Məhkəmə qərarları › İş №2(104)-1521/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1521/2024

22.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1521/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi olan vəkil Nümayəndə iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-292/2012 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən etibarsız hesab edilməsi və torpaq sahəsinə təkbaşına mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F saylı şəhadətnamənin X2 dair hissədə etibarsız hesab edib, həmin şəhadətnamədə qeyd edilən 0,15 ha torpaq sahəsinə onun təkbaşına mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmiş, İddiaçı və X1 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001- ci il tarixli, JN -104F nömrəli şəhadətnamənin X1 adına olan hissədə etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsində cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon Torpaq şöbəsi, tələb isə Xanlar rayon Aqrar İslahatKomissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli şəhadətnamənin ləğv edilməsi olmuşdur. Bu tələb isə İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən inzibati icraatı qaydasında baxılan iddia tələbidir. Bundanda başqa, qanunvericiliyin tələbinə əsasən cavabdeh şəxslər dövlət orqanı olduqda və yaxud dövlət orqanının qərarı mübahisələndirildikdə iş inzibati-iqtisadi məhkəmədə baxılır. Göründüyü kimi, Göygöl rayon Məhkəməsi işi icraatına qəbul edərkən Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələblərinə riayət etməmiş və işi icraata qəbul edərkən aidiyyət məsələlərini yəni işin ümumi yoxsa inzibati-iqtisadi məhkəməyə aid olması məsələsini həll etməli olduğu təqdirdə həll etməmişdir. İddiaçı və cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər.Cavabdeh1 məhkəmə kollegiyasının iclasında nümayəndəsi olan vəkili Nümayəndə ilə təmsil edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi olan vəkil Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinin ləğv edilməli, mülki işin icraatına xitam verilməli və cavabdehə hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş; Torpağın mülkiyyətə verilməsinə dair JN-104F nömrəli, 17 iyun 2001-ci il tarixli şəhadətnamənin sürətindən görünür ki, həmin şəhadətnamədə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən ayrılmış 0.15. ha torpaq sahəsi İddiaçı və X1 adına verilmişdir. Göygöl rayonu Aşıqlı kəndində yerləşən evə dair texniki-pasportun sürətindən görünür ki, həmin evin texniki göstəriciləri xx.xx.1987-ci il tarixdə İddiaçı adına verilmişdir. Göygöl RHİB-nin xx.xx.2000-ci il tarixli, 28 nömrəli sərəncamdan çıxarışın, doğum haqqında şəhadətnamənin və övladlığa götürmə haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 atası X5, anası X4r. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələb əslində inzibati orqan tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, JN-104F saylı şəhadətnamənin ləğvi ilə bağlıdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və cavabdehə hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384, 387, 402-407-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar