Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1591/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X5 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) qayınanaya qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1786/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 07 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X15 surətindən görünür ki, X13 1915-ci il tarixində doğulmuşdur.
2. ZJ seriyalı, 759732 nömrəli doğum haqqında şəhadətnamənin nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixində doğulmuşdur. Atası: Qurbanov Məmmədvəli, anası: X8r.
3. İ-SL seriyalı, 257100 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə Ərizəçi arasında nikah 21 avqust 1979-cu il tarixində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 avqust 1979-cu il tarixində 8 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qurbanov”, arvada “İsmayılova” soyadı verilmişdir.
4. AZ-İ seriyalı, 393680 nömrəli, 04 mart 2010-cu il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 04 mart 2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 mart 2010-cu il tarixində 183 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi Ü.İ.X-ateresklerotik-kardio-skleroz qeyd edilmişdir.
5. AZ-İİ seriyalı, 158580 nömrəli, 04 may 2021-ci il tarixli, Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 30 aprel 2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 may 2021-ci il tarixində 401 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi COVİD-19, virus təyin olunduğu qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) qayınanaya qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, vəfat etmiş X1 (70 yaşı tamam olduğu 1985-ci ildən vəfat etdiyi xx.xx.2010-cu ilədək) 25 il qulluq etməsi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Qərbi Azərbaycanda doğulmuşdur. Daha sonra məlum hadisələrlə bağlı 1988-ci il tarixdən Gəncə şəhərində məskunlaşaraq, yaşayır. Evlidir, 3 uşağı vardır. Rəsmi nikahları xx.xx.1979-cu il tarixdə Ermənistanda baş tutmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı evin kiçik oğlu olduğundan qayınanası və qayınatası onlarla birlikdə yaşamışdır. X3 1915-ci il təvəllüdlü olmaqla, xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. O, gəlin gəldiyi vaxtdan qayınanasının vəfat etdiyi tarixədək birgə təsərrüfatları olmuş, birgə yaşamışlar. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununa əsasən 57 yaşı tamam olduğu 2017-ci ilin iyul ayının 1-dən yaşa görə sosial müavinət alır. Gəlin gəldiyi xx.xx.1979-cu il tarixdən X3nın vəfat etdiyi xx.xx.2010-cu il tarixinədək onunla birgə yaşamış, qayınanasına qulluq etmişdir. Ona qulluq etdiyi müddət (1985-2010-cu illər) qəbul olunsa, onun yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə onun maddi durumunun yaxşılaşmasına səbəb olar. Maraqlı şəxs ƏƏSMN-nin tabeliyində DSMF X22 yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciəti olmuşdur. Cavabında ümumi sığorta stajını təsdiq edən zəruri sənədlərlə müraciət etdiyi təqdirdə yaşa görə əmək pensiyası hüququna baxılacağı bildirilmişdir. Ermənistandan Gəncə şəhərinə qaçqın gələnədək əmək fəaliyyəti olmuşdur. X1 qulluq etdiyi (1985-2010-cu illər üzrə) təsdiqlənsə, yaşa görə əmək pensiyası hüququ yaranır.
8. Bundan sonra maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı birinci instansiya məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəməyə müraciət edərək, mərhum X1 1985-ci il tarixdən xx.xx.2010-cu il tarixədək qulluq etdiyi dövrün hüquqi fakt qismində müəyyən edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Qərarın 1.2-ci maddəsinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin qeyd olunan plenum qərarının 13.2-ci maddəsinə görə əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3-cü maddəyə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Eyni zamanda 310.1-ci maddədə qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Burada iddiaçı tərəfindən qulluq aktı tərtib olunması imkanı olduğundan sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin, Ərizəçi mərhum X1 qulluq etdiyi 1985-ci il tarixdən xx.xx.2010-cu il (25 il) olan dövr üzrə qulluq etmə faktının təsdiq edilməsini iddia edir. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Məhkəmə qaydasında təsdiq olunmuş illər yaşa görə əmək pensiyası üçün tələb olunan sığorta stajının yarısından (12 il 6 aydan) çox ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSR-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.10-cu bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Beləliklə, ərizəçi xeyrinə sığorta fəaliyyəti həyata keçirilən olmadığından 70 yaşdan yuxarı olan ahıl şəxsə qulluq etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1786/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), ərizənin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ərizəçəyə adi edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən Ərizəçi X9 1985-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X14 və X4 ifadələrində Ərizəçi X3 ilə birlikdə yaşamasını və ona qulluq etməsini bildirsələr də, bu hal iş materialları ilə, habelə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında mərhum X7 1985-ci ildən 2010-cu il tarixədək qulluğa ehtiyacının olması müəyyən olunmadı.
12. Beləliklə məhkəmə, Ərizəçi 1985-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək X1 baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3cü bəndinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarının 4.1-ci bəndinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 305, 307, 308, 311 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Ərizəçi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1786/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o şahid ifadələrinə görə iş stajını bərpa etdirmir, sadəcə olaraq 70 yaşdan yuxarı ahıl vətəndaşlara qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə ərizə yazmış, pensiya təyin olunması sonrakı mərhələdir. İİ.Şahid ifadələrinə görə əmək pensiyası təyinatı zamanı 2 halı fərqləndirmək lazımdır: a) qaçqın və məcburi göçkünlərin, eləcə də hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı nəticəsində sənədlərin əldə edilə bilməməsi ilə əlaqədar iş stajının şahid ifadələrinə əsasən bərpa edilməsi; b) digər vətəndaşların və həmçinin yuxarıda sadalanan səbəblərdən başqa digər səbəblər üzündən sənədlərin saxlanılmaması nəticəsində iş stajının şahid ifadələrinə əsasən bərpa edilməsi; İİİ. 70 yaşdan yuxarı ahıl vətəndaşlara qulluq etmə dövrü sığortaolunanın sığorta stajına daxil edilir ki, o da işləmiş, sığorta olunandır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X17 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
27. Maddə 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40- 6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
32. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
33. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
34. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır
35. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
37. Bənd 13.4 Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
38. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
39. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1786/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Beləliklə, işin halları ondan ibarətdir ki, ərizəçi Əlvan X2 1985-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək baxmasını və buna görə də həmin faktın təsdiqlənərək əmək pensiyasına hesablanmasını istəyir.
48. X7 04 mart 2010-cu il tarixdə ölməsi isə işin mübahisə edilməyən halıdır.
49. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur.
50. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
51. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
52. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
53. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
54. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
55. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
56. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
57. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə göstərir ki, mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır. Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən edilmiş halların mümkün olmadığının sübutetmə yükü ərizəçiyə mənsub olduğu halda, o, iddia edilən şəxsə yalnız və məhz onun tərəfindən qulluğun göstərilməsini, mərhumun bu qulluğa ehtiyacının olduğunu və sair diqqətəlayiq halları sübut etməyə cəhd etməmişdir. Mötəbər sübutların olmadığı təqdirdə hər hansı halın və ya faktın müzakirəsi belə mümkün deyil, nəinki münasibətlərə tətbiq olunacaq hüquq norması barədə müzakirələrin aparılması.
58. Məhkəmə kollegiyası əlavə olaraq diqqətə çatdırır ki, qanunvericilikdən (dispozitiv imkan və diskression səlahiyyətlərdən) sui-istifadə və buna şərait yaradan hallarının mümkünlüyü məhkəmə icraatının nəticəsi üzrə istisna edilməlidir. Hazırki halda, ərizəçinin faktın müəyyən edilməsi məqsədi onun ahıl şəxsə qulluğun hüquqi fakt kimi təsdiq edən hüquq müəyyənedici sənədlərin olmamasının əsaslarıdır ki, ilk növbədə bunlar və sonra da digər – mötəbər olmayan şahid ifadələri sübuta yetirilməyən müraciətin təmin edilməsinə əsaslar yaratmır.
59. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir.
60. Məhkəmə kolegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.
61. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-in 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
64. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
68. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
69. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1786/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.