyat yoldaşı X13 və yetkinlik yaşına çatmayan uşaqları – X14 və X10 həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını tələb edir. Qeyd olunan fərdi yaşayış evi isə 17 fevral 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X8 xüsusi mülkiyyətindədir. Bir sözlə, həmin iddia üzrə cavabdeh qismində göstərilən İddiaçı mübahisəli hüquq münasibətinin subyekti olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab edilə bilməz. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçıya izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır. Həmin iddia üzrə iddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hər iki iddia üzrə tələblər təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları hər iki tərəfin özünə aid edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlməmişdir. Odur ki, birinci iddia tələbi üzrə cavabdeh, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(125)-410/2025 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, hər iki iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Birinci iddia tələbi üzrə cavabdeh, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(125)-410/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Birinci iddia üzrə İddiaçı həmin iddia üzrə Cavabdeh qarşı “evə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia rədd edilsin. İkinci iddia üzrə iddiaçı Cavabdeh həmin iddia üzrə cavabdeh İddiaçı qarşı “evə istifadə hüququ tanınmaqla evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Hər iki tələbə dair iddialar rədd edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar