Məhkəmə qərarları › İş №2(104)-1498/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1498/2024

15.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1498/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X8 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunma tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(013)-746/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh 17 fevral 2020-ci il tarixli 6 nömrəli əmrdən çıxarışın sürətindən görünür ki, X3 Musiqi Kollecinə konsertmeystr üzrə müəllimə vəzifəsinə təyin edilmişdir.

2. Cavabdeh 11 sentyabr 2021-ci il tarixli, 42 nömrəli əmrdən çıxarışın sürətindən görünür ki, kollecin müəlliməsi X1 ilə əlaqədar möhlət verilmişdir.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə 11 oktyabr 2021-ci il tarixli 42 nömrəli əmrdən görünür ki, Səfərova (Məmmədova) Mehbarə Yaşar qızı ilə bağlanmış əmək müqaviləsinı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin “a” bəndi ilə 11 oktyabr 2021-ci il tarixdən xitam verilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional şöbəsinin 27 oktyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əmək və X16”ndə M.Məmədovanın 17 fevral 2020-ci il tarixdə Cavabdehndə makinaçı vəzifəsinə işə qəbul olunduğu, 11 oktyabr 2021-ci il tarixdə isə, həmin kollecin rəhbərliyinin 42 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verildiyi, 11 sentyabr 2021-ci il tarixli, 42 nömrəli xitam əmrinin elektron İnformasiya sisteminə 13 iyul 2023-cü il tarixdə işlənildiyi qeyd edilmişdir. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı Ağdam Rayon Məhkıəməsində iddia qaldıraraq cavabdeh tərəfindən barəsində qəbul edilmiş 11 oktyabr 2021-ci il tarixli 42 nömrəli əmrin ləğv edilməklə əvvəlki işinə bərpa olunması və ödənilməmiş əmək haqqının hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 fevral 2020-ci ildən Cavabdehndə “makinaçı” vəzifəsində işləyir. Cavabdeh rəhbərliyinin 11 oktyabr 2021-ci il tarixli 42 nömrəli əmrinə əsasən əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. Həmin əmr tam əsassızdır. Beləki, işlədiyi müddət ərzində hər-hansı intizam pozuntusuna yol verməmiş, işinin öhdəsindən layiqincə gəlmişdir. Həmçinin rəhbərlik tərəfindən verilən qanunsuz qərardan son günlərdə xəbər tutmuş və bununla bağlı ondan izahat alınmamışdır.

7. Ağdam Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(013)-746/2024 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən bərəsində qəbul edilmiş 11 oktyabr 2021-ci il tarixli 42 nömrəli əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi və ödənilməmiş əmək haqqının hesablanaraq ona qaytarılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 296 maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, onu işdən çıxarmaq istədikləri dövrdə hamilə olmuşdur. İşdən çıxarılma əmri uşaq anadan olduqdan sonra verilmişdir. Halbu ki, uşağın 3 yaşa çatanadək işçinin işdən çıxarılması qanunla yol verilməzdir. ******* nömrəli əmək kitabçasında o 17 fevral 2020-ci il tarixli 6 nömrəli əmrə əsasən Cavabdehnə konsertmeystr üzrə müəllimə vəzifəsinə təyin edilmiş və onun həmin kollecdən işdən azad olunması barədə qeyd yoxdur. Cavabdeh 11 sentyabr 2021-ci il tarixli, 42 nömrəli əmrlə ona səhhəti ilə əlaqədar möhlət verilmiş, 11 oktyabr 2021ci il tarixli 42 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X10 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndisi olduğu şəxs 18 dekabr 2023-cü il tarixdə mediasiya müraciət etmiş, 12 yanvar 2024-cü ildə mediasiyadan müvafiq arayış alındıqdan sonra, məhkəməyə müraciət etmişdir. 27 oktyabr 2023-cü il tarixdə isə Əmək Müfəttişliyi onun müraciətinə cavab vermişdir. X2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 11 oktyabr 2021ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı işə bərpa barədə iddia versədə, lakin 1 aylıq müddəti ötürmüşdür. Ona görə də bu barədə ərizə verilmişdir. Eləcədə iddiaçıya son haqq-hesab ödənilmişdir. Nümayəndə sonda apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi vastəsilə təmsil olunmuşdur. Cavabdeh tərəfin nümayəndəsi isə gəlməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

15. Maddə 42

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

16. Maddə 45

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

17. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

18. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.[331]

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.[332]

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 3.1.3. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir.

20. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

21. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

22. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı Məmmədova (Səfərova) Mehparə Yaşar qızı 17 fevral 2020-ci il tarixdə 6 nömrəli əmrlə Cavabdehnə konsertmeystr vəzifəsinə işə qəbul edilmiş (əmək müqaviləsi bildirişində makinaçı göstərilib), 11 sentyabr 2021-ci il tarixli 42 nömrəli əmrlə ona işində möhlət verilmiş, Cavabdeh rəhbərliyinin 11 oktyabr 2021-ci il tarixli 42 nömrə ilə əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizəsini nəzərə alaraq iddianı rədd etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

34. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki tələblərlə yanaşı əmək mübahisələrində də iddia müddətləri tətbiq olunur. Yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən hallardan başqa (yəni müəssisədə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanlar yaradıldığı haldan başqa) qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

36. Kollegiya qeyd edir ki, İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

37. Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsinə görə, iddia müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işçinin hüququnun pozulmasını aşkar etdiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

38. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 11 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsində həmin əmrdən bu günlərdə, yəni məhkəməyə müraciət etdiyi ərəfədə xəbər tutduğunu qeyd etmiş və bununlada bildirmək istəmişdir ki, bir aylıq iddia müddətini ötürməmişdir. Halbu ki, işdən müəyyən olunur ki, iddiaçı qanunsuz olaraq işdən çıxarılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ Regional şöbəsinə müraciət etmiş və 27 oktyabr 2023-cü il tarixli 3-17-5/2-M-43043/2023 nömrəli məktubla iddiaçıya cavab verilmişdir. Apellyasiya icraatı zamanı qeyd olunan məktubun iddiaçıya məhz hansı tarixdə təqdim olunması barədə sorğuy verilmiş və alınmış sorğuya cavabda göstərilmişdir ki, məktub elə həmin tarixdə də imza etdirilməklə İddiaçı nümayəndəsinə, yəni atasına təqdim olunmuşdur. 18 dekabr 2023-cü il tarixdə isə İddiaçı Goranboy 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 30 yanvar 2024-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə sonuncuya arayış verilmişdir. 16 fevral 2024-cü il tarixdə isə iddiaçı işə bərpa barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

39. İşin yuxarıda göstərilən bu halları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı mübahisələndirdiyi əmrdən 23 oktyabr 2023-cü ilədək məlumatlı olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətinin axımı başlanmışdır. Bu da onu deməyə əsas verir ki, 18 dekabr 2023cü il tarixdə Goranboy 1 saylı Mediasiya Təşkilatına müraciət edildiyi vaxtda artıq bir aylıq iddia müddəti ötürmüşdür.

40. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh tərəf də iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

42. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

43. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil, apellyasiya şikayətində göstərilənlər əsassızolmaqla formal mülahizələrdir, İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(013)-746/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar