Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1626/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (azyaşlı), Şəmkir şəhər Notariat Kontoruna və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, ləyaqətsiz vərəsə elan edilərək miras paydan mərhum edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X23 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir şəhər Notariat Kontoruna və Cavabdeh3 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, ləyaqətsiz vərəsə elan edilərək miras paydan mərhum edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(076)-256/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. 16 noyabr 1992-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1992-ci ildə anadan olmuş X18 X8, anası X3r.
3. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X2 nikahları Şəmkir VVAQ şöbəsində 20 sentyabr 1983-cü il tarixdə 260 nörmə ilə qeydə alınmışdır.
4. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X26 04 noyabr 2019-cu ildə Şəmkir şəhərində vəfat etmişdir.
5. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X7 10 yanvar 2008-ci ildə Tovuz rayonu Alakol kəndində vəfat etmişdir.
6. DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, X7, X4, X9, X27, X12, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır.
7. ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinə dair X19 adına 27 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış veilmişdir. Həmin çıxarışın verilməsinə əsas Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 18 iyul 2021-ci il tarixli K-1-288 saylı arxiv arayışı (“Klara Setkin” adına sovxozun 10 may 1976-cı il tarixli 76 nömrəli əmri). Şəmkir rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin və Şəmkir şəhər Bələdiyyəsinin sədrinin möhürü və imzası ilə təsdiqlədiyi Şəmkir Bələdiyyəsinin yerqurluşu planından çıxarış. Qeyd edilən torpaq sahəsi Şəmkir rayon 1 saylı Notariat ofisinin 08 sentyabr 2021-ci il tarixli 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh1 və Cavabdeh2 adlarına özgəninkiləşdirilmişdir. Onlarda öz növbəsində miras paylarını tam olaraq Şəmkir rayonu 1 saylı notariat ofisinin 08 sentyabr 2021ci il tarixli 3M-693 reyestr nömrəli alqı-satqı nüqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmiş və ona 10 sentyabr 2021-ci il ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
8. Vərəsəlik işinə əlavə olunmuş Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır.
9. DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır.
10. Şəmkir rayon İHB-nın Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 26 iyun 2021-ci il tarixli arayışıdan görünür ki, mərhum X6 şəhəri Nizami küçəsi 14 saylı ünvanda vəfat edənə qədər (04 noyabr 2019-cu ilə kimi) Cavabdeh1 (həyat yoldaşı) və Cavabdeh2 (qızı) ilə birlikdə yaşamışdır. Arayış Şəmkir rayon Dövlət Notariat Kontoruna təqdim etmək üçün verilmişdir.
11. Vərəsəlik işinə əlavə olunmuş 01 may 2012-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 ilə Cavabdeh1 nikahları Şəmkir rayon qeydiyyat şöbəsində 01 may 2012-cü il tarixdə 168 nörmə ilə qeydə alınmışdır.
12. Vərəsəlik işinə əlavə olunmuş 27 avqust 2021-ci il tarixli **********67 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir.
13. Vərəsəlik işinə əlavə olunmuş 08 sentyabr 2021-ci il tarixli 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X19 vərəsələri tanınmış və X20 məxsus Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 ½ hissədə payları müəyyən edilmişdir.
14. Alqı-satqı müqaviləsi üzrə notariat işinə əlavə olunmuş 08 sentyabr 2021ci il tarixli 3M-693 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsini Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 2V-1125 nömrəli 08 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəslik hüquq haqqında şəhadətnaməyə əsasən 15000 (on beş min) manat məbləğində pula Cavabdeh3 satmışdır.
15. Azərbaycan Respubilkası "xxxx" MMC tərəfində verilmiş Şəmkir şəhərində yerləşən 0.25 ha torpaq sahəsinin bazar dəyərinin hesablanması haqqında 18 aprel 2022-ci il tarixli qiymətləndirmə hesabatında görünür ki, mərhum X20 məxsus Şəmkir şəhərdinə yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinin 18 aprel 2022-ci il tarixinə olan bazar dəyəri 75000 (yetmiş beş min) manatdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və azyaşlı Cavabdeh2 adına Şəmkir şəhər Notariat Kontoru tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış 08 sentyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ləyaqətsiz vərəsə elan edilməsi və miras əmlak olan - Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsində miras payından məhrum edilməsi, mərhum X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsi üzrə ½ hissədə Cavabdeh2 və ½ hissədə X18 məcburi paylarının müəyyən edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Klara Setkin” adına üzümçülük sovxozu ilkin şərab zavodu olaraq Şəmkir rayonunda fəaliyyət göstərmişdir. “Klara Setkin” adına sovxozun xx.xx.1976-cı il tarixli 76 nömrəli əmri ilə Şəmkir şəhərində yerləşən (hazırda Şəmkir rayon Mərkəzi Xəstəxanasının yeni inzibati binasının yaxınlığında, “Kraz yolu” kimi adlandırılan yola bitişik) 0,25 hektar torpaq sahəsi mərhum X8na verilmişdir. X25 hələ o uşaq ikən dəmiryolu qəzasında vəfat etmiş, anasının vəfatından sonra, yəni ailə quranadək atası ikinci dəfə ailə həyatı qurmamış, ünvan 1 ünvanında yerləşən evlərinin təsərrüfatını atası ilə birlikdə o idarə etmişdir. X8 hələ sağkən həmin torpaq sahəsi barədə ona danışmış və torpaq sahəsinin ona məxsus olduğunu, onun adına sənədləşdirəcəyini bildirmişdir. Lakin sonradan vəziyyət dəyişmişdir. Belə ki, atası xx.xx.2012-ci ildə Cavabdeh1 ilə ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh2 adlı uşağı anadan olmuşdur. 04 noyabr 2019-cu il tarixdə X8 qəflətən vəfat etmişdir və atası vəfat edəndən sonra nə o, nə də ki, digər vərəsələr, yəni atasının ikinci arvadı Cavabdeh1 və azyaşlı Cavabdeh2 qanunla müəyyən olunmuş müddətdə və qaydada mirası qəbul etməmişlər. Atasının qəfil vəfatından sonra sözü gedən torpaq sahəsinin çıxarışı olmadığından o mirasın qəbulu üçün notariat kontoruna müraciət etməmişdir. Vərəsə kimi sonradan hüquqlarından istifadə edərək aidiyyəti qurumlara müraciət edib torpaq sahəsinə dair çıxarış əldə etməyi və həmin çıxarış əsasında mirası rəsmi qaydada qəbul etməyi planlaşdırmışdı. Torpaq sahəsi ilə bağlı işləri sonraya saxlasa da, yuxarıda qeyd etdiyi kimi ailərinə məxsus ümumi əşyaları deyil, məhz mərhum atasına məxsus şəxsi əşyalarını və atasının sənədlərini 40 mərasimindən dərhal sonra faktiki olaraq qəbul etməklə mirasın qəbul olunmasını şəksiz nümayiş etdirmişdir. Cavabdeh1 və azyaşlı Cavabdeh2 atasına məxsus olan ünvan 1 ünvanında yaşamağa davam etmişlər. O isə mərhum atasına məxsus ailə şəkillərini, atasına məxsus eynəyi, diş protezini, bir qisim şəxsi sənədlərinin əslini xatirə olaraq götürməklə mirası bu yolla faktiki qəbul etmək məcburiyyətində qalmışdır. atasının ikinci arvadı olan Cavabdeh1 Şəmkir şəhər Notariat Kontoruna atasının cəmi iki vərəsəsi olması barədə (yəni özü və azyaşlı uşağı Səma) saxta və bilə-bilə yalan ərizə verərək, vərəsə kimi onu gizlətməklə 08 sentyabr 2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək, sonradan miras əmlak olan 0,25 hektar torpaq sahəsini 15000 (on beş min) manata dərhal, həmin gün Cavabdeh3 satmışlar. Dəyəri 80000-100000 (yüz min) manatdan artıq olan bir torpaq sahəsini cəmi 15000 manata alqı-satqısını sənədləşdirmişlər. Belə ki, torpağın dəyəri müstəqil ekspert tərəfindən müəyyən olunmuşdur və bu barədə qiymətləndirmə rəyi iddia ərizəsinə əlavə olunur. Cavabdeh1 X26 ilə yeddi il ailəli olmaqla, məhrum anası X5 ilə atası Adil Əliyevin birgə nikah dövründə əldə etdikləri Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 14 nömrəli evi və 0,25 ha torpaq sahəsinə sahiblənmişdir. Mübahisəsizdir ki, bu qanunsuz işdə Cavabdeh1 kömək etmiş vəzifəli şəxslər olmuşlar. Belə ki, ilk növbədə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli saxta arayışda icra nümayəndəsi onu bilə-bilə gizlətmişdir. Digər tərəfdən icra nümayəndəsi həmin arayışı notariat kontoruna təqdim etmək üçün verdiyini qeyd etmişdir. Daha sonra, Şəmkir rayon Polis Şöbəsinin Q və ŞV bölməsi tərəfindən 2021-ci ilin sentyabr ayında Cavabdeh2 adına verilmiş arayışda Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 14 nömrəli evdə digər şəxslərin qeydiyyatda olmadığı göstərilmişdir. Yəni onu gizlətmişlər. Halbuki, vəkilin sorğusuna əsasən məhz Şəmkir rayon Polis Şöbəsinin Q və ŞV bölməsi tərəfindən verilmiş digər arayışda onun Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olduğu birmənalı və açıq şəkildə qeyd edilmişdir. Notariat kontoru hansısa maraq xatirinə onu görməzdən gəlmişdir. Belə ki, Notariat Kontoru vahid elektron sistemdə onun varlığı “görməməklə” bərabər, həqiqətin üzə çıxarılması üçün nə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, nə Şəmkir rayon Polis Şöbəsinin Q və ŞV bölməsinə mərhum X19 övladları barədə müfəssəl sorğu verməmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Cavabdeh1 ləyaqətsiz vərəsə elan edilərək miras əmlakdakı məcburi paydan məhrum edilməsi üçün aşağıdakı əsaslar mövcüdduur: - Cavabdeh1 vərəsələr haqqında notariat kontoruna bilə-bilə yalan məlumat verməklə (onu gizlətməklə) əslində mərhum atasının iradəsinə zidd hərəkətlər etmişdir. Belə ki, atası hələ sağ ikən miras əmlak hesab olunan torpaq sahəsini Cavabdeh1 vəsiyyət etməmiş və yaxud da onun gələcəkdə miras əmlakdakı payından mərhum edilməyi barədə bir iradə ifadəsi olmamışdır. Bütün bu hallar onu düşünməyə əsas verir ki, Cavabdeh1 Mülki Məcəllənin 1137-ci maddəsində göstərildiyi kimi mərhum atasının son iradəsinin əleyhinə olaraq onun vərəsə kimi bilə-bilə gizlətməklə özünün və özünə yaxın şəxslərin (azyaşlı qızının) miras paylarının artırılmasına kömək göstərmişdir. - Bundan başqa, müstəqil qaydada əldə edilmiş ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsinin orta bazar qiyməti 80000-100000 manat civarında müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə həmin torpaq sahəsini 15000 manata alqı-satqı etmişlər. Atası sağ ikən həmin torpaq sahəsini satmış olsaydı, yəqin ki, orta bazar qiyməti 80000- 100000 manat civarında olan torpaq sahəsini heç vaxt 15000 manata satmazdı. Göründüyü kimi Cavabdeh1 bu hissədə də miras qoyanın iradəsi əleyhinə hərəkət etmişdir. Cavabdeh3 gəlincə ilk baxışdan görünən odur ki, o, pulunu ödəyib torpaq sahəsi almışdır. Lakin məsələ hərtərəfli və obyektiv araşdırılsa “ağlabatan” mühakimə əsasında cavabını tapmaq mümkün olmayan suallar yaranmaqdadır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, orta bazar qiyməti 80000-100000 manat civarında olan torpaq sahəsinin 15000 manata satılması Cavabdeh3 şübhələr yaratmamışdır. Bundan başqa, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanılmış 8 sentyabr 2021-ci il tarixli müqavilənin mətnində açıq şəkildə qeyd edilir və görünür ki, Cavabdeh3 tərəfindən satın alınan torpaq sahəsi artıq dünyasını dəyişmiş şəxsə məxsusdur. Torpaq sahəsini satanlar isə 8 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən satırlar. Torpaq sahəsini satanların 8 sentyabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqları elə həmin gün torpaq sahəsini təcili satmaları da Cavabdeh3 şübhələr yaratmamışdır.
18. Şəmkir Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(076)-256/2024 nömrəli (hakim Ş.Məmmədova) qətnaməsi ilə iddianın qismən təmin edilməsi; Şəmkir şəhəri Notariat Kontoru tərəfindən X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 08 sentyabr 2021-ci il tarixli, 2V-1125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; X13 miras qalmış Şəmkir şəhərində yerləşən 0,25 hektar torpaq sahəsi üzərində qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 (üçdə bir) hissədə payları tanınması; İddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 72, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 149.2, 1133, 1134.1, 1145, 1146, 1157, 1159.1.1, 1159.1.3, 1159.1.4, 1160, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1 maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh1 vərəsələr haqqında notariat kontoruna bilə-bilə yalan məlumat verməklə miras qoyanın iradəsi əleyhinə çıxmış, bununla da ləyaqətsiz vərəsə olduğunu nümayiş etdirmişdir. Məhkəmə mühüm əhəmiyyətə malik olan bu faktiki halları aydınlaşdırmamışdır. Cavabdeh3 ilə bağlı qeyd edilməlidir ki, mübahisəli torpağın dəyərindən qat-qat aşağı satılması, həm də imzalanmış müqavilənin mətnində açıq şəkildə qeyd edilir və görünür ki, Cavabdeh3 tərəfindən satın alınan torpaq sahəsi artıq dünyasını dəyişmiş şəxsə məxsusdur. Torpaq sahəsini satanlar isə 8 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən satırlar. Torpaq sahəsini satanların 8 sentyabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqları elə həmin gün torpaq sahəsini təcili satmaları da Cavabdeh3 şübhələr yaratmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci növbə vərəsə kimi payına düşən torpağı istəyir. İddiaçı sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
36. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsədə, qətnamə iddianın təmin edilməməsi hissədə mübahisələndirilir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qətnamə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəmkir rayonunda fəaliyyət göstərmiş “Klara Setkin” adına sovxozun xx.xx.1976-cı il tarixli 76 nömrəli əmri ilə Şəmkir şəhərində yerləşən (hazırda Şəmkir rayon Mərkəzi Xəstəxanasının yeni inzibati binasının yaxınlığında, “Kraz yolu” kimi adlandırılan yola bitişik) 0,25 hektar torpaq sahəsi İddiaçı mərhum X8na verilmişdir. İddiaçının X25nın dəmiryolu qəzasında vəfatından sonra, yəni xx.xx.2012-ci ildə atası Adil hazırkı iş üzrə Cavabdeh1 ilə ikinci dəfə ailə qurmuş və onun ikinci nikahından xx xxxxxx 2013-cü il tarixdə Səma adlı uşağı anadan olmuşdur. İddiaçı atasının 04 noyabr 2019-cu il tarixdə atasını vəfatından sonra onun arvadı Cavabdeh1 tərəfindən miras qoyanın iki vərəsəsi olması barədə Şəmkir rayon Notariat Kontoruna müraciət edərək miras əmlaka, yəni 0,25 ha torpaq sahəsinə dair ½ hissə özünə, ½ hisə isə qızı Səmanın adına vərəsəlik hüququ haqqında şəhadətnamə almasını, daha sonra isə həmin torpaq sahəsini 15000 manata Cavabdeh3 satmasını, cavabdehin bu hərəkətləri nəticəsində miras payından məhrum olunmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.
43. Kollegiya hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmaması hissədə qətnamənin ləğvi üçün əsas deyil.
44. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. X11 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir.
45. İşdən görünür ki, İddiaçı hazırkı iddia ilə Şəmkr Rayon Məhkəməsinə 06 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir.
46. Yuxarıda da qeyd olunduğu kimi miras qoyanın birinci növbə vərəsələri üç nəfərdir və vərəsələrin heç biri mirasdan imtina etməmişdir. Belə olan təqdirdə mirasda onların hər birinin payı 1/3 hissdən ibarətdir.
47. İddiaçı miras əmlakdan ona çatası payın naturada verilməsini iddia etsədə, lakin kollegiya hesab edir ki, sonuncunu bu, eləcədə iddia tələbinin təmin edilməyən digər hissələrdə tələbini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
48. Belə ki, qeyd olunduğu kimi mirasdan imtina olunmamışdırsa miras vərəsə (lər) tərəfindən qəbul edilmiş sayılır. Miras qəbul edildiyi andan da vərəsənin və ya vərəsələrin mülkiyyətinə çevrilir.
49. Kollegiya hesab edir ki, 08 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 vicdanlı alıcı olduğundan İddiaçı 1/3 hissədə payına düşən pulu, yəni 5000 manatı digər vərəsələrdən (hər birindən 2500 manat olmaqla) tələb edə bilər.
50. Belə ki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.
51. Bu da onu deməyə əsas verir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
52. Nəzərə alınmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).
53. Mülki Məcəllənin 182-ci maddəsində təsbit edilmişdir ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olduğunu müəyyən edir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
54. Qeyd olunmalıdır ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
55. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).
56. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı 2023-cü ilin oktyabr ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Alqı-satqı müqaviləsi isə 08 sentyabr 2021-ci il tarixdə bağlanmışdır. Yəni, həmin vaxta qədər Cavabdeh3 alqı-satqı predmeti olan daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hansı formada əldə etməsindən xəbərdar olmamış, eləcədə həmin vaxt miras əmlaka dair vərəsələr arasında mübahisə yaranmamışdır.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.