Məhkəmə qərarları › İş №2(104)-1581/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1581/2025

27.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1581/2025 27.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdehinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə icraatı qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2847/2025 saylı qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən əməkhaqqı üzrə düzgün ödənilməmiş 2300 manat, maddi mənəvi zərərə görə təzminat olaraq 2300 manat, mediasiya şurasına ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 67 manat pul olmaqla, ümumilikdə 4722 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən aylıq əməkhaqqı 234 manat olmaqla universitetdə iş fəaliyyətinə başlamışdır, xx.xx.2022-ci il tarixindən əməkhaqqısı artaraq 456 manat təşkil etmiş və işlədiyi müddət ərzində universitet rektorunun xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-263/2023 nömrəli əmrinə əsasən öz razılığı ilə Ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə köçürülmüşdür və hazırda da həmin vəzifədə iş fəaliyyətini davam etdirir. Cavabdehin Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə köçürüldükdən sonra baxmayaraq ki, böyük inspektor vəzifəsi inspektor vəzifəsindən yüksəkdir, aylıq əməkhaqqı 456 manatdan 356 manata endirilmişdir. Bununla əlaqədar olaraq universitetin mühasibatlığına dəfələrlə müraciət etsə də, texniki səhvin olduğu bildirilmiş, lakin hazıradək ona ödənilməyən pul məbləği ona verilməmişdir. Bu əsasla xx.xx.2024-cü il tarixində universitet rəhbərinə rəsmi müraciət etmişdir, lakin müraciətinin heç bir nəticəsi olmamış və bu səbəbdən tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir. xx.xx.2025-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakdan imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Hesab edir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əməkhaqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində cavabdeh tərəfindən pul ödənilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixindən etibarən əməkhaqqının məbləği qaldırılaraq köhnə əməkhaqqına uyğunlaşmışdır. Bundan başqa, qeyd olunan 23 ay müddətində o, öz hüquqlarını tələb edərkən ciddi əsəb və psixoloji sarsıntılar keçirtmiş və bu səbəbdən cavabdehdən ona ödənilməyən 2300 manat qədər maddi və mənəvi təzminatın ödənilməsini məqsədəuyğun hesab edir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddiası aşağıda qeyd olunan səbəblərdən təmin edilə bilməz. Belə ki, iddiaçı 2023-cü il martın 3-dən ərizəsinə əsasən əmək müqaviləsi bağlanılmaqla universitet üzrə xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-263/2023 nömrəli əmrlə vakant olan böyük inspektor vəzifəsinə keçirilmişdir və aylıq əmək haqqı barədə heç bir narazılıq bildirməyərək işə başlamışdır. Həmin tarixə Mərkəzin böyük inspektor vəzifəsinin əmək haqqı ştat cədvəlinə uyğun 356.00 manat təşkil edirdi. Beləliklə, iddiaçı böyük inspektor vəzifəsində hazırda razılaşmadığı aylıq əmək haqqı ilə xx.xx.2023-cü il tarixdən işləməyə başlasa da, o məhkəməyə 2025-ci ilin aprel ayında, yəni iddia müddəti (2 ildən artıq) ötdükdən sonra qeyd olunan aktların tələblərinə əməl etmədən, iddia tələbini qanunla müəyyən olunmuş iddia müddəti keçdikdən sonra müraciət etmişdir. Odur ki, hazırkı iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin bu əsasla rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Bundan başqa, cavabdehin nümayəndəsi sonradan məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əlavə ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddia ərizəsində onun başqa şöbəyə köçürüldükdən sonra aylıq əmək haqqının 456 manatdan 356 manata endirilməsi və ona mühasibatlıq tərəfindən “texniki səhv” olduğunun bildirilməsinə dair irəli sürülmüş dəlil əsassızdır. Belə ki, Universitetdə hər bir şöbənin işçilərinin əmək haqqı işinin həcmindən, ağırlığından və s. amillərdən asılı olaraq fərqli müəyyən edilir. Universitet ştat cədvəlinə əsasən 2022-ci ildən iddiaçının qeyd etdiyi kimi xx.xx.2025-ci il deyil, xx.xx.2025-ci il tarixədək ümumi şöbənin inspektorunun aylıq əmək haqqı 456 manat, Təcrübə və karyera mərkəzinin böyük inspektorunun isə 356 manat məbləğində təsdiq edilmişdir, yəni heç bir əmək haqqı digərinə nisbətən endirilməmişdir; hər bir vəzifə üçün aylıq əmək haqqı baş mühasibin imzası ilə müəssisənin rəhbəri tərəfindən təsdiq edilən ştat cədvəli ilə müəyyən edilir və “texniki səhvin” olması istisnadır; iddiaçı başqa şöbəyə və vəzifəyə, yəni ümumi şöbənin inspektoru vəzifəsindən digər şöbədə vakant olan böyük inspektor vəsifəsinə iddia ərizəsində qeyd etdiyi kimi öz ərizəsinə əsasən yeni Əmək müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun keçmişdir və bu səbəbdən ona yeni şöbədə və yeni vəzifədə başqa şöbənin işçisinin aylıq əmək haqqı (456 manat) verilə bilməzdi. İddiaçının hazırda əmək haqqı Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən işçilərin minimum əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar 2025-ci il yanvar ayının 1-dən 400 manat və 1 fevral 2025-ci il tarixdən universitet üzrə “Əmək haqlarının məbləğlərinin artırılması haqqında” 19 mart 2025-ci il tarixli, 3-22-23/3-1-570/2025 nömrəli əmrlə 480 manat müəyyən edilmişdir, yəni iddiaçının ərizəsində qeyd etiyi kimi “köhnə əmək haqqına” uyğunlaşmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin arqumentləri ilə əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, o, əmək müqaviləsini yazılı şəkildə kağız daşıyıcıda bağlamışdır. Həmin müqavilədə əməkhaqqı barədə məlumat göstərilməmişdir. Ona əməkhaqqını özündə əks etdirən əməkhaqqı cədvəli də tanış olmağı üçün təqdim edilməmişdir. Bundan başqa, o, baş inspektor vəzifəsinə keçirilməsi ilə bağlı ərizə təqdim etsə də bu, təzyiqlər nəticəsində baş vermişdir. Bu barədə cavabdehin nümayəndəsi də məhkəmədə bildirmişdir. Hətta 02 mart 2022-ci ildə ərizə təqdim etdikdən sonra əmək müqaviləsi onunla 06 mart 2022-ci il tarixdə bağlanılmışdır. Əgər hər şey şəffaf idisə, heç bir qərəz və təzyiq yox idisə, o zaman müqavilə də ərizə verilən gün bağlanardı. Həmçinin, əmək müqaviləsi onun iştirakı ilə təqdim edilməmişdir, 2019-cu ildən qüvvədən düşmüş şəxsiyyət vəsiqənin rekvizitləri həmin müqavilədə qeyd edilmişdir. “Ümumi şöbə” ilə “Təcrübə və karyera mərkəzi”nin iş mexanizmi, hər iki şöbənin funksiyaları və 2022-ci ilin yanvar ayınadək olan əməkhaqqı cədvəlləri araşdırılmamışdır. Belə ki, o, Təcrübə və karyera mərkəzinə işə keçirilənədək baş inspektor vəzifəsi boş olmuşdur. Məhkəmə yalnız o, həmin vəzifəyə keçirildikdən sonrakı əməkhaqqı cədvəllərinə baxmaqla kifayətlənmişdir. Lakin həmin illərdən əvvəlki illər üzrə əmək haqqları araşdırılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən tarif cədvəlləri və vəzifə təlimatları tələb edilərək araşdırılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərdi ki, onun hazırda işlədiyi böyük inspektor vəzifəsi inspektor vəzifəsindən yüksək olduğu halda ona inspektorun əməkhaqqından aşağı əməkhaqının ödənilməsini hüququnun pozulması hesab edir. Ona görə də məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilıləri ilə razılaşmadı və həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək izahatında göstərdi ki, iddiaçı əvvəl işlədiyi ümumi şöbənin müdiri ilə yola getmədiyinə görə iş yerinin dəyişdirilməsi üçün özü PHŞ-in rəhbərliyinə ərizə ilə müraciət etmiş, PHŞ-in “Təcrübə və karyera mərkəzi”ndə böyük inspektor ştatı vakant olduğuna görə iddiaçının ərizəsi təmin edilərək həmin vəzifəyə təyin olunmuş, iddiaçı bir ildən artıq həmin vəzifədə işləmiş, ştat cədvəlinə uyğun əmək haqqı almış, lakin sonradan əmək haqqının aşağı olduğunu bildirərək mübahisələndirməyə başlamışdır. Təcrübə və karyera mərkəzində inspektorun aylıq vəzifə maaşının baş inspektorun aylıq vəzifə maaşından yüksək olması ilə bağlı izah etdi ki, işçilərin vəzifə maaşları onların iş yükündən aşlı olaraq müəyyən edilmişdir. Hazırkı vəziyyətdə Təcrübə və karyera mərkəzində inspektorun iş yükü baş inspektorun iş yükündən artıq olduğuna görə inspektorun aylıq vəzifə maaşı da yüksək müəyyən olunmuşdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı ümumi şöbə, işə başlama tarixi xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əməkhaqqının məbləği 234 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2018-ci il olmuşdur. İş materiallarında olan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı ümumi şöbə, işə başlama tarixi xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əməkhaqqının məbləği 456 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2022-ci il olmuşdur. İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdehinin rektoru vəzifəsini icra edən Zəfər Qurbanova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı onun Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin “başqa vəzifəyə keçirilmə haqqında” xx.xx.2023cü il tarixli, 3-22-23/3-1-263/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsi rəhbər tutularaq ümumi şöbənin inspektrou İddiaçı xx.xx.2023-cü il tarixdən Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilməsi, aylıq əməkhaqqının ştat cədvəlinə uyğun ödənilməsi, İnsan resursları şöbəsi və mühasibatlığın bu əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etməsi əmr edilmiş, əsas kimi İddiaçı ərizəsi qeyd edilmişdir. İş materiallarında olan, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdeh PHŞ-nin “Təcrübə və karyera mərkəzinə böyük inspektor” vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə əsasən işçiyə hər ay ştat cədvəlinə uyğun məbləğdə əməkhaqqı ödənilməlidir. İş materiallarında olan, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdeh PHŞ-nin “Təcrübə və karyera mərkəzinə böyük inspektor” vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə müddətsiz bağlanılmaqla, işçinin vəzifə/tarif maaşı 356 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı Təcrübə və karyera mərkəzi, işə başlama tarixi xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əməkhaqqının məbləği 356 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2023-cü il olmuşdur. İş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 3-22-23/2-436/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun 2022-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər ADAU-nun Təcrübə və karyera mərkəzinin böyük inspektor vəzifəsinin əməkhaqqı 356.00 manat təşkil edirdi. İş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 3-22-23/2-502/2025 nömrəli, 16 may 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun 2022-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər ADAU-nun ümumi şöbənin inspektor vəzifəsinin əməkhaqqı 456.00 (dörd yüz əlli altı) manat təşkil edirdi. İş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 3-22-23/2-533/2025 nömrəli, 21 may 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, Universitet üzrə təsdiq olunmuş ştat cədvəllərinə uyğun Karyera Mərkəzinin böyük inspektoru İddiaçı əməkhaqqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən işçilərin minimum əməkhaqqı məbləğinin artırılması ilə əlaqədar 2025-ci il yanvar ayının 1-dən 400 (dörd yüz) manat və 1 fevral 2025-ci il tarixdən universitet üzrə “Əmək haqlarının məbləğlərinin artırılması haqqında” 19 mart 2025-ci il tarixli, 3-22-23/3-1-570/2025 nömrəli əmrlə 480.00 (dörd yüz səksən) manat müəyyən edilmişdir. İş materiallarında olan, iddiaçıya məxsus elektron poçt ünvanından cavabdeh PHŞyə məxsus “Elektron ünvan ” elektron poçt ünvanına xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq göstərmişdir ki, o, bir ildir ki, ADAU Təcrübə və karyera mərkəzinin böyük inspektoru vəzifəsində çalışır. Bir il ərzində onun aylıq əməkhaqqı cəmi 314 manat (maaş cədvəlində tutqu aparılmayan hissəsi 350 manat) olmuşdur. Şöbədə inspektor maaşı aylıq 325 manat (differensial istisna olmaqla), digər şöbələrdə isə 395 manat olduğu halda onun əməkhaqqının hesablanmasında uyğunsuzluq və ədalətsizlik olduğu aydın görünür. Nədən?! Səbəb kimi baş mühasib yanlış hesablamanın olduğunu etiraf edib və düzəlişi isə yalnız rektorun göstərişi əsasında edə biləcəyini deyir. Hərçənd ki, başqa platformalarda fərqli - diferensial hesablama, inzibati bina və digər bina işçiləri kimi absurd, hüquqa və məntiqə sığmayan fikirlər səsləndirməkdədir. Müraciətinin araşdırılmasını və əməkhaqqının düzgün hesablanması üçün göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixdə təısdiq edilmiş Cavabdehin 2024-cü il üçün ümumi ştat cədvəlindən çıxarışdan görünür ki, Təcrübə və karyera mərkəzi böyük inspektor ştatı aylıq vəzifə maaşı və aylıq əməkhaqqı fondu 356,00 manat, Ümumi şöbə inspektor ştatı aylıq vəzifə maaşı və aylıq əməkhaqqı fondu 456,00 manat təşkil edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixindən aylıq əməkhaqqı 234 manat olmaqla, cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində (hazırkı Cavabdehi) iş fəaliyyətinə başlamış, ümumi şöbənin inspektoru vəzifəsində işləyərkən xx.xx.2022-ci il tarixindən əməkhaqqısı artaraq 456 manat təşkil etmiş və işlədiyi müddət ərzində universitet rektorunun xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-263/2023 nömrəli əmrinə əsasən öz ərizəsi əsasında Ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilmişdir. Həmin tarixə Mərkəzin böyük inspektor vəzifəsinin əməkhaqqı ştat cədvəlinə uyğun 356.00 manat təşkil etmiş, qeyd edilən tarixdə iddiaçı əmək funksiyası və şərtləri, eləcə də əməkhaqqı ilə razılaşmaqla əmək fəaliyyətinə başlamış, uzun müddət həmin əməkhaqqını alaraq işinə davam etmişdir. İddiaçı iddia etmişdir ki, əməkhaqqı düzgün ödənilmədiyinə görə, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əməkhaqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Cavabdehin 2024-cü il üçün ümumi ştat cədvəlindən çıxarışı ilə müəyyən edilmişdir ki, Təcrübə və karyera mərkəzi böyük inspektor ştatı aylıq vəzifə maaşı və aylıq əməkhaqqı fondu 356,00 manat, Ümumi şöbə inspektor ştatı aylıq vəzifə maaşı və aylıq əməkhaqqı fondu 456,00 manat təşkil edir. İddiaçı Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə özünün ərizəsinə əsasən təyin olunmuş, sərbəst surətdə bu barədə ərizəni imzalamış, hər hansı etirazını bildirməmiş, əmək funksiyası, şərtləri və əməkhaqqı ilə razılaşaraq uzun müddət həmin iş rejimində fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə təyin olunduğunu bilmiş, sərbəst surətdə bu barədə ərizəni imzalamış, hər hansı etirazını bildirməmiş, əmək funksiyası, şərtləri və əmək haqqı ilə razılaşaraq uzun müddət həmin iş rejimində fəaliyyət göstərmişdir. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının əmək haqqı düzgün ödənilmədiyinə görə, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əmək haqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilən tələb əsassız olduğundan ondan törəmə tələb olan, maddi mənəvi zərərə görə təzminat olaraq 2300 manat pul vəsaitinin cavabdehdən iddiaçıya ödənilməsi hissədə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddə 59. Başqa işə keçirmə İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155. Əmək haqqının minimum məbləği

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, iddiaçının əvvəlki işindən, yəni ümumi şöbənin inspektoru vəzifəsindən başqa işə - Təcrübə və karyera mərkəzində böyük inspektor vəzifəsinə öz ərizəsinə əsasən keçirildiyi tam təsdiqini tapmış, iddiaçının Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə ərizəsi nəzərə alınmaqla keçirildiyi məhkəmə kollegiyasının iclasında da təsdiqini tapmışdır. İddiaçı cavabdeh Azərbaycan Dövlət Aqrar Universiteti üzrə xx.xx.2023-cü il tarixli 3-22-23/3-1-263/2023 saylı əmrlə ümumi şöbənin inspektoru vəzifəsindən Təcrübə və karyera mərkəzinə böyük inspektor vəzifəsinə keçirilmiş, onunla əmək müqaviləsi bağlanmış, iddiaçı uzun müddət həmin vəzifədə işləməklə hər ay əməkhaqqı almış, yeni vəzifə üzrə əməkhaqqının əvvəlki vəzifə üzrə əməkhaqqıdan az olduğunu bilmiş, həmin əməkhaqqının məbləği ilə razılaşmışdır. Cavabdeh Azərbaycan Dövlət Aqrar Universiteti PHŞ-dən tələb edilərək məhkəmə iclasında nəzərdən keçirilmiş 2021-ci il üçün ümumi ştat cədvəlindən çıxarışdan görünür ki, 2021-ci ildə Təcrübə və karyera mərkəzində böyük inspektorun aylıq vəzifə maaşı 285,00 manat, inspektorun aylıq vəzifə maaşı isə 360,00 manat olmuşdur. Kollegiya qeyd edir ki, ümumilikdə nəzərə alınsa ki, böyük inspektor vəzifəsi inspektor vəzifəsinə nisbətən yüksək vəzifədir, onda onun vəzifə maaşı da daha yüksək olmalıdır. Lakin cavabdehin nümayəndəsinin izahatından göründüyü kimi Təcrübə və karyera mərkəzində inspektorun iş yükü böyük inspektorun iş yükündən daha çoxdur, ona görə də həmin vəzifəyə görə vəzifə maaşı da yüksək nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona düzgün ödənilməmiş əməkhaqqına görə 2300 manat ödənilməli olduğunu göstərmiş olsa da, məhkəməyə həmin arqumenti təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əmək haqqı düzgün ödənilmədiyinə görə, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 23 ay üçün ona əmək haqqında fərq olan 100 manat, ümumilikdə 2300 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması təmin olunmadığına görə, həmin tələbdən törəmə tələb olan, maddi mənəvi zərərə görə təzminat olaraq 2300 manat pul vəsaitinin cavabdehdən iddiaçıya ödənilməsi hissədə də iddia tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. İşdən görünür ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddəti tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin həmin fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş müddətlər xüsusi iddia müddətləridir. Maddənin adından da göründüyü kimi həmin maddə fərdi əmək mübahisələrinin həllinə tətbiq olunan məhz iddia müddətlərini müəyyən edir. Mülki Məcəlləyə əsasən həmin Məcəllənin iddia müddəti ilə bağlı qaydaları xüsusi iddia müddətlərinə də şamil edilir. Eyni zamanda mülki qanunvericiliyə görə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkündür. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi mümkünsüzdür. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı halda isə iddiaçı hüququnun pozulduğunu sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin həmin hissədə də mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi əsaslı olsaydı belə hazırkı tələblə məhkəməyə iddia müddətini buraxmaqla müraciət etdiyinə görə təmin edilə bilməzdi. Apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, ona əməkhaqqını özündə əks etdirən əməkhaqqı cədvəli tanış olmağı üçün təqdim edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçı həmin vəzifəyə öz ərizəsi ilə keçdiyinə görə əməkhaqqını özündə əks etdirən əməkhaqqı cədvəli tanış olmaq hüququ idi və ərizəni əməkhaqqı cədvəli ilə tanış olduqdan sonra yazmaq da onun hüququ idi. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, o, baş inspektor vəzifəsinə keçirilməsi ilə bağlı ərizə təqdim etsə də bu, təzyiqlər nəticəsində baş vermişdir. Kollegiya qeyd edir ki, irəli sürdü dəlili sübut etmə tərəfin vəzifəsidir. Hazırkı halda iddiaçı başqa işə keçirilməsi barədə ərizəni təzyiq altında yaşdığını təsdiq edən sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, 02 mart 2022-ci ildə ərizə təqdim etdikdən sonra əmək müqaviləsi onunla 06 mart 2022-ci il tarixdə bağlanılmışdır. Əgər hər şey şəffaf idisə, heç bir qərəz və təzyiq yox idisə, o zaman müqavilə də ərizə verilən gün bağlanardı. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Çünki iddiaçının ADAU-nun rektoru vəzifəsini icra etmiş Zəfər Qurbanovun adına yazmış olduğu ərizə cavabdehə xx.xx.2023cü ildə daxil olmuş, həmin ərizə rektor vəzifəsini icra edən şəxsə təqdim olunduqdan sonra xx.xx.2023-cü il tarixdə onun digər vəzifəyə keçirilməsi barədə əmr verilmiş, həmi əmr müvafiq şöbəyə daxil olduqdan sonra (növbəti gün həftənin şənbə gününə - qeyri-iş gününə təsadüf etmişdir) xx.xx.2023-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi şikayətin həmin dəlili də əsassızdır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2847/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar