Məhkəmə qərarları › İş №2(104)-1487/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1487/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1487/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qədir qızına qarşı mülki iş üzrə Açar sözlər: evdən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-143/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ”çıxarışın surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,08 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində X4, X1, X2, İddiaçı və Şirinova (İsgəndərova) Xəyalə Mətləb qızının adlarına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır.

2. İşdə olan Torpağın Mülkiyyyətə verilməsinə dair JN-213F Kod 50807005 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı, X2, Şirinova (İsgəndərova) Xəyalə Mətləb qızının, X4 və X1 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsi verilməsi göstərilmişdir.

3. İşdə olan qətnamənin surətindən görünür ki, Göygöl rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 nikah qeydiyyatları pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş və X3 uşaqların saxlanılması üçün Cavabdeh xeyrinə alimentin tutulması qət edilmişdir.

4. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli AH-İ №1115969 saylı Daşınmaz əmlakın alqı- satqı müqaviləsinin sürətindən müəyyən olunur ki, İddiaçı, X11, X6, X9 və X13 öz mülkiyyətlərində olan Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi 0,08 ha torpaq sahəsi ilə birlikdə X12 adlı şəxsə satmışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı Göygöl rayonu Qızılca kəndində yerləşən ona məxsus evdən çıxarılmaları və Cavabdeh Göygöl rayonu Qızılca kəndində yerləşən ona məxsus evdə saxladığı cehiz əşyalarının çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X11 ilə Cavabdeh ilə `24 oktyabr 2010-cu il tarixdə rəsmi nigah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdeh cehiz əşyaları onlara məxsus Göygöl rayonunun Qızılca kəndində yerləşən evə yerləşdirilmişdir. Rəsmi nikahlarından xx.xx.2012-ci ildə X10, xx.xx.2012-ci ildə X7 və xx.xx.2019-cu ildə X14 adlı uşaqları anadan olmuşdur. Onların aralarında narazılıqlar yaranmış və ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nigahları ləğv edilmiş və uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Oğlu Zamil uşaqların hər birinin saxlanılması üçün 100 manat, cəmi 300 manat aliment ödəyir. Cavabdeh Gəncə şəhərində valideynlərinin yanında yaşayır. Onların evləri 5 otaqlıdır. Cavabdehin xeyli sayda cehiz əşyaları var və həmin cehiz əşyaları evin 3 otağına yığılmışdır. Oğlu Zamil ailə qurub evin bir otağında yaşyır. Cavabdeh əşyalarını çıxarmadığından onlar evlərinin 3 otağından istifadə edə bilmirlər. Cavabdeh 2020-ci ildən atasının evində yaşayır və oğlu ilə nikahları pozulduğuna görə artıq onun ailə üzvü sayılmır. O, dəfələrlə cavabdehdən cehiz əşyalarını onun evindən çıxarmasını tələb etmiş, lakin cavabdeh könüllü olaraq cehiz əşyalarını çıxarmamışdır. Odur ki, məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh qzının uşaqları xx.xx.2012-ci ildə anadan olmuş X10, xx.xx.2012-ci ildə anadan olmuş X7 və xx.xx.2019cu ildə anadan olmuş X14 və cehiz əşyaları ilə birlikdə Göygöl rayonu Qızılca kəndində yerləşən onlara məxsus evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etdi. 7.Göygöl Rayon Məhkəməsinin 2(066)-143/2023 saylı mülki iş üzrə 09 mart 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh uşaqları xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X14 və cehiz əşyaları ilə birlikdə Göygöl rayonu Qızılca kəndində 0.08 ha torpaq sahəsində yerləşən X8, İsgəndərova (Hüseynova) Vüsalə Mətləb qızına, X5, İddiaçı və İsgəndərova (Şirinova) Xəyalə Mətləb qızına məxsus ümumi sahəsi 123.5 kv.m-dən ibarət evdən çıxarılması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-143/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh X11 ilə ailə həyatı quraraq bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişdir. 2010-ci ilin oktyabr ayının 24-də Göygöl rayon İHB-nin İƏDÜ Qızılca kənd nümayəndəliyində nikah akti qeydləri kitabında 14 nömrə ilə nikahları qeydə alınmışdır. Cavabdeh X11 ilə nigahdan xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2012-ci il tarixdə X14 anadan olmuşdurlar. Cavabdeh X11 ilə ailə quran zaman, onun atasının Göygöl rayonun Yeni- Qızılca kəndində yerləşən 4 otaqlı yaşayış evinə gəlin köçmüş, həmin yaşayış evinə ataanası tərəfindən ona hədiyyə edilmiş cehiz əşyaları həmin evdədir. Həmçinin birgə nikah dövründə əldə etdikləri məişət və digər zəruri əşyalar da, həmin ünvanda yerləşdirilmişdir. Onun və uşaqlarının pasport qeydiyyatı həmin ünvanda qeydə alınmışdır. Cavabdehlər X4 atası İddiaçı onu uşaqla birlikdə yaşayış sahəsindən çıxarmış, o və 3 uşaq yaşayış sahəsindən mərhum olmuşdur. Məhkəmə işi hərtərəfli, obyektiv araşdırma aparmadan qərəzli, ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17.Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

25. Belə ki, iş materialları ilə işin faktiki halları kimi müəyyən olunur ki, iş üzrə cavabdeh olan Cavabdeh ilə iş üzrə İddiaçı oğlu X11 2010-cu ildə rəsmi nikah bağlamışlar və bu nikah 2020-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Göründüyü kimi, tərəflər arasında hüquq münasıbətləri 2010-cu ildə yaranmışdır və Cavabdeh hazırki vəziyyətdə mülkiyyətçilərin ailə üzvü sayılmır. Artıq ev də başqa bir şəxsə satılmışdır. Yaşayış sahəsindən istifadə ilə bağlı tərəflər arasında olan hüquq münasıbətləri 2010-cu ildə yarandığından bu münasibətləri tənzimləyən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Həmin qanun normasının şərtlərinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddaçının iddia tələbi hüququ mahiyyətinə görə, mülkiyyətçinin hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönələn tələb kimi qiymətləndirilməlidir və qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

27. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ–əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5–ci maddəsi nəzərdə tutur ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin hazırki işin hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, Cavabdeh hazırki vəziyyətdə Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları yoxdur. Həmin fərdi yaşayış evində Cavabdeh cehiz əşyalarının saxlanması iddiaçının həmin mülkdən sərbəst istifadə hüquqlarını pozur.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu dəlillər şikayətin təmin edilərək, qətnəmənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

30. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-143/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaldır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-143/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar