Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1593/2025 13.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X8 və X2, iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X1 və X5, Cavabdeh1, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə Bayramova (Abbasova) Raya Məhərrəm qızı 07 fevral 1961-ci ildə rəsmi nikah bağlayaraq ər-arvad olmuşlar. Onların birgə nikahlarından 7 uşağı doğulmuşdur: Fəxrəndə, Könül, Təranə, Gülşən, Arzu (hazırki iş üzrə cavabdeh), Aytəkin və İlham. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 may 2001-ci il tarixdə rəsmi nikah bağlayaraq ər-arvad olmuşlar. ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 30 may 2024-cü il tarixdə, ölən günədək ona məxsus olan, hada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı Fəxrəndə Əliyevaya vəsiyyət etmişdir(vəsiyyətnamənin reyestr nömrəsi 2V-540) İddiaçı 02 iyun 2025-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı(bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında mülkiyyətində olan 0,0514 torpaq sahəsində 322,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi (**********65- 10301 reyestr nömrəli, **********2 qeydiyyat nömrəli) ona məxsusdur. Cavabdehlər Cavabdeh1 Əlǝs oğlu və arvadı Cavabdeh2 mülkiyyətində olan evdə qanunsuz olaraq yaşayırlar. Belə ki, Cavabdeh1 0,25 ha həyətyanı torpaq sahəsi və 124 kv.m olan fərdi yaşayış evi vardır. Buna baxmayaraq cavabdehlər özlərinə məxsus evdə deyil, məhz onun evində yaşayırlar. Cavabdeh olan oğlu Cavabdeh1 bir övlad kimi ona baxmır, valideyn olaraq onu saymır və ona qarşı kobud rəftar edərək həyat yoldaşı olan digər Cavabdeh2 ilə birlikdə onu şəxsi mülkündən didərgin salmışdır. Hazırda o, həyətdə yerləşən və iki otaqdan ibarət olan daxmaya sığınmaq məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehlərə şəxsi mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını bildirsə də, cavabdehlər qanunsuz əməllərini davam etdirirək onun qanunla qorunan mülkiyyət hüquqularını kobud şəkildə pozurlar. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(062)- 3161/2024 nömrəli iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehlərdən biri iddiaçının oğlu, digəri isə onun gəlinidir. Cavabdeh1 iddiaçının oğlu olmaqla, o mülkiyyətçinin razılığı ilə arvadını həmin evə köçürmüşdür. İddiaçı tərəfindən dolayısı ilə onların həmin evdə istifadə hüquqlarının mövcudluğu qəbul edilmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilmir. Mübahisə ondan ibarətdir ki, onların yaşayış sahəsinə olan ehtiyac aradan qalxdığından onların həmin evdən istifadə hüquqlarına xitam verilməklə, onlar həmin evdən çıxarılmalıdırlar. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilərəkən müəyyən edilmişdir ki, həqiqətən də mülkiyyətçinin özü öz mülkiyyətindən tamamilə məhrum edilmiş, onun mülkiyyətində olan evdə oğlu və gəlini yaşayır. Mülkiyyətçinin özü isə 90 yaşdan yuxarı yaşa malik olmaqla həmin həyətdə tikilmiş yararsız otaqda yaşayır. Bu işə əlavə edilmiş yerində baxış protokolu və fotoşəkillərdən də aydın şəkildə görünür. Halbuki cavabdeh özü etiraf edir ki, atası tərəfindən ona başqa yerdə torpaq sahəsi alınmış, onun adına rəsmiləşdirilmiş, hətta üzərində tikili də inşa edilmişdir ki, həmin yayayış evinin bir və yaxud bir neçə otağı yaşayış üçün yararlıdır. Məhkəmə qeyd edir ki, başqa yerdə yaşayış sahəsinə malik olan Cavabdeh1 və onun arvadı iddiaçının mülkiyyətində olan evdən tam istifadə etməklə mülkiyyətçini mülkiyyət hüquqlarından məhrum etmişlər. Belə ki, Tovuz rayonu X3 xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, Cavabdeh1 adına 350814 nömrəli 0,098817 ha və 350815 nömrəli 0,175721 ha, cəmi 0,275 ha torpaq ayrılmışdır. O cümlədən Tovuz rayonu Yuxarı Öysüzlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışdan görünür ki, Cavabdeh1 təsərrüfatında adına 0,25 ha həyətyanı torpaq sahəsi və 1988-ci ildə tikilmiş sahəsi 124 kv.m olan yaşayış evi qeydə alınmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 228.5, 262.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ünvan 4 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsini və üzərində yerləşən 322,4 kv.m olan yaşayış evini, habelə, digər tikililəri Cavabdeh1 atası İddiaçı adına sənədləşdirmişlər. Həmin torpaq sahəsində iki ədəd ev tikdirmişlər. Evlərin hər birində Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Həyətdə əl damı kimi nəzərdə tutulan hissədə isə onların valideynləri yaşayır. Hazırda cavabdehlərin yaşadığı ev cavabdehlərin özü tərəfindən inşa edilmişdir. İşin bu halı qanuni qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1056/2024 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Sadəcə olaraq evin inşa olunması üçün atası, Cavabdeh1 torpaq sahəsi ayırarkən gələcəkdə evi onun əlindən alma ehtimalını düşünməyə əsas verən heç bir hərəkətə yol verməmişdir. Son illərədək Cavabdeh1 nə valideynləri, nə də qardaş və bacıları arasında əmlakla bağlı kiçik də olsa mübahisə yaranmışdır. Bu səbəbdən də əmlak sənədləşdirilərkən bütün əmlakın atasının adına sənədləşdirilməsini Cavabdeh1 özü təşkil etmişdir. Hazırda isə atasının qoca olmasından istifadə edərək, ona və ailəsinə qarşı bu cür çirkin hərəkətlər həyata keçirilməkdədir. xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdeh1 xx.xx.1967-ci il tarixdə atasına məxsus həmin ünvanda yerləşən və hazırda qardaşı İlham Abbasov yaşayan evdə dünyaya gəlmiş, böyümüş və yaşamış, xx.xx.2001ci il tarixdə arvadı Cavabdeh2 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş və Aygün həmin evə gəlin köçmüşdür. Sonradan onlar Cavabdeh1 atası İddiaçı təklifi ilə həmin evin yerləşdiri torpaq sahəsində özlərinə fərdi yaşayış evi inşa etdirmiş və bugünkü günədək həmin evdə yaşamaqdadırlar. İşin bu halı qüvvədə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1056/2024 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapır. Yuxarıda qeyd edilən kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar mövcud olduğu halda iddiaçının bu cür iddiasının təmin edilməsi məhkəmə tərəfindən iddiaçının cavabdehlərin əmlakı hesabına əsassız varlanmasına şərait yaradılması və göz yümulması kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, hazırda cavabdehlərin yaşadığı ev tamamilə cavabdehlərin vəsaiti və zəhməti hesabına inşa edilmiş, eyni zamanda iddiaçının razılığı ilə ona məxsus torpaq sahəsində inşa edilmişdir. Hazırda isə iddiaçının bu cür davranması əsasız varlanmaya yönəlmiş hərəkət hesab olunmalıdır. Apellyasiya baxışının hədləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə baxmış Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1, cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi X14 və X9, eyni zamanda iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X7 və X13 eyni məzmunlu izahat verərək bildirmişlər ki, mərhum İddiaçı hazırda mübahisə predmeti olan evi qızı Fəxrəndə Əliyevaya vəsiyyət etmişdir. Onlar cavabdehlərin İddiaçı məxsus evdə qalmalarını istəmirlər. Belə ki, cavabdehlər sağlığında İddiaçı baxmamış və qayğı göstərməmişlər. Eyni zamanda cavabdehlərin Tovuz rayonu Öysüz kəndində torpaq sahəsi və evi var. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı. “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsi (8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi(hüquq münasibəti yarandığı vaxt- İddiaçı öldüyü xx.xx.2025-ci il tarixdə qüvvədə olan) Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən 0,0514 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi (bundan sonra – fərdi yaşayış evi) üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh1 iddiaçının övladı, digər Cavabdeh2 isə gəlinidir. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və sonuncu iddiaçıya məxsus və Cavabdeh1 da yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Tovuz rayonu Yuxarı Öysüzlü kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışında göstərilir ki, Cavabdeh1 adına 0,25 ha həyətyanı torpaq sahəsi və 1988-ci ildə tikilmiş 124 kv.m ibarət yaşayış evi qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, Rayon Məhkəməsi mübahisə predmeti olan fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə baxış keçirmişdir. Baxış zamanı məlum omuşdur ki, iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi və xx.xx.2017-ci il tarixli çıxarışda qeyd olunan fərdi yaşayış evi eyni əmlakdır. Həmin əmlak iddiaçının mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evində iş üzrə cavabdehlər yaşayırlar. İddiaçı isə həmin həyətdə inşa edilmiş, yaşayış üçün yararsız olan 1 otaqdan ibarət tikilidə yaşayır. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, cavabdehlər idiaçının razılığı ilə sonuncunun mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşlər. Lakin hazırda cavabdehlərin mülkiyyətində Tovuz rayonu, Öysüzlü kəndi ərazisində torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Başqa sözlə cavabdehlərin hazırda iddiaçıya məxsus fərdi yaşayış evinə olan ehtiyacları aradan qalxmışdır. Lakin buna baxmayaraq cavabdehlər iddiaçıya fərdi yaşayış evində yaşamağa maneə olmaqla onu mülkiyyətindən məhrum etmişlər. Bunları müəyyən edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Rayon Məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılan zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu səbəbdən Məhkəmə iddiaçının 1-ci növbəli vərəsələri olan arvadı X9 və övladı X14 mərhumun hüquq varisləri qismində işə cəlb etmişdir. Məhkəməyə təqdim olunmuş Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən reyestrdə 2V-540 nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, iddiaçı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı Fəxrəndə Əliyevaya vəsiyyət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ölümü mövcud vəziyyəti dəyişmiş və hazırda tərəflər arasında mövcud olan mülki mübahisənin həllinə təsir etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Mülki Məcəllənin 1255-ci maddəsinə(miras açıldığı vaxt qüvvədə olan) görə, vərəsə mirasın açıldığı vaxtdan miras əmlakın mülkiyyətçisi hesab edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, mərhum iddiaçı öldüyü məqamadək ona məxsus bütün əmlaklarını övladı Fəxrəndə Əliyevaya vəsiyyət etmişdir. Belə olan halda, iş üzrə Cavabdeh1, atasından miras qalan əmlaklarda, o cümlədən hazırki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində məcburi pay hüququna malik olan vərəsə olmaqla yanaşı, mirasın açıldığı xx.xx.2025-ci il tarixdən həmin əmlakın mülkiyyətçilərindən biridir. Göründüyü kimi, hazırda iş üzrə Cavabdeh1 vərəsəlik qaydasında mərhum atasından (iddiaçıdan) miras qalan fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququnu əldə etmişdir. Bu vəziyyətdə Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması, onun mülkiyyət hüququna müdaxilə edilməsi və mülkiyyətdən məhrum edilməsinə gətirib çıxaracaq ki, bu da daxili və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. İş üzrə digər Cavabdeh2 münasibətdə isə Məhkəmə onu qeyd edir ki, sonuncu fərdi yaşayış evinin mülkiyyətçilərindən biri olan Cavabdeh1 arvadıdır və onunla birlikdə 2001-ci ildən keçmiş mülkiyyətçi olan mərhum iddiaçının razılığı ilə bu evdə yaşayır. Bu səbəbdən Məhkəmə hesab edir ki, Cavabdeh2 da evdən çıxarılması barədə tələb əsassızdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı cavabdehlərin istifadə hüququnun itirilməsi əsası ilə təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1593/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1593/2025
13.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver