Məhkəmə qərarları › İş №2(104)-1551/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1551/2023

25.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1551/2023 25.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-602/2023 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən X30 ilə X31 arasında 27 fevral 1995ci ildə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması qət edilmişdir.

2. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, 11 iyun 1973-cü il təvəllüdlü X38 22 avqust 2016-cı ildə Rusiya Federasiyası, Moskva şəhərində ölmüşdür.

3. İşdə olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təkrar verilmiş AZ-T №167383 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X7 oğlu, anası X23r.

4. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli, **********97 saylı məktubundan görünür ki, Kirovabad şəhəri Nizami rayonu zəhmətkeş deputatları Yeni Yerevan qəsəbə Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli 75/17 saylı arayışında Kirovabad şəhəri, Şota Rustaveli küçəsi, 11 saylı fərdi yaşayış evinin X27 məxsus olduğu göstərilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1957-ci il tarixli 13-4478 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk X1. Alıcının adına bu əmlakın yerləşdiyi 275.0 kvm torpaq sahəsinə dair xx.xx.1957-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 514 saylı sərəncamına əsasən ünvanı Gəncə şəhəri, Nizami rayonu, X52 küçəsi, 95-olan bu fərdi yaşayış evində (qanunu tikililər tikili “A”-da 25.2 kvm bir yaşayış otağı, 10.2 kvm dəhliz) müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 26.2 kvm, 15.0 kvm, 28.4 kvm yaşayış otaqları, 13.6 kvm, 28.1 kvm eyvanlar, 31.1 kvm dəhliz, 7.0 kvm, 6.4 kvm mətbəxlər, 3.8 kvm küləkboğan, 2.5 kvm hamam, 34.7 kvm, 6.8 kvm zirzəmi, tikili B-də 12.7 kvm hamam tikililərinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir. X8 adına xx.xx.1997-ci il tarixli 11890 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli 2-322/97 saylı qətnamə və icra vərəqəsində X24 ilə X15 faktiki nigahda olmaları, Cəlalovlar Səfər və Qafarın valideyinləri olmaları faktı təsdiq edilmişdir. Cəlalovlar Səfər, Qafar, Sabir İsmayıl uşaqları, X4 İsmayıl Qurban oğlunun qanun üzrə, X3 Zafta Nəsib qızının vəsiyyət üzrə vərəsəsi tanınmışdır. 6.4 kvm mətbəx, 13.6 kvm örtülü eyvan, 28.1 kvm yaşayış otağı, 28.4 kvm örtülü eyvan, 7.0 kvm mətbəx, 3.8 kvm küləkboğan X12 mülkiyyətinə verilməklə əsas mülkdən ayrılmış, 26.2 kvm yaşayış otağı X6, Cəlalovlar Saday, Rövşən, Səbuhi, Laləzər Səfər uşaqlarının bərabər payla mülkiyyətlərinə, 25.2 kvm yaşayış otağı X13 mülkiyyətinə verilmişdir. Bu fərdi yaşayış evi 3 hissəyə bölünmüşdür. 25.2 kvm yaşayış otağı, 9.3 kvm örtülü eyvan, 1.2 kvm ayaq yolundan ibarət yaşayış evi ünvanı X52 küçəsi, 95 B olmaqla X13 adına qeydiyyata alınmışdır. 26.2 kvm, 15.0 kvm yaşayış otaqları, 31.1 kvm örtülü eyvan, 5.2 kvm, 5.7 kvm hamam, 20.7 kvin zirzəmidən ibarət olan yaşayış evi ünvanı X52 küçəsi, 95A olmaqla X6, X25, X16, X17, X9 adlarına qeydiyyata alınmışdır. 28.4 kvm yaşayış otağı, 28.1 kvm, 13.6 kvm örtülü eyvanlar, 7.0 kvm, 6.4 kvm mətbəxlər, 3.8 kvm tambur, 10.4 kvm, 6.8 kvm zirzəmilərdən ibarət yaşayış “12.7 kvm hamam ünvanı X52 küçəsi, 95 olmaqla X12 adına qeydiyyata alınmışdır və ona xx.xx.1997-ci il tarixli 11890 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 7 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-4-787 saylı alqı-satqı müqaviləsinə əsasən X28 mülkünün tikili “A”-da 15.8 kvm bir yaşayış otağından ibarət olan hissəsini X2, tikili “A”-da 11.9 kvm bir yaşayış otağı, 53.9 kvm köməkçi sahə, 10.4 kvm zirzəmi, tikili "B"-də 12.8 kvm hamam öz istifadəsində saxlamışdır. Satılan hissənin ünvanı Nizami küçəsi, 128 A-dır. X18 X52 küçəsi, 95 saylı fərdi yaşayış evinə (0.0138 ha torpaq sahəsində yerləşən tikili "A"-da 11.7 kvm bir yaşayış otağı, 58.9 kvm köməkçi sahə, 10.4 kvm zirzəmi, tikili "B"-də 12.8 kvm hamam) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

5. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli, 3-21-3-33/2-385/2023 saylı məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Nizami rayonu, X52 küçəsi, 95 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh Nürəddin qızının mülkiyyət hüququ dövlət qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********771-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

6. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 344/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı, cavabdehlər Cavabdeh, X34, X26, X35 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X17 qanun üzrə vərəsələri tanınmaları, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X14 miras qalmış Gəncə şəhəri, M.S.ünvan 6 ünvanda yerləşən miras evdə İddiaçı 1/5 hissədə, cavabdehlər Cavabdeh 1/5 hissədə, X19 1/5 hissədə, X10 1/5 hissədə və X20 1/5 hissədə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1511/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 344/2022 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi qət edilmişdir.

8. İşdə olan Daşkəsən rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X12 vərəsəsi arvadı X36 miras əmlakdan tam pay almışdır. Miras əmlak Gəncə şəhəri, X52 küçəsi ev 95-də yerləşən, ümumi sahəsi 70.6 kv.m ona məxsus olan fərdi yaşayış evindən ibarətdir.

9. İşdə olan Gəncə şəhər 2 saylı Notariat Ofisində qeydə alınmış xx.xx.2022-ci il tarixli, 4Ə-376 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, X5 şəhəri, Ordubadi küçəsi ev 95-də yerləşən, ümumi sahəsi 70.6 kv.m ona məxsus olan fərdi yaşayış evini Cavabdeh alqı-satqı müqaviləsi əsasında 30000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsinin xx.xx.2022-ci il məktubundan görünür ki, Gəncə şəhər Nizami rayon Ordubadi ev 95-də yaşayan 1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir. xx.xx.2020ci il tarixdən, xx.xx.2020-ci il tarixədək Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsi veteranıdır. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə- Daşkəsən regional filialı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ( FİN: 6X42R34) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.2022-ci il tarixindən (Vətən müharibəsi veteranı) 80 (səksən) manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur.

11. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0138 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir.

12. İş materiallarında olan Evlər üçlüyünün arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95 ünvanda yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri, Ordubadi küçəsi, ev 95 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına və evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə anası X21 birgə nikahlarından doğulmuşdur. Atası ilə anası Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən atası ilə anası arasında 27 fevral 1995-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Valideyinləri nikah pozulmamışdan qabaq 10 ildən artıq müddətdə ayrı yaşamışdırlar. Anadan olan vaxtdan o, atası X29 ilə yaşamışdır. Atası ilə anası ayrıldıqdan sonra atası Cavabdeh ilə ailə qurmuş və bu münasibətlərindən onların üç övladı anadan olmuşdur. Cavabdeh atası ilə ailə qurduqdan sonra ona Cavabdeh baxmışdır və 2014-cü ildə müddətli həqiqi xidmətə gedənədək həmin evdə yaşamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Rusiya Federasiyasına işləməyə getmişdir. Atası 20 avqust 2016-cı il tarixdə Moskvada vəfat etmişdir və onun cənazəsini Rusiyadan Azərbaycana o gətirmişdir. Atasının yas mərasimini, yas xərclərini əmisi ilə birlikdə çəkmişlər. Bundan sonra o, 2020-ci ilin sonunda Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir və medallarla təltif olunmuşdur. Lakin müharibədən qayıdandan sonra cavabdeh onu evə buraxmamışdır. Dəfələrlə müraciətlərinə baxmayaraq cavabdeh onu anadan olduğu və daimi yaşadığı evə buraxmaq istəmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, X7 ilə anası X21 birgə nikahlarından xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası ilə anası Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-843/2007 saylı qətnaməsinə əsasən atası ilə anası arasında 27 fevral 1995-ci il tarixdə bağlanmış nikahları pozulmuşdur. Valideyinləri nikah pozulmamışdan qabaq 10 ildən artıq müddətdə ayrı yaşamışdırlar. Atası ilə anası ayrıldıqdan sonra atası Cavabdeh ilə ailə qurmuş və bu münasibətlərindən onların üç övladı anadan olmuşdur. Anadan olan vaxtdan o, atası X29 ilə yaşamış, atası ilə anası X31 ayrıldıqdan sonra analığı Elnarənin yanında qalmışdır. 2002-ci ildə 41 saylı məktəbdə oxumuşdur. 2003-cü ildə 27 nömrəli məktəbə keçmiş, 6-cı sinifə kimi həmin məktəbdə oxumuş, 7-ci sinifdə yenidən 41 nömrəli məktəbə qayıtmışdır. 9-cu sinifdə internat məktəbində oxumuş və həmin məktəbi bitirmişdir. 2011-ci ildə doğma anası X21 yanına qayıtmış və onunla birlikdə ünvan 7 ünvanında yaşamışdır. O, anası Aynurun yanına gedərkən atası Səbuhi həbsdə olmuşdur. 2013-cü ilin yanvar ayında oradan hərbi xidmətə getmiş, 2014-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra dostugildə yaşamışdır. 2016-cı ilə kimi Rusiya Federasiyasında yaşamış, 2016-cı ilin avqust ayında ölkəyə qayıtmış və Gəncə şəhəri, Ordubadi küçəsi ev 95-də yaşamışdır. 2020-ci ildə 2-ci Qarabağ döyüşlərində iştirak etmişdir. 2021-ci il tarixdə qayıtmış və onu ata evinə buraxmamışlar. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Gəncə Şəhər Məhkəməsinin 2(125)-602/2023 saylı mülki iş üzrə 02 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim: M.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-602/2023 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə maddi hüquq normalarının pozulması ilə bağlı qətnamə qəbul etmiş və işin faktiki hallarını araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları vəvalideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı atası Səbuhi Cəlalov onun anasından boşandıqdan sonra hazırki iş üzrə cavabdeh olan Cavabdeh ilə ailə qurmuşdur. Bundan snra iddiaçıya cavabdeh Əlnarə Əliyeva baxmışdır. İddiaçı 2014-cü ilədək, hərbi xidmətə gedən vaxta kimi Əlnarə Əliyevanın yaşadığı, İddiaçı atası Səbuhi Cəlalovun hüquqlarının çatdığı Gəncə şəhəri, ünvan 8də yaşamışdır. İşdən görünür ki, X45 şəhəri, ünvan 8ünvanlı ev barəsində olan mülkiyyətçi hüquqları özgəninkiləşdirilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Bundan sonra 2020-ci ilin sonunda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibədən qayıtdıqdan sonra Cavabdeh onu satın aldığı Gəncə şəhəri, M.S.Ordubadi küçəsi ev 95 ünvanlı evə buraxmamışdır. Ona görə də məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini təmin etməmişdir.

38. Kollegiya qeyd edir ki, hazırda iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi Gəncə şəhəri, M.S.Ordubadi küçəsi ev 95A ünvanlı ev deyil, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən iş üzrə cavabdeh olan Cavabdeh adına mülk kimi qeydə alınmış, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi ev 95 ünvanlı evdir. İddiaçı istifadə hüquqlarının tanınmasını və köçürülməsini tələb etdiyi evin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü deyildir, (Cavabdeh onu rəsmi qaydada övladlığa götürməmişdir) və Cavabdeh İddiaçı yaşayış sahəsi ilə təmin etmək vəzifəsi (öhdəliyi) daşımır.

39. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə mülkiyyətçinin ailə üzvü sayılmayan iddiaçının həmin evdən istifadə hüququ tanına bilməz. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405,-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-602/2023 saylı mülki iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar