Məhkəmə qərarları › İş №2(104)-1555/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1555/2025

14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1555/2025 14.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs (üçüncü şəxs Qazax rayon notariat ofisinə) qarşı “vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qeydəalınma üçün əsas verən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDAD Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs (üçüncü şəxs Qazax rayon notariat ofisinə) qarşı “vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qeydəalınma üçün əsas verən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki işi üzrə iddiaçının müvəqqəti təminat tədbirinin uzadılmasından imtina barədə Qazax Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. Ərizəçinin atası X2 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə paylı mülkiyyətində olan torpaq sahələrində olan payını Ərizəçi vəsiyyət etmişdir.

2. Ərizəçinin atası X2 xx.xx.2024-cü il tarixdə ölmüş və onun ölümü xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Maraqlı şəxs (üçüncü şəxs Qazax rayon notariat ofisinə) qarşı “vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qeydəalınma üçün əsas verən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadına əsasən Ərizəçi Maraqlı şəxs (üçüncü şəxs Qazax rayon notariat ofisinə) qarşı “vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qeydəalınma üçün əsas verən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir.

5. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizədən görünür ki, ərizəçi mərhum atasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və payın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallatından görünür ki, Ərizəçi iş üzrə dövlət rüsumu ödəməmişdir.

6. Qərardadla razılaşmayan ərizəçi qərardaddan və şikayətlərin geri qaytarılması barədə qərardadlardan şikayətlərlə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 tarixli qərardadları ilə şikayətlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-10.1.3, 10.1.7, 363.1.5-ci maddələrinə riayyət edilmədiyindən geri qaytarılmışdır.

7. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-10.1.3, 10.1.7, 363.1.5-ci madələrinə istinadən əsaslandırmışdır.

8. Qərardaddan narazı qalan ərizəçi şikayətlə məhkəməyə müraciət edərək Qazax Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir.

9. Qazax Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

10. Ərizəçi Qazax Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, onun ərizəsi 3-cü şəxs Qazax rayon notariat ofisində 8V-568 № ilə 18.11.24-cü il tarixdə qeydə alınmışdır, lakin vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsini müxtəlif bəhanələrlə ona vermək istəmirlər. Qazax Rayon Məhkəməsi qərəzli olaraq, bu işin nəticəsi ilə maraqlı olduğu üçün özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıraraq, xüsusi icraat qaydasında baxılmalı əsaslı, qanuni ərizəsi məhkəmədə bir ay saxladıqdan və 3-cü şəxs Qazax rayon notariat ofisindən razılıq aldıqdan sonra, 2(023)-813/2025 nömrəli iş üzrə ərizəsi iddia ərizəsi adlandırıb, mərhum atam X1 vəsiyyətnaməsi və ölüm haqqında şəhadətnaməsi işə əlavə edildiyi halda, ərizəsi ilə və sənədlərlə tanış olmadan 01 aprel 2025-ci il tarixli qərəzli, əsassız, qanunsuz qərardadda yazıb ki, “ərizəçi mərhum anasından qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və payın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı notariat ofisinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir” yalan məlumat yazıb, 01 aprel 2025-ci il tarixli qərəzli, əsassız, qanunsuz qərardad ilə “icraata qəbul edilməsindən imtina edilsin və mənə notariat ofisinə müraciət etmək hüququmun olması izah edilsin” formal olaraq qərara almışdır və bununla da məni məhkəməyə müraciət etmək hüququmdan imtina etmişdir, bu da MPM-in 4.2-ci maddəsinin tələbinə əsasən etibarsızdır. O, vəsiyyətnamənin icra olunması üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməyə səlahiyyətli olduğuna, bu səlahiyyət daxilində digər vərəsələr mirası idarə etmək hüquqlarını itirdiklərinə, mirası qəbul etdiyinə, əmlaka sahiblik etdiyinə, əmlakı idarə etməyə faktik başladığına və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyimə görə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Qazax rayon notariat ofisinə 7 ay əvvəl, xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Qazax rayon notariat ofisində xx.xx.2024-cü il tarixdə onun ərizəsi və vəsiyyətnaməsi ondan alsalar da, kənara qoydular və özləri onun əvəzində **********461 nömrəli ərizə yazdılar, şəkilini çəkdilər, ona imzalatdırdılar və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdilər ki, qardaşı Maraqlı şəxs razılıq ərizəsi yazmamışdır. Qazax rayon notariat ofisinin vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verməkdən şifahi imtina etməsi qərəzlidir, əsassızdır və qanunsuzdur.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

Qərardaddan şikayətə etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

13. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsi ilə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 15.Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 16.Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. İlk öncə qeyd edilməlidir ki, hazırki qərardadla Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadının əsaslılığına deyil, qeyd edilən qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli, 2(023)- 813/2025 nömrəli qərardadın əsaslılğına qiymət verilir.

19. Əsaslılığı yoxlanılan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)- 813/2025 nömrəli qərardadında birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi tərəfindən verilmiş şikayətlər Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və şikayətlər elektron qaydada deyil, kağız daşıyıçıda təqdim olunmuşdur.

20. Qərardaddan şikayətin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri qiymət verilən qərardaddan deyil, işi icraata qəbul etməkdən imtina barədə qərardadın dəlilləri ilə bağlıdır.

21. Bu səbəbdən də şikayətin dəlilləri hazırda qiymət verilən qərardadın ləğvi və dəyişdirilməsi üçün yetərli deyildir. Hazırda əsaslılığı yoxlanılan birinci instansiyası məhkəməsinin qərardadında olan məhkəmənin mövqeyi əsaslıdır və prosessual qanunvericiliyin tələblərinə uyğundur.

22. Ərizəçiyə izah olunması zəruri hesab olunur ki, mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə yenidən müraciət etmək hüququ vardır.

23. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

24. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 157-158, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəsinin xx.xx.2025-ci il tarixli, 2(023)-813/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar