Məhkəmə qərarları › İş №2(104)-161/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-161/2023

28.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-161/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, mülkiyyətində olan 0,18 ha və 0,68 ha torpaq sahəsindən (cəmi 0,96 ha) cavabdehin çıxarılmasını və cavabdehdən 7500 manat dəymiş ziyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddianın qismən təmin edilməsi, Cavabdeh Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli Çıxarışın A 169036 nömrəli plan və ölçüsü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,074 ha (740,0 kv.m) və ********** qeydiyyat nömrəli çıxarışın AA 563522 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,6799 ha torpaq sahəsinin 0,28 ha (2800 kv.m) hissəsindən çıxarılması, torpaq sahələri iddiaçıya təhvil verilməsi, (mütəxəssis rəyinə əlavə edilmiş 1 və 2 nömrəli sxemlər) iddia tələbinin torpaq sahələrinin qalan hissəsinə münasibətdə və 7500 manat ziyanın tutulması hissəsində təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun və 311 manat ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun 0,18 və 0, 68 ha xüsusi mülkiyyətində olan torpaq sahələrinə aid dövlət tərəfindən verilən çıxarışları təqdim etməsinə baxmayaraq, yalnız 0,18 ha torpaq sahəsinin 0,074 ha və 0,6799 ha torpaq sahəsinin 0,28 ha hissəsindən cavabdehin çıxarılmasını təmin etmiş və işə hərtərəfli qiymət verməmişdir. Həmçinin 2002-ci ildən cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan 0,18 ha və 0,68 ha torpaq sahələrinin qanunsuz zəbt edərək ona dəymiş 7500 manat ziyanın tutulması hissəsində iddianı təmin etməyərək AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onun mülkiyyətində iki torpaq sahəsi vardır. Mülkiyyətində olan 0,18 ha və 0,68 ha (0,6799 ha) torpaq sahələri Cavabdeh istifadəsindədir. Cavabdehə dəfələrlə torpaq sahələrindən çıxmaq təklif edilsə də, o bununla razılaşmamışdır. Cavabdeh həmin torpaq sahələrini zəbt edərək ona 7500 manat maddi ziyan vurmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edlməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə atası X1, anası X2, ona və digər ailə üzvlərinə-cəmi 13 nəfər şəxsə 2,28 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair verilmiş JN 560 (kod ********) saylı Dövlət aktında göstərilmiş sxem əsasında torpaq sahəsindən təyinatına görə istifadə edirlər. Həmin torpaq sahəsindən 55 sotu isə, başqasının zəbtindədir. Məhkəmənin qətnanəsini qanuni hesab edir. Ona görə də, şikayətin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,18 ha və 0,679 ha torpaq sahələrindən çıxarılmalı, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,18 ha torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlir qismində 1215 ( min iki yüz on beş) manat məbləğində pul tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin A 169036 saylı, xx.xx.2017-ci il tarixli planı və ölçüsünün surətindən görünür ki, Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Gəncə şəhər 5 saylı Dövlət Notariat Kontorunun daşınmaz əmlakın 4Ə-174 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın və Samux rayon Notariat ofisinin daşınmaz əmlakın 4Ə-500 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0.6799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X3, X5, X6 tərəfindən İddiaçı satılmış, həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********37 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 24 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfin və mütəxəssislərin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Cavabdeh tərəf ekspertizada iştirak etmədiyindən aparılan tədqiqat zamanı iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki, RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli Çıxarışın A 169036 nömrəli plan və ölçüsü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,18 ha torpaq sahəsinin 0,074 ha (740,0 kv.m) hissəsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşür. (sxem 1) Sözügedən çıxarışın verilməsinə əsas olan JN 556 saylı Dövlət aktındakı 0,18 ha torpaq sahəsinin öz əksini tapdığı ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 0,18 ha torpaq sahəsi naturada yerləşmə vəziyyətinə əsasən tam hissədə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşür. (sxem 1) ********** qeydiyyat nömrəli çıxarışın AA 563522 nömrəli plan və ölçü sənədindədki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,6799 ha torpaq sahəsinin 0,28 ha (2800 kv.m) hissəsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşür. (sxem 2) Həmin çıxarışın verilməsinə əsas olan JN 554 saylı Dövlət aktındakı 0,6799 ha torpaq sahəsinin öz əksini tapdığı ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 0,6799 ha torpaq sahəsi naturada yerləşmə vəziyyətinə əsasən tam hissədə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşür. (sxem 2) Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsini tam zəbt etmiş, cavabdehin torpaq sahəsi isə başqa yerdədir. O, aidiyyatı üzrə DƏDKR publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinə, eyni zamanda Samux rayonu Qarayeri bələdiyyəsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin hansı ərazidə yerləşməsinin müəyyən edilməsini xahiş etmiş və texniki üsulla ona məxsus torpaq sahəsinin dəqiq ərazisi müəyyən edilmiş, həmçinin, ona məxsus hər iki torpaq sahəsinin ölçüsü yerində ölçülərək akt tərtib edilməklə dəqiq göstərilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza nə tam keçirilməmiş, nə də işin faktiki hallarına uyğun müəyyən edilməmiş və ona görə də, məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilməsininə dair vəsatəti təyin edilməklə, iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan 0,6799 ha torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə A757193 saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza zamanı isə həmin torpaq sahəsi ilə bağlı iddiaçının adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş AA563522 saylı torpaq sahəsinin plan və ölçüsü barədə sənəddəki koordinatlar əsas götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə ş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq olaraq mütəxəssis və ekspert rəyləri əldə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-3047/2023 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və A-757193 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətində olan, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0,6799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nörməli çıxarış və A-169036 nömrəli torpaq sahəsinin planı və ölüçüsü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətində olan, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3774 saylı rəyinin təsviri və nəticə hissələrindən görünür ki, İddiaçı mülkiyyətində olan Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.6799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İddiaçı mülkiyyətində olan, Samux rayonu Qarayeri qəsəbədində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış əsasında İddiaçı məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,6799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən tutularaq istifadə edilmiş və iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən maneə yaradılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçının Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, mülkiyyətində olan 0,18 ha və 0,68 ha torpaq sahələrini qanunsuz istifadə etdiyindən, iddiaçı cavabdehin həmin torpaq sahələrindən çıxarılmaya dair iddia tələıbində haqlı olmuşdur. İddiaçı həmçinin torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlirə görə 7500 (yeddi min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş Samux Rayon İH-nin müvafqi şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2017-2019-cu illər üzrə təsərrüfat ilində 0,18 ha topraq sahəsindən yonca kipi üzrə, çəkilmiş ümumi xərclər çıxıldıqdan sonra 1215 manat gəlir götürülə bilərdi. Ona görə də, məhkəmə kollegiyaya hesab edir ki, təqdim edilmiş Samux Rayon İcra Hakimiyyətinin 10 oktyabr 2022-ci il tarixli, 1119 saylı mütəxəssis rəyi nəzərə alınmaqla, dəymiş ziyan hesabına 1215,0 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddianın 0,68 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsi ilə bağlı ziyan tələbinə gəldikdə isə, məhkəmə kollegiyaya qeyd edir ki, həmin torpaq sahəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla, həmin 0,6799 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeyd alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsi isə onun həmin torpaq üzərində mülkiyyət hüququnun yaranmasından əvvəl. Yəni xx.xx.2020-ci il tarixdə verilmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddia 0,679 ha torpaq sahəsindən istifadəyə görə dəymiş maddi ziyan tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,18 ha və 0,679 ha torpaq sahələrindən çıxarılmalı, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,18 ha torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlir qismində 1215 ( min iki yüz on beş) manat məbləğində pul tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 390, 392- 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-07/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,18 ha və 0,679 ha torpaq sahələrindən çıxarılsın. Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,18 ha torpaq sahəsindən istifadəyə görə əldən çıxmış gəlir qismində 1215 ( min iki yüz on beş) manat məbləğində pul tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE**********00********) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar