Məhkəmə qərarları › İş №2(104)-1573/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1573/2025

12.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1573/2025 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdeh Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Bayramlı kəndində yerləşən 0.39 ha torpaq sahəsinin 0.26 ha hissəsi və torpağın üzərində yerləşən fərdi yaşayış evi tam həcmdə olmaqla İddiaçı mülkiyyətində, torpaq sahəsinin 0.13 ha hissəsi isə X1 mülkiyyətindədir.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN-525A KOD 50302028 şəhadətnamədən görünür ki, Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı ilə Tovuz rayonu Bayramlı kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı həyətyanı torpaq sahəsi ilə Azcad və Tekuis məlumatlarına əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən həyətyanı torpaq sahəsinin 50 kv.m hissəsi üst-üstə düşür.

4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən ##.##.2013-cü il qeydiyyat tarixli 503013009023-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı İddiaçı və qeyrilərinin paylı mülkiyyətində olan Tovuz rayonu Bayramlı kəndindəki 0.39 ha torpaq sahəsinin koordinatlarının reyestr məlumatlarında necə yerləşməsi tərtib edilmiş sxemdə göstərilmişdir. Komplks yerquruluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-525A KOD 50302028 şəhadətnamə ilə cavabdeh Cavabdeh və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Tovuz rayonu Bayramlı kəndindəki 0.28 ha həyətyanı torpaq sahəsinin koordinatlarının reyestr məlumatlarında necə yerləşməsi tərtib edilmiş sxemdə göstərilmişdir. Elektron baza məlumatlarına əsasən ##.##.2013-cü il qeydiyyat tarixli 503013009023-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı İddiaçı və qeyrisinin paylı mülkiyyətində olan Tovuz rayonu Bayramlı kəndindəki 0.39 ha torpaq sahəsinin 73 kv.m hissəsi torpağın mülkiyyətinə verilməsinə dair JN-525A KOD 50302028 şəhadətnamə ilə cavabdeh Cavabdeh və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Tovuz rayonu Bayramlı kəndindəki 0.28 ha torpaq sahəsi ilə birgə ümumi sahəsi 4537 kv.m olan həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron baza məlumatlarına əsasən ##.##.2013-cü il qeydiyyat tarixli 503013009023-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı İddiaçı və qeyrisinin paylı mülkiyyətində olan Tovuz rayonu Bayramlı kəndindəki 0.39 ha torpaq sahəsinin 73 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir (rəyin tərtib edilməsi «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) məlumatlarına və kompleks yerquruluşu layihəsinə istinad edilmişdir).

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində 0,39 ha torpaq sahəsi vardır. Cavabdeh ona məxsus torpaq sahəsini öz başına zəbt etmişdir.

7. Tovuz Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh Tovuz rayonunun Bayramlı kəndində yerləşən İddiaçı mülkiyyətində (istifadəsində) olan 0,39 ha torpaq sahəsinin 50 kv.metr hissəsindən çıxarılması; Iddianın qalan hissədə təmin edilməməsi; Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iş üzrə təkrar ekspertiza təyin etməli idi. Torpaq sahəsi 40 ildən artıqıdr onun istifadəsindədir, neçə olur ki, iddiaçının 50 kv.m torpaq sahəsinə keçmişdir. Indi istəyir ki, yerində onun iştirakı ilə təkrar ekspertiza təyin olunsun.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini və nümayəndəsinin verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ##.##.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Tovuz rayonu Bayramlı kəndində yerləşən 0.39 ha torpaq sahəsinin 0.26 ha hissəsi və torpağın üzərində yerləşən fərdi yaşayış evi tam həcmdə olmaqla İddiaçı mülkiyyətində, torpaq sahəsinin 0.13 ha hissəsi isə X1 mülkiyyətindədir. Eyni zamanda, torpağın mülkiyyətə verilməsinə dair JN- 525A KOD 50302028 şəhadətnamə əsasında Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı ilə Tovuz rayonu Bayramlı kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Iddiaçı İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

32. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarındakı hüquqi mövqe).

33. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bu prinsip sayəsində hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, eləcə də iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır.

35. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

36. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

37. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

39. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

40. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Işin hallarından göründüyü kimi, iddiaçı torpaq sahəsinin mülkiyyətində olduğuna əsaslanaraq cavabdehin oradan çıxarılmasını tələb edir. Bu baxımdan tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən normaları çərçivəsində hüquqi qiymət verilməlidir.

42. Iddianın əsaslılığı baxımından aşağıdakı halların mövcudluğu araşdırılmalıdır: 1) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; 2) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; 3) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Bu üç hal məcmu şəkildə mövcud olduqda tələb təmin edilə bilər.

43. Hazırki iş üzrə birinci və ikinci hal mövcud olsa da, lakin üçüncü hal, yəni torpağa qanunsuz sahiblik və istifadə halı müəyyən edilmir.

44. Belə ki, iddianın əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Alınan rəylə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı və qeyrisinin paylı mülkiyyətində olan Tovuz rayonu Bayramlı kəndindəki 0.39 ha torpaq sahəsinin 73 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir. Rəylə həmçinin o da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindəki torpaq sahəsinin 73 kv.m hissəsi torpağın mülkiyyətinə verilməsinə dair JN-525A KOD 50302028 şəhadətnamə ilə cavabdeh Cavabdeh və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Tovuz rayonu Bayramlı kəndindəki 0.28 ha torpaq sahəsi ilə birgə ümumi sahəsi 4537 kv.m olan həyətyanı torpaq sahəsinin koordinatları ilə üstüstə düşür.

45. MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

46. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Iş üzrə tərəflərin də rəyin obyektivliyinə hər hansı arqumenti olmamışdır.

47. Göründüyü kimi, iddiaçı İddiaçı mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 73 kv.m hissəsinin faktiki olaraq cavabdeh Cavabdeh tərəfindən istifadəsi müəyyən edilsə də, lakin həmin 73 kv.m hissənin torpağın mülkiyyətinə verilməsinə dair JN-525A KOD 50302028 şəhadətnamə ilə cavabdeh Cavabdeh və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Tovuz rayonu Bayramlı kəndindəki 0.28 ha torpaq sahəsi ilə birgə ümumi sahəsi 4537 kv.m olan həyətyanı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Torpaqlara dair hüquqmüəyyənedici sənədlər də hazırkı məqamda hüquqi qüvvədə olduğundan cavabdeh tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin mübahisəli 73 kv.m hissəsinin, əslində, tərəflərdən hansının mülkiyyətində olması, habelə cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün deyildir.

48. Ona görə də, hazırkı məqamda iddiaçı İddiaçı mülkiyyətində olan 0,39 ha həyatyanı torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən faktiki istifadə edilən 73 kv.m hissəsinin sonuncu tərəfindən qanunsuz zəbt edilməsi kimi qiymətləndirilə bilməz.

49. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.

50. Məhkəmə xərcləri ilə bağlı qeyd edilir ki, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri də 100 manatdır. Kollegiyanın qənaətinə görə, iddia təmin edilmədiyindən MPM-nin 124.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri onu ödəməkdən azad edilməmiş iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN 1700326621 X2, KOD 210005 VÖEN 1401555071 m\h AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar