Məhkəmə qərarları › İş №2(104)-1490/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1490/2025

24.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1490/2025 24.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı 13 saylı X9 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-554/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Bərdə X8 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 005266 nömrəli Aktın təsdiq edilmiş surətindən görünür ki, kənd sakinin şikayəti əsasında Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən meşə fonduna aid torpaq sahəsinə baxış keçirilərkən 2,0 ha meşə fonddu torpaq sahəsinin Cavabdeh tərəfində şumlatdırılaraq arpa bitkisinin əkildiyinin müəyyən edildiyi qeyd olunmuşdur.

2. Tərtər rayonu Sarov Bələdiyyəsi ilə X10 arasındaa bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpağından 6.2 ha torpaq sahəsi xx.xx.2049-cu il tarixədək X5 icarəsinə verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən məlum olur ki, Tərtər rayonu Sarov Bələdiyyəsi ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X5 icarəsinə verilmiş Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə plan və ölçü tərtib edilmişdir.

4. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, hazırkı cavabdehin oğlu X5 icarəsinə verilmiş Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsinə hüquqları qeydiyyatdan keçirilmişdir.

5. Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilən dövlət orqanın rəyindən görünür ki, X10 onun icarəsinə verilmiş Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsinin 4.41 ha hissəsindən istifadə edir, istifadə edə bilmədiyi 1.79 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən X4 Torpaqlarına aid olmaqla əkin sahəsidir.

6. Tərtər Rayon Məhkəməsinin 2(061)-1161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən məlum olur ki, X2 torpaq sahəsindən istifadə ilə bağlı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair hazırkı idddiaçı 13 saylı X8 Mərkəzinə və digərlərinə qarşı məhkəmədə iddia qaldırmış, həmin iş üzrə məhkəmə prosesinin gedişində tərəflərin və mütəxəssisin iştirakı ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı xüsusi GPS aparatı vasitəsi ilə ölçmə aparılmış, torpaq sahəsinin dönmə nöqtələri (koordinatları) vurularkən haqqında mübahisə qaldırılan torpaq sahəsinin (hazırkı iddia tələbi də eyni torpaq sahəsi ilə bağlıdır) meşə fondunun deyil, X5 icarəsində olmaqla Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və 13 saylı X8 Mərkəzi tərəfindən icarə hüquqlarının həyata keçirilməsinə maneənin törədildiyi müəyyən edilərək, törədilən maneənin aradan qaldırılması qət edilmişdir.

7. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiqlənməklə verilmiş etibarnamədən görünür ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsi və s. hüquqlarını xx.xx.2049-cu il tarixədək hazırkı Cavabdeh etibar etmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 13 saylı X8 Mərkəzi Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Soltanbud-02 meşəbəyliyinin 10-cu dolay 60-cı kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 2,0 ha meşə fondu torpağının istifadəsinə qadağan qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X8 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X8 Mərkəzinin Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 10-cu dolay 60-cı kvartalında 10 ha meşə fondu torpağı vardır. Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Soltanbud-02 meşəbəyliyinin ərazisinə baxış keçirilərkən həmin meşəbəyliyin Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 10-cu dolay 60-cı kvartalında 2,0 ha meşə fondu torpağının Cavabdeh tərəfindən özbaşına tutularaq (zəbt edilərəki) kənd təsərrüfatı bitkilərinin əkildiyi müəyyən olunmuşdur. Hal-hazırda da həmin meşə fondu torpağı Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh sözügedən torpaq sahəsini boşaltmamışdır. Həmin torpaq sahəsinin 13 saylı X8 Mərkəzinə aid olması Tərtər Rayon İcra Hakimiyyəti, Tərtər rayonu Sarov Bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və 13 saylı X8 Mərkəzi tərəfindən birgə tərtib və təsdiq edilmiş xəritəyə əsasən də təsdiq olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh özünün qanunsuz hərəkətlərini davam etdirir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

10. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-554/2025 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəla iddiaçı 13 saylı X8 Mərkəzi etibarnaməli təmsilçisi vasitəsi ilə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə hüquqlarını həyata keçirən X5 istifadə etdiyi torpaq sahəsinin məhz 13 saylı X8 Mərkəzinin Tərtər rayonunun Kovdadıq kəndində yerləşən meşə fondu torpağı olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Həmin hal sübuta yetirilmiş olsaydı belə bu hazırkı vəziyyətdə iddianın təmin edilməsinə əsas verə bilməz. Bundan başqa iddiaçı iddianı Cavabdeh qarşı qaldırsa da, iddia olunan torpaq sahəsinin istifadəsinin məhz onun öz adından həyata keçirilməsini məhkəmə iclasında sübuta yetirə bilməmiş və nəticə etibarı ilə məhz onun iddiaya cavab verməli olan şəxs olmasını əsaslandıra bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı cavabdeh tərəfin izahatından və məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli etibarnamədən müəyyən olundu ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsi və s. hüquqqlarını xx.xx.2049-cu il tarixədək etibarnaməli təmsilçisinə - hazırkı Cavabdeh etibar etmişdir. Yəni Cavabdeh etibarnaməli idarəçiliyinə verilmişdir. Həmin etibarnamə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə hüquqlarının həyata keçirilməsini də özündə ehtiva edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı 13 saylı X8 Mərkəzi qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-554/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni ərazi ilə bağlı eyni qurumun orqanlarının vahid elektron bazaya əsasən müxtəlif məlumatlar verərək fərqli mövqe sərgiləməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən ünvanlanmış məktubda mübahisə predmeti olan sözügedən ərazinin X13 Torpaqlarına aid olduğu bildirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan məktubda isə sözügedən ərazinin X6 Torpaqlarına aid olduğu bildirilmişdir. Bu da meşə fonduna aid olan torpaqların qanundan kənar zəbt edilərək istifadə edilməsinə səbəb olur ki, bu sahədə dövlətin mənafeyi müdafiə edilmir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 65.1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. Göründüyü kimi iddiaçı X13 torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək, qanunsuz istifadə edildiyini bildirir və həmin 2 ha meşə fondu torpağının alınıb 13 saylı X1ytarılmasını xahiş edir. Lakin tələb təmin edilmədiyindən verilmiş apellyasiya şikayətində iddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi cavabdehin istifadəsində olan torpaq sahəsinin dövlət və ya bələdiyyə torpaq sahəsinə aid olması ilə bağlı fərqli mövqelər nümayiş etdirməsini, məhkəmə tərəfindən ziddiyyətli məqamlara hüquqi qiymət verilməməsini, torpaq sahəsinin iddiaçıya məxsus olmasını irəli sürmüşdür.

21. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür, məhz o, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etdiyi torpaq sahəsinin mülkiyyətində olduğunu, həmin sahənin hazırki cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.

22. İş materiallarından müəyyən olundu ki, Tərtər rayonu Sarov Bələdiyyəsinin mülkiyyətində olan, Tərtər rayonunun Kovdadıq kəndi ərazisində yerləşən 6.2 ha torpaq sahəsi Tərtər rayonu Sarov Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2049-cu il tarixədək X5 icarəsinə verilmişdir.

23. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlaklarının idarə edilməsi və s. hüquqlarını xx.xx.2049-cu il tarixədək hazırkı Cavabdeh etibar etmişdir. Cavabdeh həmin etibarnaməyə əsasən X7 təmsil edərək sonuncunun adından hərəkət etmiş və hazırda da hərəkət edir. Sözügedən icarə müqaviləsini belə X10 imzalamışdır.

24. İşdən də görünür ki, işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin istifadəsində olan torpaq sahəsinə törənən maneənin aradan qaldırılması ilə bağlı tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilməsinə istinad etmişdir.

25. İstinad edilən məhkəmə aktındakı zəbt edildiyi iddia olunan torpaq sahəsi tərəflərin və mütəxəssisin iştirakı ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı xüsusi GPS aparatı vasitəsi ilə ölçmə aparılmış, torpaq sahəsinin dönmə nöqtələri (koordinatları) vurularakən haqqında mübahisə qaldırılan torpaq sahəsinin (hazırkı iddia tələbi də eyni torpaq sahəsi ilə bağlıdır) meşə fondunun deyil, X5 icarəsində olması müəyyən edilmişdir.

26. İddiaçı Tərtər rayonu Sarov Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin icarəsində olan sözügedən torpaq sahəsinin Soltanbud- 02 meşəbəyliyinin 10-cu dolay 60-cı kvartalında yerləşən meşə fondu torpağına aid olmasını həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirmiş, lakin iddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi mübahisəli torpaq sahəsinin meşə fondu ərazisi olmasını əks etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Topogeodeziya və Meşə quruluşu tərəfindən təsdiq edilmiş plan-xəritədən çıxarış təqdim etməmişdir.

27. Bununla da 13 saylı X8 Mərkəzinin Soltanbud-02 meşəbəyliyinin 10-cu dolay 60cı kvartalında yerləşən 2,0 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilməsi və həmin torpaq sahəsi X13 torpaqlarına aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

28. Digər tərəfdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırki cavabdehin oğlunun icarəsində olan torpaq sahəsindən istifadə etməsi öz təsdiqini tapmışdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

30. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-554/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar