Məhkəmə qərarları › İş №2(104)-1606/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1606/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1606/2024 30.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: öhdəlik üzrə vəzifələrin yerinə yetirilməməsinə görə pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi (vəkil) X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilə üzrə öhdəliklərdən yaranan pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(062)-1266/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə təlim alan Cavabdeh arasında «Təlim keçmə və əməkdaşlıq haqqında» 06 sentyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır.

2. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 07 sentyabr 2023-cü il tarixdə İddiaçı MMC-yə altı ay müddətinə operator vəzifəsinə işə qəbul edilmişdir.

3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh qarşı «müqavilə üzrə öhdəliklərdən yaranan pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 3000 manat dəbbə pulunun və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin tutularaq Cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyət ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən cəmiyyət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə Cəmiyyət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan Cəmiyyət ilə əmək müqaviləsi bağlayaraq 05 (beş) il müddətində yalnız Cəmiyyətə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 06 mart 2024-cü il tarixində Cəmiyyətə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Beləliklə də, cavabdeh bu hərəkəti ilə aralarında bağlanmış 06 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini və həmin müqavilə üzrə götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.2-ci maddəsinə əsasən cavabdeh Cəmiyyət ilə əmək müqaviləsi bağladığı gündən 05 il müddətində Cəmiyyətin yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbayan Respublikası ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə 3000 manat məbləğində dəbbə pulunu Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri pozmasına baxmayaraq dəbbə pulunu Cəmiyyətə ödəməmişdir

6. Tovuz Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(062)-1266/2024 nömrəli (hakim F.Əliyev) qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərdən yaranan pul tələbinə dair iddia ərizəsi təmin edilməyərək, ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 35 və 125- ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələri 7.4, 7.5, 14.1 və 42-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 119.1, 217.3, 218.1, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnamədə "xxxx" MMC-nin müqavilə üzrə cavabdeh qarşısında götürdüyü öhdəliyi icra etməməsinə istinad etsə də, həmin hala dair hər hansı bir sübut iş materiallarında əlavə olunmamışdır və aralarında bağlanmış müqavilə üzrə götürülmüş bütün öhdəliklər tərəflərindən tam şəkildə icra edildiyi halda məhkəmə həmin öhdəliklərin icra edilməməsinə istinad etmişdir. Halbuki işdə olan bütün materiallar onu sübut edir ki, müqavilə üzrə götürdükləri bütün öhdəliklər tam və lazımi şəkildə icra edilmişdir. Əksinə cavabdeh öz öhdəliklərini pozaraq müqaviləyə vaxtından əvvəl xitam vermişdir. Buna baxmayaraq məhkəmə iddianı rədd etmişdir. Cavabdeh iddiaya qarşı verdiyi etirazda onlara hər hansı bir təlimin keçilmədiyini qeyd etmiş, lakin cavabdehin iştirak etdiyi təlim üzrə bütün təlim mövzuları, onları keçən şəxslər, təlim vaxtı, təlim iştirakçıları və sair barəsində kifayət qədər məlumatları özündə əksetdirən jurnal mövcuddur. Cavabdeh özü həmin jurnalda imza etməklə təlimdə iştirakını təsdiq etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək təmin olunmamasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırkı müqavilə məcburi əməyə cəlb etmənin əlamətidir və şirkətdə işçilərin az əmək haqqı ilə işdə saxlanılmasına xidmət edir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkil) X2 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, müqavilə üzrə götürülmüş bütün öhdəliklər şirkət tərəfindən yerinə yetirilsədə, Lakin cavabdeh öhdəlikləri icra etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tə\min olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, şirkət onlara 2 müqaviləyə imza etdirmişdir. Müqavilələrdən biri təlim keçmə, digəri isə əmək müqaviləsi olmuşdur. Şirkət tərəfindən bağlanmış əmək müqaviləsinin 6 ay müddəti olduğu üçün müddət tamam olduqdan sonra xitam verilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

19. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

20. Maddə 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

23. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

24. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

25. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

26. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

27. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

29. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.

30. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

31. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

35. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

36. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

37. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

38. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

41. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

42. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

43. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

44. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

45. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

47. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

53. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

Apellyasiya baxışının hədləri

56. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

60. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

61. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləbağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət özünə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı, cavabdeh isə cəmiyyət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan cəmiyyət ilə əmək müqaviləsi bağlayaraq 05 il müddətində yalnız cəmiyyətə məxsus olan avtoservisdə işləməyi, həmin müddət ərzində əmək müqaviləsinə xitam verməməyi, eləcədə başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Cavabdehlə 6 aylıq əmək müqaviləsi bağlanmış, lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 06 mart 2024-cü il tarixdə cəmiyyətə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsini xahiş etmiş, bu səbəbdəndə müqaviləyə xitam verilmişdir. 06 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini, eləcədə müqavilə üzrə götürdüyü öhdəliklərin cavabdeh tərəfindən kobud şəkildə pozulmasını əsas gətirərək İddiaçı MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir.

62. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

63. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış təlim keçmə və əməkdaşlıq haqqında 06 sentyabr 2023-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, şirkət ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün təlim alana müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, bu məqsədlə müvafiq mütəxəssislər cəlb etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim alan şirkət tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətin servis mərkəzində işləməyi və başqa yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsi bağladığı gündən 5 (beş) il müddətində şirkətlə olan əmək müqaviləsinə xitam verməməyi və ya ləğv etməməyi, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımı şəkildə icra etməyi öhdəsinə götürür.

64. Müqavilənin 7.2-ci bəndində isə göstərilmişdir ki, təlim alan şirkətin yazılı razılığı və icazəsi olmadan başqa bir yerdə işləyib-işləməməyindən asılı olmayaraq əmək müqaviləsinə xitam vermək və ya ləğv etmək istəyərsə, həmçinin əmək müqaviləsi üzrə öhdəliklərini tam və lazımi şəkildə icra etməzsə şirkətə 3000 (üç min) manat məbləğində dəbbə pulu ödəməlidir.

65. Göründüyü kimi tərəflər arasında təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış və müqavilə tərəflərinin hər biri öhdəlik götürmüşdür. İddiaçı MMC müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh müqavilə şərtinə uyğun təlim verilmiş, eləcədə 07 sentyabr 2023-cü il tarixdə sonuncu altı ay müddətinə operator vəzifəsinə işə qəbul edilmişdir. Lakin buna baxmayaraq müqavilə müddətinin başa çatmasına üç gün qalmış Cavabdeh ərizə verərək müqavilənin yenilənməməsini cəmiyyətdən xahiş etmiş, ona görədə tərəflər arasında bağlanmış əmək müqaviləsinə 07 mart 2024-cü il tarixdə xitam verilmişdir. Təlim keçmə və əməkdaşlıq haqqında 06 sentyabr 2023-cü il tarixli müqavilənin şərtləri təlim alan, yəni Cavabdeh tərəfindən pözulması iş materialları ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır Belə olan təqdirdə müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuş 3000 manat dəbbə pulunu Cavabdeh cəmiyyətə ödəməlidir.

66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(062)-1266/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərdən yaranan pul tələbinə dair iddiası təmin edilməli, təlim keçmə və əməkdaşlıq haqqında 06 sentyabr 2023-cü il tarixli müqavilə üzrə Cavabdeh 3000 manat dəbbə pulu, eləcədə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat alınıb İddiaçı MMC-nə verilməlidir.

67. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(062)-1266/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərdən yaranan pul tələbinə dair iddiası təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2023-cü il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə Cavabdeh 3000 manat dəbbə pulu alınıb İddiaçı MMC-nə verilsin. Eləcədə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat Cavabdeh alınıb İddiaçı MMC-nə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar