Məhkəmə qərarları › İş №2(104)-1538/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1538/2023

06.06.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1538/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-1/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qərardadından İddiaçı QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh, X8, X9, X3, X4 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçılar X10 və X5 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-yə qarşı zaminlik müqavilələrinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Əsas borclu Cavabdeh vəfat etdiyindən, məhkəmənin 06 mart 2017-ci il tarixli qərardadı ilə borclunun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, iş üzrə icraatın təzələnməsini, Cavabdeh iş üzrə cavabdehlər sırasından çıxarılmasını, iddia tələbinə zaminlər-X8, X9 və X3 münasibətdə baxılmasını xahiş etmişdir. Ərizə 05.08.22-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin ərizə əsasında məhkəmənin 12 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsinin iş üzrə 28 mart 2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" QSC-nin Cavabdeh və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X6, X2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-yə qarşı zaminlik müqavilələrinə xitam verilməsi barədə qarşılıqlı iddia tələbinə dair Bərdə Rayon Məhkəməsinin 2(021)-1/23 saylı mülki işi üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Bərdə Rayon Məhkəməsinin 2(021)-1/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və icraatın təzələnərək işə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh vəfat etməsi borcun zaminlərdən tələb edilməsini və kreditin təminatı olan ipoteka predmetlərinə tutma yönəldilməsini tələb etmək hüququnu məhdudlaşdırmır. Belə ki, X11, X10, X5 zamin kimi cavabdeh qismində tanınırlar, həmçinin, hazırki işdə dörd ədəd ipoteka predmeti mövcuddur. Bərdə Rayon Məhkəməsinin 2(021)-1/2023 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-1/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 14 aprel 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, icraatın təzələnməsi məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən qeyd etmişdir ki, Cavabdeh hüquqi varisi müəyyən edilmədən hazırki mülki işə baxılması mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsində göstərilir ki, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477 və 558-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58, 257 və 258-ci maddələri ilə, eləcə də Mülki Məcəllənin 1243-cü maddəsinin Mülki Prosessual Məcəllənin 4.1, 218.3, 306, 307.2.3 və 307.2.9-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsi barədə 06 fevral 2023- cü il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdehin (əsas borclunun) öldüyü halda onun vərəsələrinin prosessual hüquq varisliyi qaydasında işə cəlb edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Palatası, ilk növbədə, qeyd etməyi vacib hesab etmişdir ki, prosessual hüquq varisliyi institutunun mövcudluğu bilavasitə maddi hüquqların varisliyi ilə şərtləndirilmişdir. Yəni yalnız qarşılıqlı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini ehtiva edən maddi hüquq münasibətləri olduğu halda mülki məhkəmə icraatında prosessual hüquq varisliyi mümkün sayıla bilər. Maddi hüquq varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və sinqular (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur. Məsələn, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olmaqla prosessual hüquq varisliyini istisna edir. Müraciətdə qaldırılan zaminliklə təmin edilmiş öhdəlik üzrə borclunun öldüyü halda zaminin məsuliyyəti ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələrin isə öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda və ya miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, subsidiar məsuliyyətlə müqayisədə birgə məsuliyyət kreditorun əsas borclunun öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəltməsini nəzərdə tutur. Həmçinin,vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarı). Kollegiya hesab edir ki, məhkəmə 28 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatı Cavabdeh hüquqi varisi müəyyən edilənədək yenidən dayandırmaqda haqlı olmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Palatasının yuxarıda göstərilən qərardadında ifadə edilən hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1145.-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1 -ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən normalarından müəyyən edildiyi kimi, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından müəyyən edildiyi kimi, Cavabdeh ölümündən (ondan qalmış mirasın açılmasından) sonra 6 ildən artıq müddətdə onun mirası qəbul etmiş vərəsəsi müəyyən edilmir. Belə halda, iş üzrə icraatın yenidən Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılması Konstitusiya Məhkəməsi Palatasının qeyd edilən qərardadında ifadə etmiş olduğu hüquqi mövqeyə ziddir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 257-ci maddəsinə görə işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 14 aprel 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia tələbinə zaminlər-X8, X9 və X3 münasibətdə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 14 aprel 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh, X8, X9, X3, X7 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsinə” dair ilk iddia tələbinə zaminlər-X8, X9 və X3 münasibətdə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar