Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1524/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(062)-10/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Tovuz rayonu Bozalqanlı kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 3,81 kv.metrə qədər hissəsi İddiaçı adına **********31-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,24 ha torpaq sahəsi ilə üst-üstə düşür.
3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2025-ci il tarixli, 3-16- 16/2-10/2777 saylı ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iddia işi üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işlərinin nəticəsi kameral şəraitdə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 3,81 kv metr hissəsi baza məlumatlarına əsasən, İddiaçı məxsus **********31- 10301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********31-10301 olan çıxarışla göstərilən cizgilər daxilində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh həmkəndlisidir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi ********** olan Çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0,24 ha torpaq sahəsi onun mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində özünün ailə ehtiyaclarını qarşılamaq işləri aparmaq istəyir. Lakin Cavabdeh torpaq sahəsinin bağ hissəsinə girərək torpağı əkib-becərir və onu öz mülkiyyətindən istifadə etməyinə imkan vermir, ona mane olur.
6. İddiaçı iddia ərizəsində qeyd edilən hallara oxşar izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə sahələri qonşuluqda yerləşir. O, iddiaçının sahəsini zəbt etməmişdir. İddiaçının çıxarışı ona torpaq sahəsi verildikdən sonra verilmişdir, ona görə də qanunsuzdur. Əlində sənədi vardır, o sənəddən əlavə nə torpaq sahəsi varsa, qaytarmağa hazırdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-10/2025 nömrəli qətnaməsi (hakim Q.Baxşıyev) ilə, iddianın təmin edilməsi, Cavabdeh reyestr nömrəsi **********31-10301 olan çıxarışla İddiaçı məxsus 0,24 ha torpaq sahəsinin zəbt edilmiş 3,81 kv. metr hissəsindən çıxarılması, İddiaçı və Cavabdeh hər birindən 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Tovuz rayonu Bozalqanlı kəndində 0,24 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi reyestr nömrəsi **********31-10301 olan çıxarışla xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 3,81 kv.metrə qədər hissəsi İddiaçı adına **********31- 10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. 12 may 2025-ci il tarixli, 3-16-16/2-10/2777 saylı ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədi ilə, məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 3,81 kv metr hissəsi baza məlumatlarına əsasən, İddiaçı məxsus **********31-10301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, İddiaçı Cavabdeh qarşı Tovuz rayonu Bozalqanlı kəndində yerləşən torpaq sahəsindən çıxarılması tələbi üst-üstə düşən 3,81 kv.metr hissədən çıxarılması təmin edilməlidir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə və 111-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 216- 220-ci və 234-cü maddələrinə istinad etmişdir.
11. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-10/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə X1 Tovuz rayonu Bozalqanlı kəndində 0.24 ha torpaq sahəsi ayrılıb və buna müvafiq oaraq da JN125F Kod 50300088 nömrəli torpaq şəhadətnaməsi verilib. Həmin kənddəki bu növ ərazilər az qala səliqəli olaraq düzbucaqlı şəkildə qurulub və hər kəs öz ərazisini aydın görür, tanıyır və istifadə edir. Kimsə, kiminsə ərazisinə zatən girə bilməz, çünki 25 il bundan qabaqdan bu ərazilər bəllidir. 25 ildən çoxdur ki, həmin ərazinin, torpağın sahibi qardaşıdır. Onun torpağı niyə saxta rəylə başqasının sayılmalı və cavabdeh kimi də o olmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh məhkəmə iclasında izahtında bildirdi ki, torpaq sahəsi atasından qalma torpaq sahəsidir və torpaq sahəsi hər zaman olduğu kimi olmuşdur. Torpaq sahəsində o və qardaşı yaşayır. Torpaq sahəsinin yuxarı tərəfində qardaşı yaşayır, o isə ata mülkündə yaşayır. Mübahisəli torpaq sahəsi onun qardaşı tərəfindən istifadə edilir və eyni zamanda ekspert düzgün rəy verməmişdir. Buna görə də yenidən ekspertiza təyin edilməsini istəyir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
19. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
30. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-10/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, işin halları ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********31-10301 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu Bozalqanlı kənd ərazisində 0,24 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 3,81 kv. metr hissəsi isə cavabdeh tərəfindən istifadə olunur.
49. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
50. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
51. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
52. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
53. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
54. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
55. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
56. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın 12 may 2025-ci il tarixli, 3-16-16/2-10/2777 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 3,81 kv.m hissəsi baza məlumatlarına əsasən, İddiaçı məxsus **********31-10301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür.
57. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
58. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
59. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
60. Göründüyü kimi, iddiaçının mükiyyətində olan torpaq sahəsindən 3,81 kv.m hissəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edir.
61. Apellyatorun iş üzrə yenidən ekspertiza təyin edilməsi barədə vəsatətinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh rəyin əsassız olduğunu iddia etsə də cavabdeh tərəfindən təqdim olunmuş vəsatətdə mövcud ekspert rəyinin əsassız olduğunu təsdiqləyən hər hansı hüquqi və faktiki dəlil göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, tərəflər iddia etdikləri halları sübut etməlidirlər. Lakin, cavabdeh nə yazılı, nə də digər prosessual sübutlarla mövcud rəyin qeyri-dəqiqliyini əsaslandıra bilməmişdir ki, cavabdehin yenidən ekspertzanın keçirilməsinə dair vəsatəti məhkəmənin protokol qərardadına əsasən rədd edilmişdir.
62. Mövcud 12 may 2025-ci il tarixli, 3-16-16/2-10/2777 nömrəli ekspert rəyi isə mübahisəli torpaq sahəsinin faktiki ölçülərini və sərhədlərini tam əks etdirmişdir. Ekspert rəyinin hazırlanması zamanı müasir ölçmə vasitələrindən, situasiya planından və dövlət reyestrinin elektron baza məlumatlarından istifadə edilmiş, nəticələr dəqiq və müfəssəl formada göstərilmişdir. Bu səbəbdən, həmin rəyin obyektivliyi və elmi əsaslara söykənməsi şübhə doğurmur.
63. Eyni zamanda, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə, o cümlədən reyestr çıxarışı ilə üst-üstə düşmüş, torpaq sahəsinin dəqiq koordinatları və sərhədləri təsdiqlənmişdir. Məhz bu səbəbdən məhkəmə mövcud ekspert rəyini iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün kifayət hesab edir.
64. Belə olan halda, cavabdehin əlavə ekspertiza keçirilməsi barədə vəsatəti yalnız prosesi uzatmaq xarakteri daşıyır və işin mahiyyətinə heç bir əlavə aydınlıq gətirmir. Qeyd olunan əsaslara görə, məhkəmə cavabdehin vəsatətinin əsassız olduğu qənaətinə gəlir və onun təmin edilməməsini düzgün hesab edir.
65. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
66. Məhkəmə iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
67. Cavabdeh torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini və qardaşının işə cəlb edilməli olmasını iddia edir. Məhkəmə bununla bağlı qeyd edir ki, torpaq sahəsi cavabdeh tərəfindən deyil, qardaşı tərəfindən zəbt edilmiş olduğu halda onun torpaq sahəsindən çıxarılması ilə məhkəmə qərarı onun üçün hüquqi nəticə yaratmaycaqdır.
68. Eyni azmanda məhkəmə iclasında cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin yuxarı tərəfində qardaşı yaşayır, o isə ata mülkündə yaşayır. Cavabdehin qardaşı torpaq sahəsinin yuxarı hissəsində yaşayırsa mübahisə predmeti olan iddiaçıya məxsus torpaq sahəsidə məhz cavabdehin istifadəsində olan ərazidədir .
69. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
70. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
71. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi :
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-10/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.