Məhkəmə qərarları › İş №2(104)-1528/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1528/2025

17.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1528/2025 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İsgəndərov Abuzər Qəhrəman oğlunun və iddiaçı2 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İsgəndərov Abuzər Qəhrəman oğlu, iddiaçıların vəkili (nümayəndəsi) vəkil2, cavabdeh Cavabdeh və cavabdehin vəkili (nümayəndəsi) İsayeva Xalidə İsa qızının iştirakları ilə, “cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 1991-ci ildə İsgəndərov Abuzər Qəhrəman oğlu və iddiaçı2 oğlu İsgəndərov Azər Abuzər oğluna Şəmkir şəhəri Təbriz küçəsi ** saylı ünvanda yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. 1992-ci ildə İsgəndərov Azər Abuzər oğlu vəfat etmişdir.

3. İsgəndərov Abuzər Qəhrəman oğlu və iddiaçı2 (iddiaçılar) Cavabdeh (cavabdehin) keçmiş qaynana və qaynatasıdır. Belə ki, Cavabdeh ilə iddiaçıların digər oğlu İsgəndərov Şahin Abuzər oğlu 2000-ci ildə nikaha daxil olmuşlar. Tərəflərin həmin nikahdan 2000 və 2003-cü il təvəllüdlü iki uşağı var.

4. Onların nikahı ##.##.2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

5. ##.##.2018-ci ildə iddiaçıların mərhum oğluna məxsus olmuş, yuxarıda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi – mübahisəli əmlak iddiaçıların adına ümumi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2018-ci il).

6. Şəmkir şəhəri, Hafiz Babaşov küçəsi ** saylı ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi ##.##.2020-ci ildən cavabdehin mülkiyyətindədir, bu barədə ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış rəsmiləşdirilmişdir.

7. Cavabdehin mübahisəli əmlaka dair iddiaçıların adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad qanuni qüvvəsini almışdır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - Cavabdeh Cavabdeh naturada təqdim etdiyi torpaq sahəsinin (fərdi yaşayış evi) koordinatları ilə ##.##.2018-ci il tarixli, 504013095711-***** reyestr nömrəli çıxarışda nəzərdə tutulan 0.07 ha torpaq sahəsinin koordinatları eynilik təşkil edir. - TEKUİS və AZCAD məlumatlarına istinadən 504013095711-***** reyestr nömrəli çıxarışın koordinatları ilə naturada təqdim edilən torpaq sahəsi üst-üstə düşür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyinin tədqiqat və nəticə hissələrində qeyd edilmişdir ki: - ünvan 4 ünvanında yerləşən həyətyanı torpaq sahəsində tikilən fərdi yaşayış evi üzrə aparılır. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinə baxış keçirilən zamanı yaşayış evinin tikintisi və təmiri tam başa çatmamış vəziyyətdə olduğu müəyyən edilmişdir. - Tədqiqatın aparılması göstərilən tikililərə ekspert tərəfindən iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək müvafiq ölçü işləri aparılmışdır. - Baxış zamanı tədqiq olunan ünvanda inşa olunmuş fərdi yaşayış evinin divarları bir və iki qat mişar daşından və dəmir beton materialından inşa edildiyi müəyyən edilmişdir. - Tədqiq olunan yaşayış evinin birinci mərtəbəsində yerləşən tikililərin sahələri aşağıdakı kimi müəyyən edilir. 1-ci mərtəbə üzrə: * saylı tikilinin sahəsi -34,7 kv.m; * saylı tikilinin sahəsi -43,7 kv.m; * saylı tikilinin sahəsi -17,4 kv.m; * saylı tikilinin sahəsi -15,8 kv.m; * saylı tikilinin sahəsi -24,0 kv.m; * saylı tikilinin sahəsi -16,8 kv.m; 2-ci mərtəbə üzrə: * saylı tikilinin sahəsi -35,3 kv.m; * saylı tikilinin sahəsi -46,0 kv.m; * saylı tikilinin sahəsi -18,0 kv.m; ** saylı tikilinin sahəsi -64,4 kv.m. - Tədqiq olunan fərdi yaşayış evinə baxış keçırılən zaman fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən 2, 3 və * saylı tikililərin döşəmələri taxta ilə üzlənmiş, divarları sement materialı ilə suvanmış, tavanının isə dikt materialı ilə üzləndiyi və elektrik xəttinin çəkildiyi müəyyən edilmişdir. - Tədqiq olunan 2, 3 və * saylı tikililərin pəncərələrinin plastik, qapılarının isə taxta materialdan quraşdırıldığı müəyyən edilmişdir. - 1, 5 və * saylı tikililərin divarları mişar və but daşından hörülmüş vəziyyətdə olduğu (suvaq vurulmayıb), döşəməsi torpaq, tavanı vurulmamış vəziyyətdə olduğu müəyyən edilmişdir. - Fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən 7, 8, 9 və ** saylı tikililərin döşəməsi atma taxta, divarları mişar və but daşından hörülmüş vəziyyətdə olduğu (suvaq vurulmayıb), tavanı isə metal şiferlə üzləndiyi müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan 7, 8, 9 və ** saylı tikililərin qapı və pəncərələrinin quraşdırılmamış vəziyyətdə olduğu müəyyən edilmişdir. - ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evində aparılmış təmir işlərinin qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçılar İsgəndərov Abuzər Qəhrəman oğlu və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus, ünvan 2 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, oğlu İsgəndərov Şahin Abuzər oğlu cavabdeh Cavabdeh ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və onlara məxsus Şəmkir rayonu, Hacıalılar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2003-cü ildə cavabdeh və oğlu onlara məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşlər. Onların iki qız övladları artıq yetkinlik yaşına çatmışlar. Məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdehin özünə məxsus fərdi yaşayış evi olsa da, onlara məxsus evdən çıxmaq istəmir və onları öz evinə buraxmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar.

11. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədli) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ************-***** nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçılar İsgəndərov Abuzər Qəhrəman oğlunun və iddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçılar İsgəndərov Abuzər Qəhrəman oğlu və iddiaçı2 həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçıların keçmiş gəlini olmaqla MM-nin 228.5-ci maddəsində sadalanmış mülkiyyətçinin ailə üzvləri sırasına daxil olmadığından onun iddiaçılara məxsus torpaqdan və evdən istifadəsinin hüquqi əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Məhkəmə baxışı nəticəsində tərəflərin arasında hər hansı əqdin olmadığı, cavabdeh Cavabdeh yalnız iddiaçıların şifahi razılığına əsasən həmin torpaq sahəsindən və evdən istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də cavabdeh Cavabdeh həmin evdən istifadə hüququnun olmadığı müəyyən edilir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 152.5, 228.2 və 228.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

14. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikaha daxil olduqdan sonra iddiaçılar mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində ona və ərinə ev tikməyi məsləhət görmüş, torpaq sahəsinin isə onlara məxsus olacağını bildirmişlər. Cavabdeh əri ilə birlikdə mərhum qaynına məxsus olmuş torpaq sahəsində 1 otaqdan ibarət fərdi yaşayış evi tikmiş, 2002-ci ildən isə həmin evdə yaşamağa başlamışlar. Evin bütün kommunal ödənişləri də cavabdehin əri Şahinin adına olmuşdur. Onlar boşandıqdan sonra əri valideynlərinin yanına köçmüş, özü isə uşaqları ilə birgə orada yaşamağa davam etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, iddiaçılar mərhum qaynının adına vərəsəlik şəhadətnaməsi aldıqdan sonra həmin evə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmişlər. Halbuki, sözügedən ev onun iddiaçıların oğlu ilə birgə nikahda olduğu dövrdə, onun maddi vəsaiti hesabına tikilmişdir. Cavabdehlər bir gün belə həmin evdə yaşamamış, evin tikilməsinə hər hansı vəsait xərcləməsələr də, heç bir hüquqi əsas olmadan mülkiyyət hüququ əldə etmişlər.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehin mübahisəli əmlakdan çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat:

17. İddiaçıların vəkili (nümayəndəsi) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin təmin olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasında cavabdeh və onun vəkili (nümayəndəsi) ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini, iddiaçı Abuzər İsgəndərov və iddiaçıların vəkili (nümayəndəsi) isə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən, digər iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Apellyasiya baxışının hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, mülki iş cavabdehin mübahisələndirilən fərdi yaşayış evindən çıxarılması hissəsində yeni apellyasiya baxışına qaytarılmışdır. Belə olan təqdirdə hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı «cavabdehin mübahisələndirilən fərdi yaşayış evindən çıxarılması» hissədə yoxlanılmalıdır. Çünki işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiyası məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 1991-ci ildə iddiaçıların oğlu İsgəndərov Azər Abuzər oğluna Şəmkir şəhəri Təbriz küçəsi ** saylı ünvanda yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi verilmiş, sonuncu 1992-ci ildə vəfat etmişdir. Bundan başqa, iddiaçılar cavabdehin keçmiş qaynana və qaynatasıdır. Belə ki, cavabdeh ilə iddiaçıların digər oğlu İsgəndərov Şahin Abuzər oğlu 2000-ci ildə nikaha daxil olmuşlar və cavabdeh 2000-ci ilin yanvar ayında iddiaçılara məxsus Şəmkir şəhəri Hacılar kəndində yerləşən digər evinə gəlin köçsə də, sonradan ailəsi ilə birlikdə qaynı Azər İsgəndərova verilmiş torpaq sahəsində inşa edilmiş mübahisəli evdə 2002-ci ilin fevral ayından yaşamağa başlamışlar. Cavabdehin iddiaçıların digər oğlu Şahin İsgəndərovla nikahı ##.##.2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. ##.##.2018-ci il tarixdə iddiaçıların mərhum oğluna məxsus olmuş, yuxarıda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi – mübahisəli əmlak iddiaçıların adına ümumi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2018-ci il). İddiaçılar cavabdehin həmin evdə yaşamasının onların mülkiyyət hüquqlarını həyata keçirtmələrinə mane yaratdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

26. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışı qaytarılması ilə bağlı ##.##.2025-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iddiaçıların cavabdehin mübahisə obyektindən çıxarılması haqqında tələbləri Mülki Məcəllənin 157.4-cü maddəsinə əsaslanır. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi, eləcə də bu müdaxilənin qanunsuz olması aşkar edilməlidir. Baxılan işdə iddiaçıların mübahisəli daşınmaz əşyanın ümumi mülkiyyətçiləri olmaları, cavabdehin sözügedən evdə iddiaçıların iradəsi əlehinə yaşaması, eləcə də cavabdehin orada qalmasının qanundan və ya müqavilədən irəli gələn bir hüquqi əsasa söykənmədiyi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Bu hallar cavabdehin çıxarılması tələbinin Mülki Məcəllənin 157.4-cü maddəsinə uyğun olduğunu göstərir. Apellyasiya məhkəməsinin həmin tələbi rədd etmək üçün istinad etdiyi hal isə qanunsuz sahibin əşyaya etdiyi yaxşılaşdırmaların ödənildiyi vaxtadək yaşayış sahəsindən çıxmaması barədədir. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı saymır ona görə ki, əvvəla, qanunsuz sahibin əşyaya etdiyi yaxşılaşdırmaların ödənildiyi vaxtadək əşyanı özündə saxlaması bir müdafiə vasitəsidir. Müdafiə vasitəsi kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir (iddia müddəti, ləngitmə hüququ, qanunsuz sahibin əşyaya sərf etdiyi yaxşılaşdırmaların əvəzi ödənilənədək əşyanı qaytarmaqdan boyun qaçırması və s). Diqqətdən qaçırılmamalıdır ki, müdafiə vasitələrindən istifadə etmək səlahiyyəti hüquq sahibinə - cavabdehə məxsusdur. Cavabdeh öz hüququndan istifadə etmədikdə məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil. Baxılan işdə cavabdeh mübahisəli daşınmaz əşyanın tikintisinə vəsait sərf etdiyini bildirsə də, həmin vəsait ödənilənədək əşyanı qaytarmaqdan imtina etməklə bu növ müdafiə vasitəsindən istifadə etmək barədə iradəsini açıq şəkildə bəyan etməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Belə olan halda, apellyasiya məhkəməsinin öz təşəbbüsü ilə sözügedən müdafiə vasitəsini tətbiq etməsi doğru bir yanaşma sayıla bilməz. Üstəlik, müdafiə vasitəsindən istifadə edilmədiyi halda iddia olunan yaxşılaşdırmalarla bağlı hallar işin araşdırma predmetinin xaricində qalır. O da qeyd edilməlidir ki, qanunsuz sahibə qarşı yönəlmiş iddia üzrə sözügedən müdafiə vasitəsindən istifadə edilməməsi, yaxşılaşdırma xərclərinin əvəzinin ödənilməsi barədə ayrıca iddia qaldırılmasını istisna etmir. İkincisi, hətta cavabdehin bu vasitədən istifadə etməsi şərti olaraq qəbul edilsə belə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddia olunan yaxşılaşdırmaların cavabdeh tərəfindən aparılmasını iddiaçılar etiraf etmədikləri üçün həmin xüsusat mübahisəli olmuşdur. İşin mübahisə olunan halı isə sübutetmə yükü və sübutetmə qaydaları çərçivəsində sübuta yetirilməlidir. Baxılan işdə apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddia olunan yaxşılaşdırma xərclərinin məhz onun tərəfindən çəkilməsi barədə gəldiyi qənaəti “iddiaçıların izahatını inandırıcı sayması, cavabdehin izahatını daha inandırıcı və səmimi hesab etməsi” ilə əsaslandırmağa çalışmışdır. Halbuki, mübahisənin həllinə təsir göstərən bu qədər əhəmiyyətli hal mümkün, mötəbər və kifayətedici sübutlar əsasında təsdiq olunmalıdır. Hazırkı işdə apellyasiya məhkəməsi sübutetmə ilə bağlı qeyd edilənləri nəzərə almamışdır. Nəhayət, əgər istifadə olunmuş müdafiə vasitəsi üzrə əşyaya sərf olunmuş yaxşılaşdırma xərcləri cavabdeh tərəfindən sübuta yetirilərsə, ona ödənilməli olan məbləğ dəqiq şəkildə müəyyənləşdirilməli, cavabdehin çıxarılması ilə yanaşı həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə ödənilməsi və qətnamənin eyni anda icra olunması göstərilməlidir. Baxılan işdə bu qaydaya da əməl olunmamışdır. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan daşınmaz əşyaya onların iradəsinə zidd şəkildə cavabdehin də sahiblik etməsinin hüquqi əsası, bunun hansı şərtlərlə və hansı müddətdə davam edəcəyinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

27. Baxılan işdə cavabdeh Cavabdeh mübahisəli evin təmir xərclərinin onun tərəfindən çəkildiyini iddia edir, iddiaçılar isə buna etiraz edərək, evin onlara məxsus olduğunu və evdə aparılmış təmir-tikinti işlərinin öz vəsaitləri hesabına həyata keçirildiyini bildirirlər.

28. Qətnamənin 26-cı bəndində qeyd edilənlərdən göründüyü kimi hazırkı apellyasiya baxışı çərçivəsində cavabdehin mübahisələndirilən fərdi yaşayış evinə tərəfindən xərc çəkilməsinə dair dəlilləri yoxlanılır.

29. Bu səbəbdən də məhkəmə kollegiyası iş üzrə araşdırmanı həmin istiqamətdə aparmışdır.

30. Belə ki, hazırkı apellyasiya baxışı zamanı mübahisəli evin inşa edilməsində əməyi olmuş şəxslər (ustalar) şahid qismində dindirilmişlər. X4 və X3 verdikləri ifadədə mübahisəli fərdi yaşayış evində hörgü işləri gördüklərini və dam örtüyü quraşdırdıqlarını, görülmüş işlərə görə xidmət haqqını Abuzər İsgəndərovdan aldıqlarını bildirmişlər. Cavabdeh isə şahidlərin verdiyi ifadə ilə razılaşmayaraq, evdə tikinti-təmir işləri aparılan zaman onun söz haqqının olmadığını, ustalara verilən pulu evin böyüyü olduğu üçün qaynatasına (iddiaçıya) verdiyini bildirmişdir.

31. Şahid ifadələrinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, şahidlər işin həqiqi halları barədə məlumatı olan şəxslərdir. Çünki, onlar mübahisəli evin tikinti və təmir işlərində bilavasitə iştirak etmiş, habelə evdə tikinti-təmir işlərinin kimin tərəfindən aparıldığı, işlərə kimin tərəfindən nəzarət edildiyi, görülmüş işlərə görə onlara kim tərəfindən muzd verildiyi, evin inşasına kim tərəfindən hansı dəyərdə inşaat materialları alınması barədə məlumatlara malikdirlər. Hansı ki, bu məlumatlar da işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, şahidlər tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyillər ki, mübahisənin tərəflərin birinin xeyrinə həll edilməsində maraqlı olsunlar. Bir sözlə, şahid ifadələrindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından kollegiya həmin ifadələri mötəbər sübut olaraq qiymətləndirmişdir

32. Məhkəmə kollegiyası qeyd edir ki, evin təmir və tikintisi ilə bağlı xərclərin iddiaçı Abuzər İsgəndərov ödənilməsi sübuta yetirildiyinə görə həmin vəsaitin Abuzər İsgəndərova cavabdeh Cavabdeh tərəfindən verilmiş olması barədə irəli sürülən dəlili sübut etmək öhdəliyi MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən məhz cavabdehin üzərinə düşür. Çünki, həmin maddəyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyır. Lakin, cavabdeh sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş, irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.

33. Bundan başqa kollegiya qeyd edir ki, mübahisəli fərdi yaşayış evində 2000-2018ci illərdə tikinti-təmir işləri aparılıb-aparılmamasının araşdırılması məqsədilə hazırkı apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və alınan rəylə müəyyən edilmişdir ki, təmir-tikinti işlərinin müddətinin müəyyən edilməsinə dair metodika mövcud olmadığından ekspert tərəfindən bu xüsusatın araşdırıması mümkün deyildir. 34.İş materiallarında olan Texniki pasportda (reyestr nömrəsi 504013095711-*****) mübahisəli fərdi yaşayış evinin tikildiyi tarix 1991-ci il qeyd edilmişdir (İ cild, iş.vər.98).

35. Göründüyü kimi, cavabdeh Cavabdeh mübahisəli evin təmir xərclərinin onun tərəfindən çəkilməsi barədə arqumentini sübuta yetirə bilməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh mübahisəli evin tikinti-təmiri üçün vəsait sərf etmiş olması öz təsdiqini tapacağı halda belə, mübahisənin düzgün hüquqi həlli üçün iddiaçılara məxsus əmlakın dəyərini artıran yaxşılaşdırma işlərinin hüquqi mahiyyətinə qiymət verilməlidir.

36. Belə ki, bir şəxs (cavabdeh) tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir.

37. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (MM maddə 666.1).

38. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse).

39. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf (cavabdeh) öz arqumentini sübuta yetirməyə borcludur.

40. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə, hədiyyə edilmiş əşyanın (maddi nemətin) geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir.

41. Bu əsaslar bağışlamanın etibarsızlığı, müqavilənin ləğv olunması, bağışlamadan imtina edilməsi kimi müxtəlif mahiyyətdə ola bilər. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır.

42. Baxılan işdə cavabdeh mübahisəli evdə əsaslı təmir işlərini iddiaçının zənginləşməsi üçün aparmadığına istinad edirsə, həmin halı sübut etmək yükü cavabdehin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (MPM maddə 77.1).

43. İşin hallarından aydın olur ki, cavabdeh iddiaçıların «ev tikməyi məsləhət görmələri, torpaq sahəsinin isə onlara məxsus olacağını bildirmələri» barədə verdiyi vədə, habelə mübahisəli ev daimi yaşayış yeri olduğundan normal şəraitdə yaşamaq məqsədilə evdə əsaslı təmir işləri apardığını bildirir. Bu hal cavabdehin apellyasiya şikayətinin məzmunu və məhkəmə iclasında verdiyi izahatla müəyyən edilir. Halbuki, cavabdehin iddiaçıların vədinə görə evdə təmir və yenidən qurma işləri aparması sübuta yetirilmir. İddiaçı Abuzər İsgəndərov da apellyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq, «ev tikməyi məsləhət görmələri, torpaq sahəsinin isə onlara məxsus olacağını bildirmələri» barədə cavabdehə hər hansı vəd vermədiyini bildirmişdir.

44. Cavabdeh Cavabdeh iddiaçıları könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda, onun iddiaçılara verdiklərini geri qaytarması üçün həmçinin bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olub-olmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır. Ona görə ki, Mülki Məcəllənin 673- 674-cü maddələrində hədiyyə alan tərəfindən bağışlamadan imtinanın və ləğvin hüquqi əsasları göstərilmişdir. Lakin, hazırkı işin müəyyən edilmiş faktiki halları ilə bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən hallar işə baxılan zaman məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir.

45. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hətta cavabdeh Cavabdeh mübahisə predmeti olan evə öz vəsaiti hesabına xərc çəkməsi öz təsdiqini tapsaydı belə, yenə də onunla evin paylı mülkiyyətçiləri olan iddiaçılar arasında hər-hansı öhdəlik hüquq münasibətləri yaranmış olması qənaətinə gəlmək mümkün olmayacaqdı. Çünki, evin paylı mülkiyyətçiləri olan iddiaçılar cavabdehi bu işə cəlb etməmişlər. Yəni, tərəflər arasında mübahisəli əmlakla bağlı digər əvəzli əqd (müqavilə) olmamışdır. Cavabdeh könüllü olaraq evdə təmir işləri həyata keçirmişsə, bu halda evin paylı mülkiyyətçilərinin cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır ki, cavabdeh də öz öhdəliyinin icrası qismində verilənləri əsassız varlanma obyekti kimi iddiaçılardan tələb etsin.

46. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə ekspert tərəfindən 300 (üç yüz) manat ekspertiza xərci müəyyən edilmiş, lakin müvafiq olaraq ekspert rəyində məhkəmə qərardadında qoyulmuş suallara cavab verilməmişdir. Belə olan halda ekspert xərcinin MPMin 119.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə aid edilərək ödənilməsinə hüquqi əsas mövcud deyildir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,

qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi yoxlanılan – “cavabdeh Cavabdeh ************-***** nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçılar İsgəndərov Abuzər Qəhrəman oğlunun və iddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar