Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1558/2025 03.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Adil oğlunun və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsunuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-123/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-123/2025 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs DƏDKR-nin X21 11 saylı Şəmkir Ərazi İdarəsi) “Zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı (nümayəndəsi Nümayəndə Adil oğlu) apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması və qanunsunuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş JN 139 KOD 50403038 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktına və mülkiyyət hüququ əsasında X3, Nümayəndə, X8, X12 və ona məxsus olan Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisində yerləşən 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə arvadı X3, oğlu X9, qızı X8, qızı X13 və onun mülkiyyətinə Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisindən 2.15 hektar (0.6082 ha, 0.3970 ha, 0.12 ha vǝ 1.02 ha olmaqla 4 kontorda yerləşir) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsinə dair JN-139 KOD 50403038 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahələri ona verildikdən sonra Qılıncbəyli bələdiyyəsinin sədri və kənd icra nümayəndəliyi ona verilmiş pay torpaq sahəsinin 0.12 ha hissəsini geri qaytarmağını, əvəzində isə ona və ailəsinə başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirilmişdir. Torpaq sahəsinin geri qaytarılmasına səbəb isə həmin torpaq sahəsinin bələdiyyə məxsus olduğunu qeyd olundu. O isə bələdiyyə sədrinin və icra nümayəndəsini dedikləri ilə razılaşıb həmin əraziləri bələdiyyə qaytarmış, ona isə həmin torpaq sahəsinin yaxınlığından torpaq sahəsi verildi. Lakin həmin torpaq sahəsini sənədləşdirə bilməmişdir. Bundan sonra ona məxsus 0.12 ha torpaq sahəsinin səndələşdirilməsi üçün ölçmə işləri apardığda məlumatı oldu ki, cavabdehlər tərəfindən torpaq sahəsi zəbt edilib və həmin torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən ayrı-ayrıldıqda iki ədəd yaşayış evi inşa olunmuşdur. Hazırda həmin torpaq sahəsində Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Cavabdeh2 tərəfindən isə yarımçıq tikili inşa olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 0.12 ha torpaq sahəsini zəbt etmiş və yaşayış evi inşa etmişdir. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahələrində çıxmalarını və qanunsuz inşa etdirdiklər tikililərin sökməsin tələb etsə də, onlar bundan imtina etmişlər. Onun cavabdehlərə torpaq sahəsində tikinti işlərinin aparılmasına heç bir razılıq verməmişdir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki iddia tələbi qanuni və əsaslıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində araşdırılma aparılarkən təyin edilmiş ekspertiza və mütəxəssis rəyləri ilə cavabdehlər tərəfindən ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt olunması öz təsdiqini tapır. Lakin məhkəmə onun cavabdehlərə həmin torpaq sahəsindən çıxarmağını və qanunsuz tikililərin sökülməyini tələb etməyini hüquqdan sui-istifadə kimi qəbul edir. Ancaq məhkəmə cavabdehlərinin onun mülkiyyətində olan (dövlət tərəfindən ona və ailəsinə verilən əmlak payında) torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində onun və dövlət idarələrinin icazəsi olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq ev inşa etməklərini qanuni və ədalətli hesab etmişdir. Bundan başqa məhkəmə tərəfindən keçirilmiş ekspertizada cavabdehlərinin inşa etdikləri evin kvadratı və ölçüsü barədə heç bir məlumat qeyd olunmamışdır. Bundan başqa məhkəmə tərəfindən cavabdehlərinin zəbt etdikləri torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq cavabdehlərin həmin torpaq sahəsində inşa etdikləri tikiliyə görə heç bir münasibət bildirməmişdir. Halbuki, cinayət qanunverciliyinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər hansı bir tikilinin aparılması cinayət məsuliyyəti yaratmaqdadır. Bugünki tarixədək cavabdehlərin etdikləri hərəkətlərə görə heç bir tədbir görülməmiş, əlavə olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikdirdikləri ev məhkəmə tərəfindən qanuni hesab etdirilmişdir. Həmçinin məhkəmə tərəfindən cavabdehlərinin tikintidən əlavə zəbt etdikləri torpaq sahəsinin ona geri qaytarılması barədə heç bir əsaslandırma aparılmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görə də yuxarıda qeyd olunan məsələlər yenidən araşdırılmalı və Şəmkir rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin olunmalıdır. Məhkəmə qəbul etdiyi qətnamədə hansı əsasla belə bir qətnamə qəbul etməsini əsaslandırmamışdır. Yəni həmin torpaq sahasində cavabdehlər tərəfindən inşa edilmiş tikililərinin qanunsuz olması və inşa edilmiş torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması barədə heç bir əsaslandırma verməmişdir. Yəni məhkəmə cavabdehlərinin hüquqlarını təmin edərəkən onun hüquqlarını pozmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü, Cavabdeh2 və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri” publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Adil oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, onlara məxsus 0,12 ha torpaq sahəsi kənd bələdiyyəsi və icra nümayəndəsi tərəfindən geri qaytarıldıqdan sonra cavabdehlərə verilmiş, iddiaçıya isə başqa yerdən torpaq sahəsi verilmişdi. Lakin iddiaçı onlara verilmiş torpaq sahəsini öz adlarına sənədləşdirə bilmədiklərinə və həm də məhkəmə qətnaməsinə əsasən həmin torpaq sahəsindən çıxarıldıqlarına görə iddiaçı iş üzrə cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin izah etdi ki, cavabdehlərin kənd bələdiyyəsi və icra nümayəndəsi tərəfindən ondan geri alınmış, lakin onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsində tikinti işləri apardıqlarını görmüş olsa da, lakin heç bir etirazı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, həmin torpaq sahəsini bələdiyyədən almış, orada fərdi yaşayış evi tikdirmiş, iddiaçı həmin torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüş olsa da, onlara qarşı heç bir etirazı olmamışdır. İşə üçüncü şəxs qismində cəlb edilmiş X20 izahatında göstərdi ki, Şəmkir rayonu Qılıncbəyli bələdiyyərindən xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 0,08 ha həyətyanı torpaq sahəsi almış və həmin torpaq sahəsini idarə edilməsi, orada fərdi yaşayış evinin inşa edilməsini qohumu – iş üzrə Cavabdeh1 həvalə etmiş və ona müvafiq etibarnamə vermişdir. İşə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şəmkir rayonu Qılıncbəyli bələdiyyəsinin sədri vəzifəsində işləmiş X1 izahatında göstərdi ki, 2010-2015-ci illərdə Şəmkir rayonu Qılıncbəyli bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Aqrar islahatı keçirildikdə Qılıncbəyli kəndinin perspektiv inkişafı üçün torpaq sahəsi nəzərdə tutulmamışdı. Lakin kəndə bitişik ərazidə 1,09 ha boş torpaq sahəsi var idi. Bələdiyyə sədri olaraq yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 8 nəfər şəxsə, o cümlədən iş üzrə cavabdehlərə bələdiyyənin qərarı ilə həmin ərazidən fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahəsi bəzi şəxslər tərəfindən zəbt edildiyi mmüəyyən edildiyindən bələdiyyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların, o cümlədən iddiaçının anası olan X2 həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, məhkəmənin qətnaməsinə əsasən torpaq sahələri boşaldılmışdır. Hazırda sürüşmənin olduğu bildirilərək mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğu bildirilir. Halbuki bundan əvvəl məhkəmə tərəfindən araşdırma aparılmış həmin torpaq sahəsinin iddiaçıya və onun ailə üzvlərinə aid olmadığı müəyyən edilmişdir. Hüquqi məsələlər ə əsaslandırma: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan JN-139 nömrəli 50403038 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X3, İddiaçı, Nümayəndə Adil oğluna, X11, X14 Şəmkir rayonu, Qılıncbəyli kəndindən 2.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli rəyindən görünür ki, Şəmkir rayonu Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 1391 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (pay torpaq sahəsinə) bitişik olan, Qılıncbəyli kənd sakini X6 tərəfindən istifadə edilərək əkin əkilmiş 0.09 ha torpaq sahəsi Qılıncbəyli Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)- 710/2014 saylı qətnaməsindən görünür ki, JN-01-75 Kod 50408038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında iddiaçı Şəmkir rayon Qılıncbəyli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndində keçmiş sovxozun ferma binasının cənub hissəsində 32-ci konturda yerləşən 0.42 ha torpaq sahəsindən cavabdeh X10, Qılıncbəyli kəndinin şimal-şərq hissəsində 24-cü konturda yerləşən 0.41 ha torpaq sahəsindən cavabdeh X16, Şəmkir rayon Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 97K saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.09 ha torpaq sahəsindən cavabdeh X4, Şəmkir rayonu Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 1391 saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik olan 0.09 ha torpaq sahəsindən cavabdeh X2, Şəmkir rayon Qılıncbəyli kəndindən Qaracəmirli kəndinə gedən yolun şərq hissəsində 139K saylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.05 ha torpaq sahəsindən cavabdeh X5 çıxarılması və həmin torpaq sahələrinin Şəmkir rayonu Qılıncbəyli bələdiyyəsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1290/2014 saylı 21 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-710/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-5433/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Qılıncbəyli kəndinin ərazisində yerləşən (JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) 0.12 ha torpaq sahəsinin 0.1021 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Kompleks yerquruluşu xəritəsinə əsasən Cavabdeh1 istifadəsində olan 0.1021 ha-dək torpaq sahəsinin 0.0178 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0639 ha hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində, Cavabdeh2 istifadəsində olan 0.0737 ha torpaq sahəsinin 0.0192 ha-dək hissəsi bələdiyyə mülkiyyətində, 0.0467 ha-dək hissəsi isə JN169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mübahisəli torpaq sahəsində tikinti mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9433 nömrəli rəyindən görünür ki, yeni elektron uçot xəritəsinə əsasən Şəmkir rayon Qılıncbəyli kəndinin ərazisində yerləşən (JN169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında) 0.12 ha torpaq sahəsinin 0.1021 ha-dək hissəsi Cavabdeh1 tərəfindən istifadə olunur. Kompleks yerquruluşu xəritəsinə əsasən Cavabdeh1 istifadəsində olan 0.1021 ha-dək torpaq sahəsinin 0.0178 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.0639 ha hissəsi isə JN-169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində, Cavabdeh2 istifadəsində olan 0.0737 ha torpaq sahəsinin 0.0192 hadək hissəsi bələdiyyə mülkiyyətində, 0.0467 ha-dək hissəsi isə JN- 169 KOD 50403038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Şəmkir rayon AİK-ın xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə arvadı ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətinə Şəmkir rayonu Qılıncbəyli kəndinin ərazisindən 2.15 hektar (0.6082 ha, 0.3970 ha, 0.12 ha vǝ 1.02 ha olmaqla 4 kontorda yerləşir) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsinə dair JN-139 KOD 50403038 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahələri ailə üzvləri ilə birlikdə ona verildikdən sonra həmin torpaq sahəsinin 0.12 ha hissəsi Qılıncbəyli bələdiyyəsinin sədri və kənd icra nümayəndəliyinin təklifi ilə geri qaytarılmış, əvəzində ona başqa yerdən torpaq sahəsinin veriləcəyi bildirilmiş, ondan geri alınmış torpaq sahəsi bələdiyyə tərəfindən 2011-ci ildə digər şəxslərə - iş üzrə cavabdehlərin Cavabdeh2 və X17 verilmiş, sonuncu isə bələdiyyə tərəfində ona satılmış torpaq sahəsini Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahələrində tikinti işləri aparmağa başlamış, iddiaçı cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikinti işləri apardığını gördüyü və bildiyi halda onlara heç bir etiraz bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən hər hansı tikinti inşa edildikdə və ya digər ağac əkilib bağ salınması edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini, ağacların çıxarılmasını və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi JN-139 KOD 50403038 nömrəli Torpağın Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən, iddiaçının və ailə üzvlərinin birgə mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu zaman torpaq sahəsində 2016 və 2018-ci il tarixdən cavabdeh tərəfindən fərdi yaşayış evinin tikilməsi mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib sayılmır. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb həmin torpaq sahəsində fərdi yaşayış evi tikib ailəsi ilə birlikdə orada yaşayan şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı və orada 2016 və 2018-ci ildən fərdi yaşayış evi tikib yaşayan şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə bildirmişdir ki, iddiaçının ona məxsus torpaq sahəsində tikilinin tikilməsi və mövcudluğunu bildiyi halda cavabdehlərin zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. İddia tələbindən və apellyasiya şikayətindən görünür ki, iddiaçı ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin cavabdehlərdən tərəfindən zəbt edildiyini və oradakı tikilinin sökülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən 2016-2018-ci illərdə tikilinin tikilməsini gördüyü və buna etiraz etmədiyi halda cavabdehlərin həmin torpaq sahəsini zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etməsi hüquqdan sui-istifadəyə səbəb olacağından birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsində araşdırılma aparılarkən təyin edilmiş ekspertiza və mütəxəssis rəyləri ilə cavabdehlər tərəfindən ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin zəbt olunması öz təsdiqini tapmış olsa da, məhkəmə onun iddiasını təmin etməməkdə haqlı olmamışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Ona görə ki, yeni elektron uçot xəritəsinə əsasən cavabdehlərin istifadəsində olan torpaq sahələrinin müəyyən hissəsi ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsi lə üst-üstə düşsə də, lakin həmin torpaq sahələri bələdiyyə tərəfindən həmin şəxslərə veriləndə iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməmiş, ən əsası isə cavabdehləri həmin torpaq sahələrini zəbt etməmiş, Qılıncbəyli bələdiyyəsinin qərarı ilə həmin torpaq sahələri şəxslərə satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, İddiaçı nümayəndəsi Nümayəndə Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-123/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-123/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1558/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1558/2025
03.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver