Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1511/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququ; paylı mülkiyyət; mülkiyyətə müdaxilə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(013)-321/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-343A KOD 60909058 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2000-ci il tarixli 01 saylı qərarı ilə Ağdam rayonu Mahrızlı kəndində yerləşən 0.18 ha həyatyanı torpaq sahəsi X4 və onun ailə üzvləri - X5, X6, İddiaçı1, İddiaçı2, Cavabdeh və X2 paylı mülkiyyətinə verilmişdir (şəhadətnamə xx.xx.2004-cü il tarixdə tərtib edilmişdir; şəhadətnamə tərtib edilən zaman torpaq sahəsinin üzərində 91, 3 kv.m yaşayış sahəsi mövcud olmuşdur).
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara məxsus Ağdam rayonu Mahrızlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Ağdam rayonu Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ailə başcısı kimi qeydə alınmış və ailə tərkibində qardaşı İddiaçı2 da olmuşdur. Digər qardaşı Cavabdeh nümayəndəliyin təsərrüfat uçotu kitabında ayrıca təsərrüfatda olmasına baxmayaraq, ailəsi ilə birlikdə onların yaşadıqları evi zəbt edərək orada yaşayırlar və onları da evdən çıxartmışlar. Hazırda bacılarının və digər qohumlarının evində qalmaq məcburiyyətindədirlər. X1 və anası X5 vəfat etmişlər. Xəstə qardaşı İddiaçı2 İddiaçı1 baxır. Lakin cavabdeh onlara özlərinə məxsus evdə yaşamağa imkan vermir, hər gün təhqir edərək evdən qovur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Ağdam rayonu Mahrızlı kəndində 0.18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sənədi yoxdur. Həmin ev mərhum atasından qalmışdır. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçıların həmin evə köçürülməsinə etiraz etmir. Lakin iddia tələbinin onun həmin evdən çıxarılması hissəsinə etiraz edir və iddianın onun evdən çıxarılması hissəsinin rədd edilməsini xahiş edir.
5. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(013)-321/2025 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağdam rayon Mahrızlı kəndində 0.18 ha torpaq sahəsində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi; İddianın qalan hisələrdə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Mülki Məcəllənin 27-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2000-ci il tarixli 01 saylı qərarı ilə Ağdam rayonu Mahrızlı kəndində yerləşən 0.18 ha torpaq sahəsi X4 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur və fərdi yaşayış evində o digər iddiaçı olan xəstə qardaşı İddiaçı2 ilə birlikdə yaşamışdır. Lakin, cavabdeh olan digər qardaşı Cavabdeh onları söyüb-təhqir edərək yaşadıqları evdən qovmuşdur. Elə buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Lakin, işə baxan məhkəmə iddia tələbini qismən təmin etmiş, cavabdeh olan qardaşı Cavabdeh sözügedən fərdi yaşayış evindən çıxartmamış və ödənilmiş dövlət rüsumunu onlara aid etmişdir. Lakin, o qətnamənin həmin hissəsi ilə razı deyildir. Belə ki, cavabdeh ayrıca təsərrüfatda olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə onların yaşadığı evi zəbt etmiş və onları evə buraxmır. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə cavabdehin adının olması fərdi yaşayış evindən istifadə üçün əsas ola bilməz. Çünki, cavabdeh ailəsi ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh uzun müddətdir ki, hazırda onların yaşadığı fərdi yaşayış evində yaşamışdır. Cavabdeh qardaşının xəstə olmasından və onun yaşlı qadın olmağından istifadə edərək onları yaşadıqları evdən qovmuşdur. Hesab edir ki, cavabdeh ayrıca təsərrüfatda olduğu və özünün fərdi yaşayış evi olduğu üçün onlara məxsus evdən çıxarılmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıların köçürülməsini tələb etdikləri ev mərhum atalarına məxsus olmuşdur və ev 1960-1970-ci illlərdə inşa edilmişdir. O, həmin evdə doğulmuş, orada böyümüşdür. Hazırdada da orada yaşamaqdadır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçıların evdə yaşamalarına hər hansı mane yaratmamışdır. İddiaçıların evdə yaşamalarına etirazı yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 məhkəməyə teleqram göndərərək xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Digər iddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 torpağın mülkiyyətə verilməsinə dair JN-343A KOD 60909058 nömrəli şəhadətnamə ilə X4, X5, X6, İddiaçı1, İddiaçı2, Cavabdeh və X2 paylı mülkiyyətinə verilmiş Ağdam rayonu Mahrızlı kəndində ki 0.18 ha həyatyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər bacı-qardaşdırlar. torpağın mülkiyyətə verilməsinə dair JN-343A KOD 60909058 nömrəli şəhadətnamə ilə Ağdam rayonu Mahrızlı kəndində yerləşən 0.18 ha həyatyanı torpaq sahəsi X4 və onun ailə üzvləri - X5, X6, İddiaçı1, İddiaçı2, Cavabdeh və X2 paylı mülkiyyətinə verilmişdir (şəhadətnamə xx.xx.2004-cü il tarixdə tərtib edilmişdir; şəhadətnamə tərtib edilən zaman torpaq sahəsinin üzərində 91, 3 kv.m yaşayış sahəsi mövcud olmuşdur). İddiaçılar İddiaçı1 və İddiaçı2 Ağdam rayonu Mahrızlı kəndində ki 0.18 ha həyatyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən çıxarıldıqlarını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermiş, mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, iddianın qismən təmin edilməsi qənaətinə gəlsə də, lakin iddianın hansı səbəbdən təmin edil(mə)diyini konkret hallara istinadən və müfəssəl formada qətnamədə əsaslandırmamışdır. Halbuki, MPM-nin 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. İddia tələbi təmin edilmədikdə, qətnamədə təmin olunmayan hissəsi əsaslandırılmalıdır.
33. Digər tərəfdən, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir; Belə ki, iddiaçıların köçürülmələrini tələb etdiyi fərdi yaşayış evinin hansı tarixdə inşa edildiyi və iddiaçıların oraya hüquqlarının hansı tarixdə yarandığı konkret məlum olmasa da, lakin görürən odur ki, mübahisəli ev tərəflərin ata mülküdür və 2004-cü ildə evin yerləşdiyi torpaq sahəsi tərəflər və onların ailə üzvlərinin paylı mülkiyyətinə verilərkən ev torpaq sahəsinin üzərində mövcud olmuşdur (bu barədə şəhadətnamədə müvafiq qeyd aparılmışdır). Məhkəmə MPM-nin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq, qətnaməni mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarmalı olduğu halda, mübahisənin həllinə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Hansı ki, tərəflər mübahisəli evdə yaşamağa başladıqları vaxt həmin normativ hüquqi akt heç mövcud belə olmamışdır (Mənzil Məcəlləsi Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir).
34. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bu prinsip sayəsində hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
35. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
36. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
37. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. İddianın əsaslılığına münasibət bildirərək kollegiya vurğulayır ki Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.
39. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-343A KOD 60909058 nömrəli şəhadətnamə ilə iş üzrə tərəflərin və onların ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Hələ həmin şəhadətnamə xx.xx.2004-cü il tarixdə tərtib edilən zaman mübahisəli ev torpaq sahəsinin üzərində mövcud olmuşdur. Paylı mülkiyyətçilərin evə dair hüquqları dövlət qeydiyyatına alınmamışdır.
40. Mübahisəli ev dövlət qeydiyyatına alınmamış olsa belə, lakin həmin ev, yerləşdiyi torpaq sahəsi ilə birgə vahid əmlakdır. Belə ki, mülki qanunvericiliyə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 3.7-ci maddəsi).
41. Mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.
42. Belə ki, «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X13 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X3 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X13 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
44. Beləliklə, iddiaçılar mübahisəsi gedən evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla, onların həmin torpağın üzərində yerləşən fərdi yaşayış evinə də qanuni əsaslarla gözlənilən mükiyyət hüquqları vardır.
45. Digər tərəfdən də məlumdur ki, sözügedən ev iş üzə tərəflərə məxsus torpaq sahəsinin üzərində yerləşməklə torpaq sahəsinin ayrılmaz tərkib hissəsidir. Nəzərə alınsa ki, mübahisəli ev (hazırda qeydiyyata alınmayan) tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir; bu halda iddiaçıların həmin evə sahiblik və istifadə imkanlarından məhrum olması, əslində, onların paylı mülkiyyətlərində olan torpaq sahəsinə hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki, mülki qanunvericiliyə görə vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir, əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Əks yanaşma, iddiaçıların paylı mülkiyyətlərində olan torpaq sahələrinə qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan gözlənilən mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar.
46. Beləliklə, iddiaçılar evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçisi olaraq mülkiyyətçi hüquqlarının onlara tanıdığı imkandan istifadə edərək mübahisəli evə köçürülmələrini tələb etməkdə haqlıdırlar.
47. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya vurğulayır ki, cavabdehin mübahisəli evdən çıxarılması hissədə iddiaçıların tələbi əsassızdır; Çünki, yuxarıda da qeyd edildiyi kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir və torpağın paylı mülkiyyətçilərindən biri də cavabdeh İddiaçı2dur. Başqa sözlə, iddiaçılarla bərabər onun da paylı mülkiyyətində olan torpaq sahəsinə, habelə torpağın ayrılmaz tərkib hissəsi sayılan üzərindəki fərdi yaşayış evinə qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan hüquqları vardır. Ona görə də həmin hissədə iddianın təmin edilməsi yolverilən deyildir.
48. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı1 verilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(013)-321/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 torpağın mülkiyyətə verilməsinə dair JN-343A KOD 60909058 nömrəli şəhadətnamə ilə X4, X5, X6, İddiaçı1, İddiaçı2, Cavabdeh və X2 paylı mülkiyyətinə verilmiş Ağdam rayonu Mahrızlı kəndində ki 0.18 ha həyatyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.