Məhkəmə qərarları › İş №2(104)-1573/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1573/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1573/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-940/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-940/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, mərhum X5 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla, ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət mirasın Ərizəçi2 tərəfindən və mərhum X4 miras qalmış, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət mirasın Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(042)-940/2022 saylı qətnaməsindən 14 aprel 2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-940/2022 saylı qərardadı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-940/2022 saylı qətnaməsindən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-940/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və onun miras əmlakına pay hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-940/2022 saylı mülki iş üzrə 10 may 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, qərardaddan verilən şikayət qismən təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-940/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 10 may 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Maraqlı şəxs2 qətnamədən verdiyi apellyasiya şikayətini geri qaytararkən öz qərarında göstərmişdir ki, Maraqlı şəxs2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-940/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək məhkəmənin sözügedən qətnaməsinin onun maraqlarına toxunduğunu bildirmişdir. Maraqlı şəxs2 həmin qətnamənin onun maraqlarına toxunmasına əsas kimi mübahisəli yaşayış evinin onun anası X1 miras əmlak kimi qəbul edildiyini və onun H.Hüseynovanın birinci növbəli vərəsəsi olduğundan həmin miras əmlakdan payının olmasını qeyd etmişdir. Gədəbəy Rayon Məhkəməsinin icraatında 2014-cü il tarixdə iddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh X3 qarşı “mənzildən cavabdehin istifadəsinə xitam verilməklə həmin mənzildən çıxarılmasını” tələbinə dair mülki iş olmuş və cavabdeh X6 həmin mülki iş üzrə Ərizəçi1 və Ərizəçi2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması” barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli, 2(041)- 9/2014 saylı qətnaməsinə əsasən, ilk iddiaçılar Ərizəçi1 Səyad oğlunun və Ərizəçi2 cavabdeh X3 qarşı “mənzildən cavabdehin istifadəsinə xitam verilməklə həmin mənzildən çıxarılmasını” tələbinə dair ilkin iddiası, X2 X7 və Ərizəçi2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin icraatında olmuş 2(042)-940/2022 saylı mülki iş üzrə iddia ərizəsinin predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hissələri ilə Gədəbəy Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli, 2(041)-9/2014 saylı qətnaməsinə əsasən təmin edilməmiş ilk və qarşılıqlı iddiasının predmeti eynilik təşkil etdiyindən məhkəmə apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə göstərilənlərə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 71-ci maddəsinə 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Kollegiya hesab edir ki, məhkəmə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən məhkəmənin apellyasiya şikayətinin geri qaytarılmasında istinad etdiyi Gədəbəy Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli, 2(041)-9/2014 saylı qətnaməsi iş materiallarında aşkarlanmır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-940/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 10 may 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-940/2022 saylı mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 10 may 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar