Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1550/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(076)-796/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi Keçili Bələdiyyəsinin tam mülkiyyətindədir;
2. Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 23 saylı protokolundan görünür ki, Keçili Bələdiyyəsi ərazisində yerləşən Dövlət Reyestrində Keçili Bələdiyyəsinin adına xx.xx.2019-cu il tarixli **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.0698 ha torpaq sahəsi 2000 manata Cavabdeh1 satılması qərara alınmışdır;
3. xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu Keçili Bələdiyyəsi Cavabdeh1 Şəmkir rayonu Xuluf kəndində yerləşən ümumi sahəsi 0.0698 ha olan torpaq sahəsini 2000 manata satmışdır;
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.0698 ha yaşayış məntəqələrinin torpaqları Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-2879 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında 21 dekabr 2019-cu ildə Şəmkir rayon 1 saylı notariat ofisində bağlanmış 4Ə-2879 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun həmkəndlisidir. Onu kənd sakini kimi tanıyır və onunla hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. Digər cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsi də kəndlərinin bələdiyyəsidir. Təxminən 20 il bundan əvvəl yaşadığı kəndin ərazisində 0.06 ha həyətyanı torpaq sahəsindən mübahisəsiz istifadə edir. 10 ildən çoxdur ki, həmin torpaq sahəsində istilikxana qurmuş və həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edir. Həm öz ailəsinin, həm də kənd sakinlərinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. 2019-cu ilin dekabr ayının 21-də cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsi onun 20 ilə yaxın müddətdə mübahisəsiz istifadə etdiyi torpaq sahəsini Şəmkir rayon 1 saylı notariat ofisində 4Ə-2879 reyestr saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında üçüncü şəxs, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən cavavdeh Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv olunmalıdır. X2 mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satarkən həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğundan yüklü hesab olunurdu. Qeyd etdiyi kimi o 20 ilə yaxındır ki, mübahisə predmeti olan torpaq sahəsindən mübahisəsiz istifadə etmişdir. Artıq onun həmin torpaq sahəsindən istifadə hüququ yaranmışdır və həmin torpaq sahəsi ilə bağlı o mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə də müraciət edə bilərdi. Cavabdeh1 onu kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan onun uzun müddət istifadə etdiyini, həmin torpaqda yaxşılaşma aparmağını, həmin torpaqdan 20 ilə yaxın müddətdə istifadə etməyini, həmin torpaq üzərində 10 ildən çoxdur ki, istilikxana qurduğunu, həmin istilikxanadan təyinatı üzrə istifadə etdiyini yaxşı bilir. Bunu bildiyi halda həmin torpaq sahəsini əldə etməkdə vicdanlı hesab oluna bilərmi? Yaxud əksinə. Bələdiyyə həmin torpağın onun faktiki istifadəsində və sahibliyində olmasını bildiyi halda, həmin torpaq sahəsini onlara sata bilərdimi? Təbii ki, sata bilməzdi. Əvvala ona görə ki, qeyd etdiyi kimi torpaq sahəsi boş deyildir. Həmin torpaq sahəsi üzərində onun tərəfindən inşa olunmuş istilikxana var idi. Satıcı alıcıya lazımı keyfiyyətdə mal satmamışdır. Satıcı onun olmayan, özgəsinin əmlakına dair sərəncam vermişdir. O, mübahisə predmeti olan torpaq sahəsindən qeyd etdiyi kimi 20 ildən çoxdur ki, istifadə etmişdir. 10 ilə yaxındır ki, həmin torpaq sahəsində istilikxana qurmuşdur. Həmin torpaq sahəsi rəsmi qaydada satışa çıxarılırdısa həmin torpaq sahəsi ilkin olaraq almaq üçün ona təklif olunmalı idi. Onun həmin torpaq sahəsini almaq üçün üstünlük hüququ var idi. Lakin cavabdeh Bələdiyyə bu qaydalara əməl etməmişdir. Bununla da qeyd olunan qanun normalarını kobudluqla pozmuşdur.
7. Şəmkir Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(076)-796/2025 nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı xx.xx.2019-cu il tarixli 4Ə-2979 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddiası rədd edilsin.qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4 və 337.5-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 12.04. 2004-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, istifadəsində olan torpaq sahəsi ilə bağlı hüquqları mülkiyyətçinin hüquqları kimi müdafiə olunur. Çünki, həmin torpaq sahəsini 20 ildir ki, əkib-becərir. 20 ildir ki, əzab-əziyyətlə əkib-becərdiyi torpaq sahəsindən məhrum olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsini 20 ildən çoxdur ki, istifadə edir. Orada 10 ilə yaxındır ki, istilikxana qurmuşdur. Keçili bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satarkən həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğundan yüklü hesab olunmuşdur. Cavabdeh1 onun həmkəndlisidir. Sonuncu onu kənd sakini olaraq yaxşı tanıyır. Hazırda mübahisə predmeti olan torpaqdan uzun müddət istifadə etdiyini, həmin torpaqda yaxşılaşma aparmağını, həmin torpaqda 10 ildən çoxdur ki, istilikxana qurduğunu və həmin istilikxanadan təyinatı üzrə istifadə etdiyini cavabdeh yaxşı bilir. Bunu bildiyi halda, cavabdeh həmin torpaq sahəsini əldə etməkdə vicdanlı hesab oluna bilərmi? Yaxud əksinə bələdiyyə həmin torpağın onun faktiki istifadəsində və sahibliyində olmasını bildiyi halda həmin torpaq sahəsini cavabdehə necə sata bilərdi? Məhkəmə prosesində mübahisəli əraziyə mütəxəssisin iştirakı ilə baxış keçirilməsinə, həmin ərazidə islikxanaların mövcud olmasının müəyyən olunmasına dair vermiş olduğu vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə prosesində cavabdehlər özləri də etiraf etmişlər ki, mübahisəli torpaq sahəsində doğurdan da istilikxanalar mövcuddur. Həmin istilikxanalar uzun illərdir ki, iddiaçı tərəfindən inşa olunub və istifadə olunur. Belə olan halda cavabdeh bələdiyyə mübahisə predmeti olan torpaq sahəsini necə boş torpaq kimi sata bilərdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət ünvanlayaraq, başqa məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar hazırkı işə baxılmasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı sübutu müraciətinə əlavə etməmişdir. Digər proses iştirakçıları isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
16. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.0698 ha həyətyanı torpaq sahəsi Şəmkir rayonu Keçili bələdiyyəsinin mülkiyyətində olmuşdur. Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı protokolu ilə həmin torpaq sahəsinin 2000 manata Cavabdeh1 satılması qərara alınmışdır. Həmin qərar əsasında da xx.xx.2019-cu il tarixdə cavabdehlər Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və torpaq sahəsi sonuncuya satılmışdır. Həmin müqavilə üzrə də torpaq sahəsinə dair Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını, dolayısıyla onun əsasında çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 20 il onun istifadəsi olmuş və 10 il olar ki həmin torpaq sahəsində o istilikxana inşa etdirmişdir. Odur ki, torpaq sahəsi onun istifadəsi ilə yüklü olunduğundan həmin torpaq sahəsinin digər şəxsə satılması qanunsuzdur, həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsası olmadan mübahisəli torpaq sahəsini zəbt edərək istifadə etmiş və öz başına orada istilikxana inşa etdirmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsini istifadə etməsinə dair icarə müqaviləsi belə olmamışdır. Həmçinin iddiaçıya dəfələrlə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər ünvanlansa da o torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı bir cəhd göstərməmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının tələbi və tələbin təsdiqi üçün təqdim olunmuş sübutlar bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasıyla bağlanması müəyyən olunmadığından etibarsız hesab edilə bilməz, əsas iddia sübuta yetirilmədiyindən, ondan irəli gələn qeydin ləğv olunmasına dair tələb təmin edilə bilməz.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi olduğu nəticəsinə gələrkən həmin əqdin forma şərtinə riayət edilməklə bağlandığına istinad etsə də, lakin həmin müqavilənin bağlanmasına əsas olan Bələdiyyənin inzibati akt hesab edilən Qərarın qüvvədə olmasına qiymət verməmiş, beləliklə gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
33. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
34. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
35. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Məlumdur ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, iddiaçının etibarsızlığını tələb etdiyi xx.xx.2019-cu il tarixdə cavabdeh Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə digər Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 23 saylı qərarı əsasında bağlanmışdır. Alqısatqı müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan bələdiyyənin qərarı isə məhkəmədə mübahisələndirilməməklə həmin qərar hazırkı məqamda hüquqi qüvvəsini saxlayır.
38. Kollegiyanın qənaətinə görə, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan bələdiyyənin xx.xx.2019-cu il tarixli 23 saylı qərarı qüvvədə olduğundan hazırkı məqamda həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması yolverilən deyildir. Odur ki, mövcud vəziyyətdə İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb etməkdə haqlı olmamışdır.
39. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (çıxarışın ləğvi) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(076)-796/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.