Məhkəmə qərarları › İş №2(104)-1557/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1557/2023

19.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1557/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh6 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Cavabdeh6 və Cavabdeh4 (maraqlı şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin, xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldırıb Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə Cavabdeh6 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə Cavabdeh6 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə mülkiyyət hüququnun müəyyən edilməsi, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın təmin edilməsi, Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə Cavabdeh6 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə Cavabdeh6 ilə İddiaçı arasında alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli Daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi, iddianın Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində baxılması rayon məhkəmələrinə aid olmadığına görə təmin edilməməsi, İddiaçı iddianın həmin hissəsinə baxılması üçün X8 Məhkəməsinə müraciət etməli olmasının izah edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh6 və Cavabdeh4 qeyd olunan qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-421/2020 saylı qətnaməsi ilə Cavabdeh6 ərizəsi təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin icraatında olmuş 2(066)-421/2020 saylı mülki işin icraatı bərpa edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1557/2023 saylı qərardadı ilə qətnamə Cavabdeh4 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşin halları: İddiaçı iddia tələbini əsaslandırmaq üçün göstərmişdir ki, Cavabdeh6 ilə həmkəndli olmaqla biri-birilərini yaxşı tanıyırlar. 2004-cü ildə Cavabdeh6 və eləcə də onun ailə üzvlərinin razılığı ilə Göygöl rayonunun Quşçu kəndində yerləşən kənd təsərrufatı təyinatlı 1.28 ha torpaq sahəsini almışdır. Bu barədə 03 mart 2004-cü ildə 6 nəfər şahidlərin (həmin şahidlərdən biri cavabdehin həyat yoldaşı X6 olmuşdur) iştirakı ilə akt tərtib edərək cavabdehə ******* manat pul vermiş və elə həmin vaxtdanda 1,28 ha torpaq sahəsini istifadəsinə götürmüşdür. Torpağın sənədləri hazır olmadığından belə qərara gəlmişlər ki, Cavabdeh6 sənədləri hazırladıqdan sonra alqı-satqını notariatda rəsmiləşdirsinlər. Bundan sonra dəfələrlə cavabdehdən alqı-satqını rəsmiləşdirməyi tələb etmiş, lakin cavabdeh və ailə üzvləri hər dəfə müxtəlif bəhanələrlə notariat kontorunda alqısatqını rəsmiləşdirməkdən yayınmışlar. Beləliklə bu günə kimi torpaq sahəsi onun istifadəsində olmasına baxmayaraq alqı-satqı rəsmiləşdirilməmiş qalmışdır. Hazırda ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin Dövlət Aktının əsli onda olduğu halda cavabdeh Dövlət Aktını itmiş kimi göstərib DƏDRX-nin Gəncə Ərazi İdarəsindən özünə çıxarış almış və torpaq sahəsini qardaşı Cavabdeh4 bağışlamışdır. Beləliklə Cavabdeh4 adına xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehdən torpağı ona satdığı halda qardaşına bağışlamasının səbəbini soruşduqda alqı-satqını rəsmləşdirməyəcəyini bildirib deyir ki, “get hara şikayət edisən et”. Bu səbəbdəndə o, məhkəmədə həmin iddinı qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı çoxdan tanıyırlar və qarşılıqlı münasibətləri yaxşı olub. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh6 mülkiyyətinə 1.28 ha torpaq sahəsi pay verilmişdir. Buna dair JN-0079 KOD50808038 saylı Dövlət Aktı çıxarılmışdır. 2004-cü ildə Cavabdeh6 həyat yoldaşı ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmək qərarına gəlmişlər. Məqsədləri ondan ibarət olmuşdur ki, torpaq sahəsini müəyyən pul müqabilində icarəyə verib uzun müddətə Rusiyaya getsinlər. İddiaçı isə torpaq sahəsini taxıl əkmək üçün uzun müddətə onun istifadəsinə verməyi xahiş etmişdir. Qətnamədə qeyd edilib ki, guya torpaq sahəsini iddiaçıdan 3 milyon manatdan çox pul alaraq ona satıblar. Halbuki iddiaçıdan 125 şirvan müqabilində torpağı onun istifadəsinə veriblər. İddiaçı isə həmin məbləğdə pulu həyat yoldaşının yanında Ruhiyyəyə verib. İddiaçı pulu verən zaman heç bir akt tərtib olunmayıb. Cavabdeh6 torpaq sahəsini iddiaçıya satmayıb. İddiaçı 125 şirvan pulu verdikdən bir neçə gün sonra Cavabdeh6 evinə gedərək ona ağ vərəqə qol çəkdirib. Həmin ağ vərəqi pulu verdiyinə dair imza etdirdiyini bildirib. Ruhiyyə isə ona inanıb imza edib. İddiaçı tərəfindən təqdim edilmiş akt nə vaxt tərtib edilib Cavabdeh6 məlumatı yoxdur. Bundan başqa məhkəmə Ruhiyyənin məhkəmə iclasında iştirakını təmin etməyib. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən maraqlı şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi müvafiq surətdə nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisəli ünvandakı torpaq sahəsi ona Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. Həmin torpaq sahəsindən istifadə etmədiyinə görə onu iddiaçıya 2004-cü ildə 125 şirvana (bir milyon iki yüz əlli min manata) icarəyə vermiş, eyni zamanda torpaq sahəsinə hüququnu təsdiq edən sənədləri də iddiaçıya vermişdir. İddiaçı pulu verdikdən sonra bir ağ damalı vərəqə ona imza etmişdir. Həmin vərəqə onun əri də imza etmişdir. İş materiallarındakı 03 mart 2004-cü il tarixli aktdakı imza ona məxsus olsa da, o, həmin sənədə yox, boş vərəqə imza etmişdir. O, torpaq sahəsini icarəyə vermiş olsa da, müddətlə bağlı aralarında danışıq olmamışdır. Torpaq sahəsini icarəyə verdikdən bir müddət sonra əri ilə birlikdə Rusiyaya getmişlər. Arada Rusiyadan öz evlərinə qayıtmış, lakin yenidən Rusiyaya qayıdıb getmişlər. Rusiyadan gələndə iddiaçı torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmasını ona təklif etmiş, lakin o, müqavilənin bağlanması üçün notariat kontoruna getməkdən imtina etmişdir. Sonradan həmin torpaq sahəsinə yenidən mülkiyyət sənədi əldə edərək torpaq sahəsini qardaşına – iş üzrə digər Cavabdeh4 bağışlamışdır. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək iddia ərizəsində səhvən bağışlama müqaviləsinin ləğv edilməsini göstərdiyini, əslində isə həmin müqavilənin etibarsız sayılmasını xahiş etdiyini bildirdi və nəzərə alınmağını xahiş etdi. Əlavə olaraq göstərdi ki, əkin-biçin üçün torpaq sahəsi almaq istədiyinə görə yaşadığı kənd icra nümayəndəliyindən ona bildirilmişlər ki, Cavabdeh6 (hazırda Heydərova) özünə məxsus olan pay torpaq sahəsini satır. Ona görə də Ruhiyyə və onun yoldaşı Xaliq Heydərovla görüşərək danışmış, torpaq sahəsinin 125 şirvana alqı-satqısı ilə bağlı razılaşmış, o barədə kənd icra nümayəndəliyində müvafiq akt tərtib edilərək həm Cavabdeh6, həm onun əri Xaliq Heydərov, həm də aktın tərtib edilməsində iştirak edən şahidlər tərəfindən imza edilmişdir. Torpaq sahəsinin ona guya icarəyə verilməsi ilə bağlı cavabdehin bildirdiyi həqiqətə uyğun deyildir. O, cavabdehə dəfələrlə müraciət edərək alğı-satqı müqaviləsinin bağlanması üçün notariat kontoruna getməsini xahiş etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə notariat kontoruna getməkdən imtina etmişdir. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı tərtib olunmuş aktda və iddia ərizəsində göstərilmiş ******* manat əslində cavabdehlərə verilmiş məbləğ yox, torpaq şəhadətnaməsində torpağın qiyməti kimi göstərilmiş məbləğdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, onlarla heç bir ədavəti yoxdur. Cavabdeh6 onun arvadı, Cavabdeh4 isə qaynıdır. Cavabdeh6 ilə 1994-cü ildə ailə qurmuşlar. Əvvəllər Göygöl rayonunun Quşçu kəndində, sonra Qarabulaq kəndində, daha sonra isə Murovdağ qəsəbəsində yaşamışdır. 2004-cü ildə Rusiya Federasiyasına işləmək üçün getmişdir. Mübahisəli torpaq sahəsini isə həmin vaxt İddiaçı 125 şirvana icarəyə vermişdir. Rusiya Federasiyasından 2007-ci ildə qayıtmışdır. O, torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir akta imza etməmişdir. Sadəcə iddiaçı ona ağ kağıza qol çəkdirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, heç biri ilə ədavəti və qohumluq əlaqələri yoxdur. 1994-cü ildən 2007-ci ilə qədər Göygöl rayonu Qarabulaq kəndində icra nümayəndəsinin müavini işləmişdir. İcra nümayəndəsi Eldar Ələsgərov bildirmişdi ki, Xaliq Heydərov arvadı Cavabdeh6 məxsus olan pay torpaq sahəsini satmaq istəyir. İddiaçı isə həmin torpaq sahəsini satın almaq istədiyini bildirmişdi. Xaliq Heydərov qeyd olunan torpaq sahəsini İddiaçı pul müqabilində satdı. O, alqı-satqı ilə bağlı akt tərtib etmiş və həmin akta aktda göstərilən digər şəxslərlə birlikdə imza etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadə verərək göstərdi ki, tərəfləri tanıyır, heç biri ilə ədavəti və qohumluq əlaqələri yoxdur. 2003-cü ildən Göygöl rayonu Qarabulaq kəndində icra nümayəndəliyində mühasib işləmişdir. Xaliq Heydərov arvadı Cavabdeh6 məxsus olan pay torpaq sahəsini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsi bağlanılan zaman o, şahid kimi iştirak etmişdir. Alqı-satqı müqaviləsinin bağlanılması ilə bağlı akt tərtib edilmiş və o, akta imza etmişdir. Ağ kağıza imza etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, onlarla heç biri ilə ədavəti yoxdur. İddiaçı onun qardaşıdır. Cavabdeh6 özünə məxsus olan torpaq sahəsini satmış, Məhəmməd isə almışdır. Bununla bağlı akt tərtib edilmiş, o da akta imza etmişdir. İmza etdiyi kağız boş olmamışdır. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0079 KOD 50808038 saylı şəhadətnamədə Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh6 adına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,28 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşə əlavə edilmiş 03 mart 2004-cü il tarixli Müqavilənamədən görünür ki, Xanlar rayon Quşçu kənd sakini Cavabdeh6 Xanlar rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini həyat yoldaşı X2, eləcə də digər şahidlərin iştirakı ilə ******* manata İddiaçı satıb pulu nəqd almışdır. İşdə olan daşımaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2019-cu il tarixdə Cavabdeh4 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Göygöl rayonu Quşçu kəndində yerləşən 0.8156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində Cavabdeh4 adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Göygöl rayon İHB-nın Qarabulaq kənd inzbati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 24/135 saylı arayışında JN-0079 (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 1.28 ha torpaq sahəsinin 2004-cü ildən İddiaçı istifadəsində olduğu və həmin torpaq sahəsinə dövlət tərəfindən verilmiş subsidyanı İddiaçı aldığı göstərilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, həqiqətən Göygöl rayonu Quşçu kəndində yerləşən 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh6 məxsusdur. Həmin torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh6 mülkiyyətinə verilmişdir. Bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-0079 KOD 50808038 saylı Dövlət Aktı var. Cavabdeh6 həmin 1.28 ha torpaq sahəsini 2004-cü ilin mart ayının 3-də İddiaçı ******* manata satmış və elə həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadəsində olmaqla mübahisəli torpaq sahəsinin Dövlət Aktının əsli İddiaçı olmasına baxmayaraq R.X10 itmiş kimi göstərib DƏDRX-nin Gəncə Ərazi İdarəsindən özünə çıxarış almış və torpaq sahəsini qardaşı Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 adına xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qismən əsaslı hesab edir. Apellyasiya şikayətində Cavabdeh6 ona məxsus olan torpaq sahəsini İddiaçı satmadığını, sadəcə istifadə etməsi üçün icarəyə verdiyini, həmçinin alqı-satqı ilə bağlı tərtib edilmiş akta imza etmədiklərini, Məhəmmədin ona ağ kağıza imza etdirdiyini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş 03 mart 2004-cü il tarixli müqavilənamədən göründüyü kimi İddiaçı, Cavabdeh6, onun əri Xaliq Heydərov və şahidlər Mehdi Mehdiyev, Kənan Axundov, X12 Cəmilovaya məxsus olan 1,28 ha pay torpaq sahəsini İddiaçı satdığını, sonuncunun isə qeyd olunan torpaq sahəsini ******* manata aldığını öz imzaları ilə təsdiq etmişlər. Bu halın doğruluğunu həmçinin məhkəmə iclasında şahid kimi dindirilmiş Mehdi Mehdiyev, Kənan Axundov, Baris Aslanov öz ifadələrində göstərmişlər. Məhkəmə kollegiyası Cavabdeh6 qeyd olunan torpaq sahəsini iddiaçının yalnız istifadəsinə verməsi, iddiaçının onlara ağ kağıza imza etdirməsi dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh6 məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamədən göründüyü kimi cavabdehlərdən Cavabdeh4, yəni cavabdehin qardaşı məhkəmə iclasında iştirak etmiş, Cavabdeh6 isə məhkəmə iclasına gəlməmiş, məhkəmə onun gəlməməsinin səbəbini üzrsüz sayaraq işə iştirakı olmadan baxmışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək iddia ərizəsində səhvən bağışlama müqaviləsinin ləğv edilməsini göstərdiyini, əslində isə həmin müqavilənin etibarsız sayılmasını xahiş etdiyini bildirmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı müqavilənin ləğv edilməsinə aid maddi hüquq normalarına yox, müqavilənin etibarsız hesab edilməsinə əsas olan maddi hüquq normalarına istinad etmişdir. Ona görə də kollegiya iddiaçının ərizəsi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin istinad olunan normalarından da göründüyü kimi, müqavilənin ləğvinə dair iddia ilə müqavilə tərəfi çıxış etməkdə haqlıdır. Qeyd edildiyi kimi iddiaçı da iddia ərizəsində müqavilənin ləğvinə dair normalara yox, etibarsızlığına dair normalara istinad etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 338-ci maddəsinə əsasən MM-nin tələblərinə uyğun gəlməyən və ya bu Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Mülki Məcəllə ilə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, etibarsızdır. Mülki Məcəlləsinin 354.1 və 354.2 maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Göygöl rayonu Quşçu kəndində yerləşən 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh6 məxsus olmuşdur. Həmin torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Cavabdeh6 mülkiyyətinə verilmişdir. Cavabdeh6 həmin 1.28 ha torpaq sahəsini 2004-cü ilin mart ayının 3-də İddiaçı bir milyon iki yüz əlli min manata satmış, elə həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadəsindədir və Dövlət Aktının əsli İddiaçı olmuşdur. İddiaçının təkliflərinə baxmayaraq Cavabdeh6 alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat orqanına getməkdən müxtəlif bəhanələrlə getməkdən imtina etmişdir. Lakin buna baxmayaraq R.X10 itmiş kimi göstərib DƏDRX-nin Gəncə Ərazi İdarəsindən özünə çıxarış almış və torpaq sahəsini qardaşı Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 isə adına xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, Cəmilova (Heydərova) Ruhiyyə Musa qızı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(066)-421/2020 nömrəli qətnaməsi qismən – Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilsin. Cavabdeh6 ilə Cavabdeh4 arasında Göygöl rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamə qalan - Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 31 oktyabr tarixli 15 saylı qərarı ilə Cavabdeh6 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə Cavabdeh6 ilə İddiaçı arasında alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması hissələrində dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar