Məhkəmə qərarları › İş №2(104)-1578/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1578/2025

13.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1578/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3126/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.2020-ci il təvəllüldü, ömürlük İ dərəcəli əlil qızı X2 ilə birlikdə Cavabdeh yaşadığı, faktiki istifadəsində və sahibliyində olan Bərdə rayonu Xanərəb kəndində yerləşən mərhum atası X1 məxsus olmuş fərdi yaşayış evinə köçürülməsi, hazırki iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 40 manatın, mediasiya xidmətinə görə ödədiyi 60 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3126/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Abdullayev) iddia qismən təmin edilərək, İddiaçı azyaşlı övladı X2 ilə birlikdə Cavabdeh yaşadığı, faktiki istifadəsində olan Bərdə rayonu Xanərəb kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh 40 manat ödənilmiş dövlət rüsumu və mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək prosessual müddətin bərpa edilməsini, işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, hüquqi savadsızlığı, həmçinin kənd şəraitində yaşayıb bu cür hüquqi prosedurlardan xəbərsiz biri olduğu üçün məhkəmə qətnaməsindən şikayət vermək hüququnu və bu hüququn hansı müddətə həyata keçiriləcəyini vaxtında bilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3126/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3126/2025 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında ərizədə qeyd olunan üzrlü səbəblərə münasibət bildirilməmiş, heç bir əsası olmayan səbəblərlə ərizəni təmin etməkdən qanunsuz olaraq imtina edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3126/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1578/2025 nömrəli qərardadı ilə şikayətə əsasən işə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş müddətdə verilməsidir. Belə ki, sözügedən maddəyə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3126/2024 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixində iddiaçıya rəsmi qaydada təqdim edilmiş (səh. 69), iddiaçı mübahisələndirilən qətnaməni xx.xx.2025ci il tarixində əldə etdiyini apellyasiya şikayətində də qeyd etmişdir (səh. 76). Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə xx.xx.2025-ci il tarixində yəni, 3 ay 8 gün sonra verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi savadsızlığı ucbatından qətnamədən şikayət vermək hüququnu hansı müddətə həyata keçirəcəyini vaxtında bilməməsini qeyd etsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilinməsi barədə məlumat qeyd olunmuşdur. Diqqətə alınmalıdır ki, MPM-in 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsas deyildir. Belə olan halda şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 357, 363, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-3126/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar