Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1525/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(125)-4148/2025 nömrəli qərardadından Ərizəçi vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 10734 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum babası X1 miras qalmış və hazırda ünvan 1 ünvanında yerləşən mənzilə dair mirası qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırlımışdır ki, mərhum babası X1 ünvan 2 ünvanında yerləşən yaşayış evi miras qalıb. Qeyd olunan yaşayış evini babası sağlığında ona vəsiyyət edib və 04 fevral 2020-cı il tarixdə vəfat edib. O vəfat etməmişdən əvvəl xx.xx.2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə yazıb və vəsiyyətnamədə qeyd edib ki, mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzili ona vəsiyyət edir. Babası vəfat edəndən sonra vəsiyyətnamə əsasında ona vəsiyyət edilmiş mirası faktiki olaraq qəbul etmiş və bu gün də miras onun sahibiyində və istifadəsində olmaqla o idarə edir. Babasının birinci növbə vərəsəsi olan övladlarından heç biri mirası nə faktiki olaraq qəbul etməmişlər, nə də notariat orqanına müraciət etməmişlər. Hazırda da babasının birinci növbə vərəsələrinin mirasla bağlı heç bir tələbləri, miras barəsində də heç bir mübahisə yoxdur. O, notariat orqanına müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin notariat orqanı tərəfindən imtina olunaraq, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(125)-4148/2025 nömrəli qərardadı ilə (hakim X.Səfərli) ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iş üçün qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan ərizəçinin vəkili (nümayəndəsi) şikayət verərək, ləğv olunmasını və işin icraata qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, miras əmlak ərizəçiyə vəsiyyət üzrə keçmiş, ərizəçi də mirası vəsiyyət üzrə vərəsə olaraq qəbul etmişdir, bu gün də idarə edir. Digər birinci növbə vərəsələrin də buna heç bir etirazı yoxdur. Mirasın açıldığı yer Gəncə şəhəridir, aidiyyəti üzrə də 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edilmiş və həmin orqan da imtina məktubu vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4148/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, həmin kateqoriya iş üçün qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də, MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydə alınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğvi edilməsi əsas deyildir. İşin hallarından göründüyü kimi iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmiş və sonuncu ərizəçi ilə miras qoyan – X2 arasında qohumluq əlaqələrini sübut edən sənədlər mövcud olmadığına görə ərizənin icrasından imtina etmişdir. Başqa sözlə, notariat ofisi miras əmlakın bölüşdürülməsi ilə bağlı miras şərikləri arasında ixtilaf (mübahisə) olması əsası ilə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın qəbul edilməsinə dair iddiaçı ilə başqa şəxslər arasında mübahisə olması müəyyən edilmir. Həmçinin iddia ərizəsinin məzmununda da bu barədə hər hansı qeyd göstərilməmiş, əksinə digər vərəsələrin buna etirazının olmaması qeyd edilmişdir. Bununla yanaşı məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı və qanun üzrə vərəsələr dairəsinə əsasən miras qoyan ilə qohumluq əlaqələrini sübut edən sənədlər təqdim edilmədiyindən notariat orqanı tərəfindən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi və məhkəmə qaydasında vərəsə tanınması tövsiyyə olunaraq notarius tərəfindən ərizəçinin müraciətinin müsbət həllindən imtina edilmişdir. Halbuki, ərizəçi məhkəməyə müraciətində onun adına verilmiş vəsiyyətnamənin qüvvədə olmasına istinad etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, notariat orqanı tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, sözügedən vəsiyyətnamə dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Ərizəçi hazırkı tələblə mirasın açıldığı və vəsiyyətnamənin tərtib olunduğu notariusa müraciət etməmişdir. Bundan başqa, ərizəçiyə vəsiyyətnamə üzrə hüquqlarının qeydə alınması üçün müvafiq notariat orqanına müraciət etmək hüququ izah olunur. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 153, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçinin vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(125)-4148/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qətidir və ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2(104)-1525/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1525/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver