Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1488/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2(125)-3945/2025 nömrəli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkə dair X10 və X1 adlarına xx.xx.1954-cü ildə tərtib edilmiş torpaq qeydi və Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1961-ci il tarixli və xx.xx.1969-cu il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportlarının X3 məxsus olması faktının müəyyən olunmasına və mirasın qəbul edilmə faktı müəyyən edilməklə qəbul edilmiş mirasda 6/10 hissə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3945/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X5 və X2 qarşı mirasın qəbul edilməsi faktının, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi və qəbul edilmiş mirasda paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi iddiaçının xüsusi icraat qaydasında sənədin şəxsə məxsus olması faktı müəyyən edildikdən sonra miras əmlak üzərində payların müəyyən edilməsində mübahisə olduğu təqdirdə miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair (miras əmlakı faktiki qəbul etməsini sübut etməklə) iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi hüququnun izah edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3945/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərardadını ləğv edib, ərizənin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3972/2023 nömrəli qərarına istinad edərək qərardadda qeyd etmişdir ki, hüquq barədə mübahisə olduğu hallarda MPM-nin 307-ci maddəsində sadalanan faktları müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı, əldə etmək istədiyi hüquqi nəticənin əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu sübuta yetirməlidir. Hesab edir ki, Ali Məhkəmənin həmin qərarındakı hüquqi mövqeyə görə onlar tərəfindən miras əmlakla bağlı, mirasın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə qaldırılan iddiada, müvafiq hüquq verici sənədlərin miras qoyan şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinin bir icraatda baxılması qanuna müvafiq hesab edilməlidir. Hazırki iddia tələbinin mahiyyətindən də görünür ki, iddiaçı tərəfin qarşı tərəfdən əldə etmək istədiyi hüquqi nəticə, mirasın qəbul edilməsi və miras əmlakdakı payların tanınması ilə bağlıdır. Bu iddianın əsasında isə müvafiq hüquqverici sənədlərin miras qoyan şəxsə məxsus olmasıdır. Yalnız bu faktın mövcud olduğu halda miras paylarının müəyyən olunub tanınması mümkündür. Göstərilənlərə əsasən hesab edir ki, onun cavabdehlərə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması və qəbul edilmiş miras paylarının tanınmasına dair iddiası ilə birgə, həmin miras əmlaka aid sənədlərin, eyni zamanda miras qoyan şəxsə məxsus olması faktının müəyyən olunması tələbinin bir icraatda, ümumi iddia icraat qaydasında baxılması yol verilən olduğuna görə iddia ərizəsi icraata qəbul edilməlidir. Hesab edir ki, məhkəmə tərəfindən həmin prosessual hüquq normalarının tələblərinə düzgün istinad edilməmişdir. Yəni həmin iddia tələblərinin bir icraatda, ümumi icraat qaydasında baxılması mümkün olduğu halda, məhkəmə ərizəni icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2(125)-3945/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi, iddia ərizəsinin forma və məzmunu ilə bağlı bir sıra tələblər və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, ərizə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında verildiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə icraat» dan bəhs edən 31-ci fəslində bu kateqoriya işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Hazırkı iddia ərizəsinə nəzər saldıqda müəyyən olunur ki, iddiaçı mirasın qəbul edilməsi faktının, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsini və qəbul edilmiş mirasda paylarının müəyyən edilməsini xahiş edir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263-264, 267, 398 və 402.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2(125)-3945/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1488/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1488/2025
31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver