Məhkəmə qərarları › İş №2(104)-1564/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1564/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1564/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-276/2023 nömrəli qətnaməsindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının (bundan sonra DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı) departament müdiri tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 02 yanvar 1986-cı ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alunit X1 filialının 4-cü dərəcəli aparatçı-hidrometallurq vəzifəsində işləməsinə dair faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-276/2023 saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) ərizə təmin edilmiş, 22 mart 1961-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Nadirxanlı kəndində doğulmuş Ərizəçi 02 yanvar 1986-cı ildən 02 aprel 1993-cü ilədək X3 İdarəsinin Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Şorbulaq filialında 4-cü dərəcəli aparatçı-hidrometallurq vəzifəsində işləməsi faktı müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının departament müdiri qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ərizəçinin iş materiallarında ərizəsindən görünür ki, İT-İ №0767835 saylı əmək kitabçasında 02 yanvar 1986-cı ildə Kəlbəcər rayonu Şorbulaq kəndində yərləşən Zəylik Alunit X1 filialın 4-cü dərəcəli aparatçı-hidromətallurq vəzifəsinə işləməsi barədə qeyd vardır. Həmçinin bildirmişdir ki, Kəlbəcər rayonu işğal olunan son günədək o həmin vəzifədə işləmiş və işdən azad olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarından da göründüyü kimi, ərizəçinin əmək stajı 02 yanvar 1986-cı ildən 02 aprəl 1993-cü ilədək Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alünit X1 filialında 4-cü dərəcəli aparatçı-hidrometallurq vəzifəsində işləməsi barədə qeyd mövcuddur, bu hal isə işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir, Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Həmçinin, hesab edirlər ki, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. İş üzrə digər Ərizəçi və maraqlı şəxs DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının departament müdiri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçinin tələbi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasından ibarətdir. Azərbaycan Respublikasının MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-in 307.2.11-ci bəndində deyilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə tərəfindən müəyyən edilir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bu xüsusiyyətlərdən biri, faktın müəyyən olunması barədə ərizənin (iddia icraatı qaydasında verildikdə iddia ərizəsinin) məzmununa dair qanunla müəyyən olunan tələblərdir. Ümumiyyətlə iddia ərizəsi mülki mühakimə icraatının başlanması üçün mühüm prosessual sənəd olduğuna görə, onun forma və məzmunu, habelə verilməsi şərtləri qanunvericiliklə dəqiq müəyyən olunmuşdur. Ərizənin forma və məzmunu, irəli sürülən tələbə baxılması üçün zəruri olan məlumatları özündə əks etdirməlidir. İddia ərizəsinin forma və məzmunu Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsində müəyyən edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün verilən ərizələr üçün, MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş məzmundan əlavə şərtlər də müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 310-cu maddəsində yazılmışdır ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin, ərizəçi Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alunit X1 filialının 4-cü dərəcəli aparatçı-hidrometallurq vəzifəsində işləməsini təsdiq edən sənədi ala bilmədiyinə dair sübutu, bu səbəbdən də ona pensiya hesablanmasından imtina edildiyinə dair sübutları göstərməmişdir. Əksinə, iş materiallarında olan İT-İ №0767835 saylı əmək kitabçasında 02 yanvar 1986-cı ildə Kəlbəcər rayonu Şorbulaq kəndində yərləşən Zəylik Alunit X1 filialın 4-cü dərəcəli aparatçı-hidromətallurq vəzifəsinə işləməsi barədə qeyd vardır. Həmçinin bildirmişdir ki, Kəlbəcər rayonu işğal olunan son günədək o həmin vəzifədə işləmiş və işdən azad olması barədə heç bir qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Bu vəziyyət prosesin gedişatına təsir edən haldır və birinci instansiya məhkəməsi iddia ərizəsinin Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi səbəbindən Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması məsələsini həll etməli, əgər iddia ərizəsi icraata qəbul edilmişdirsə, Azərbaycan Respublikasının MPM-in 259.0.12-ci maddəsinin tələblərinə uyğun hərəkət etməli idi. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizənin Azərbaycan Respublikasının MPM-in 310-cu maddəsinin tələblərinə uyğun olmadığını nəzərə almamışdır. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikasının MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu o deməkdir ki, məhkəmə istənilən faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə-şəxsi və ya əmlak hüquqlarının yaranması, dəyişməsi və ya xitamına səbəb olacaq faktı müəyyən edə bilər. Əgər müəyyən edilsə ki, təsdiqi xahiş olunan fakt hüquqi əhəmiyyətli fakt deyil, onda hakim Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad çıxarmalıdır. Məhkəmə kollegiyası tələb olunan faktın ərizəçiyə nə məqsəd üçün lazım olduğunu araşdırmışdır. Ərizəçinin göstərdiyi dəlilləri ümumiləşdirməklə bu nəticəyə gəlmək olar ki, ərizəçi gələcəkdə özünə pensiya təyin olunması zamanı staj kimi nəzərə alınması üçün hazırki faktın müəyyən olunmasını istəyir. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü maddəsinə əsasən, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin qərarın 13.4-cü maddəsinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, ərizəçi 02 yanvar 1986-cı ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alunit X1 filialının 4-cü dərəcəli aparatçıhidrometallurq vəzifəsində işləməsi faktının müəyyən edilməsini istədiyindən hazırki tələbə məhkəmə icraatında baxıla bilməz. Lakin, birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, ərizəni icraata qəbul etməklə prosessual səhvə yol vermişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə qaydasında baxıla bilməsinin müəyyən edilməsidir. Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Lakin, hazırda ərizəçinin 02 yanvar 1986-cı ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alunit X1 filialının 4-cü dərəcəli aparatçıhidrometallurq vəzifəsində işləməsinin sosial sığorta stajına daxil edilməsi üçün DSMF orqanlarına müraciət etməli, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə cavabdehin orqanın hərəkətindən Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, verilmiş tələb üzrə icraata Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş məhkəmədə baxılmalı olmadığı əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-in 384.0.5.-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 262.3-cü maddəsinin tələbinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilirsə, məhkəmə ərizəçinin hansı orqana müraciət emləli olduğunu göstərməlidir. Məhkəmə kollegiyası bu normaya əsasən hesab edir ki, ərizəçiyə 02 yanvar 1986cı ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alunit X1 filialının 4-cü dərəcəli aparatçı-hidrometallurq vəzifəsində işləməsinin sosial sığorta stajına daxil edilməsi üçün DSMF orqanlarına müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264, 306, 384.0.5, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-276/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunur ki, 02 yanvar 1986-cı ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayonunun Şorbulaq kəndində yerləşən Zəylik Alunit X1 filialının 4-cü dərəcəli aparatçıhidrometallurq vəzifəsində işləməsinin sosial sığorta stajına daxil edilməsi üçün DSMF orqanlarına müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən Gəncə İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar