Məhkəmə qərarları › İş №2(104)-1506/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1506/2024

27.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1506/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(021)-520/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,8967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X2 adına qeydiyyata alınmışdır.

2. Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli 905- 05/69 nömrəli ölüm akt qeydindən çıxarışdan görünür ki, X3 16 avqust 1999-cu il tarixdə ölmüşdür;

3. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 01 saylı məktubdan görünür ki, Bərdə rayonu Lənbəran kənd sakini xx.xx.1999-cu ildə vəfat etmiş X2 ölümündən sonra ondan miras qalan yaşayış evində hal-hazırda Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır, 1,8967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,09 hektarından Cavabdeh1, qalan 0,80 ha torpaq sahəsindən isə mərhumə X2 hal-hazırda həbsdə olan oğlu X1 ailəsi istifadə edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,8967 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Bərdə rayonu Lənbəran kəndində yerləşən 1.8967 ha torpaq sahəsi var. İslahat gedərkən həmin torpaq sahələri adam başına hesablanmaqla 2 nəfər ailə üzvünə verilmişdir. Qeyd etdiyi torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. Çıxarışda adı olan X3 26 avqust 1999-cu il tarixdə vəfat etmişdir. Pay torpaq sahəsi islahat gedən zaman onlara bağ sahəsi kimi istifadə edilməsi üçün verilmişdir. Lakin, torpaq sahəsini hazırkı iş üzrə cavabdeh olan qardaşı Cavabdeh1 və həmin qardaşının oğlu Cavabdeh2 qanunsuz yolla zəbt etmiş və onun oradan bağ kimi istifadə etməsinə maneçilik törədirlər. Hal-hazırda cavabdehlər həmin pay torpaq sahəsində işlər apararaq oradan gəlir əldə edirlər. Dəfələrlə cavabdehlərdən ona məxsus olan 1.8967 ha torpaq sahəsini tələb etsə də, müsbət nəticə olmamışdır və cavabdehlər torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Halbuki, ona məxsus olan 1.8967 ha torpaq sahəsini heç bir şəxsin istifadəsinə rəsmi olaraq verməmişdir.

6. Bərdə Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi barədə iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır.

7. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(021)-520/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Cavabdeh2 qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi; İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 213.1, 213.2, 213.3 və 213.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 1.8967 ha torpaq sahəsini qardaşı oğlu Cavabdeh2 qanunsuz yolla zəbt etmişdir və beləliklə oradan bağ kimi istifadə etməyinə maneçilik törədir. Hal-hazırda cavabdeh həmin pay torpaq sahəsində işlər apararaq oradan gəlir əldə edir. Məhkəmə prosesi zamanı qardaşı Cavabdeh1 vəfat etdiyi üçün bütün işləri oğlu Cavabdeh2 aparıbdır. Bundan başqa, mərhum anası Tavad Hüseynovanın vəfatından sonra özü həmin evdə yaşamış və mübahisəli torpaq sahəsindən istifadə etmişəm.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum atası Cavabdeh1 mərhum nənəsi Tavad Hüseynovanın vərəsəsidir. Çün ki, nənəsinin sağlığında və onun vəfatından sonra da mübahisəli torpaq sahəsindən istifadə edirlər. Bibisi olan iddiaçı Şəkufə Hüseynova isə torpaq sahəsini tamailə ələ keçirtmək istəyir. Torpaq sahəsinin ½ hissəsi mərhum nənəsi Tavad Hüseynovanın adındadır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, mərhum nənəsi Tavad Hüseynovadan miras qalmış əmlaka dair vərəsəlik işi açılmamışdır. Mərhum nənəsi vəfat etdikdən sonra mərhum atası Cavabdeh1 faktiki olaraq torpaq sahəsinə sahiblik edərək istifadə etmişdir. Mübahsiəli torpaq sahəsinin ½ hissəsindən onlar istifadə edir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 28 Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,8967 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Birgə mülkiyyətçi X3 16 avqust 1999-cu il tarixdə ölmüşdür. Onun oğlu Cavabdeh1 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin torpaq sahəsi birgə mülkiyyətçilərin adlarına qeydə alınmışdır. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.

31. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mərhum X2 ölümündən (xx.xx.1999) sonra ona məxsus evdə oğlu Cavabdeh1 və onun ailə üzvləri yaşamışdır. Ümumu birgə mülkiyyətdə olan 1,8967 ha torpaq sahəsi üzərində paylar müəyyən edilməmiş, o cümlədən iddiaçının payı naturada müəyyən edilərək ayrılmamışdır. X2 vərəsələrinin onlara düşən paydan imtina etmələri barədə sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Sözügedən torpaq sahəsində iddiaçının payı naturada müəyyən edilərək ayrılmadığından məhz iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edilməsini müəyyənləşdirmək mümkün deyildir. İddiaçı isə cavabdehlərin məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmələri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

34. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

36. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi X2 ölümündən (xx.xx.1999) sonra sonuncunun mərhum oğlu Cavabdeh1 ailə üzvü qismində anasına məxsus fərdi yaşayış evində yaşamış, habelə oğlu olan Cavabdeh2la birgə mübahisəli torpaq sahəsinə istifadə və sahiblik etmişdir.

36. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi İddiaçı və onun mərhum anası Tavad Hüseynovanın hər birinin ½ hissədə mülkiyyət payı olmaqla adlarına qeydə alınmışdır. Torpaq sahəsinə dair iddiaçının payı naturada müəyyən edilməmişdir. Yəni, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ona aid hissədə koordinatları müəyyən deyil. Belə olan halda, hazırkı mərhələdə cavabdeh tərəfindən iddiaçıya məxsus (½ hissə) torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyənləşdirilməsi mümkün deyildir.

37. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsindən istifadəsi mülkiyyətə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz.

38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, birgə mülkiyyətçi olan İddiaçı ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyi təqdirdə, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırkı iddianın təmin edilməməsi iddiaçının həmin iddia ilə məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir.

39. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(021)-520/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar