Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1633/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(042)-53/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın suurətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha torpaq sahəsinin 1/5 hissəsi X4, 1/5 hissəsi X5, 1/5 hissəsi X6 və 2/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli və 23 fevral 2024-cü il tarixli mütəxəssis rəylərindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0,3833 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə məxsus tikili iddiaçının mülkiyyətinə olan torpaq sahəsindən yerləşir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 13 aprel 2021-ci il tarixli çıxarış əsasında onlara məxsus olan 1,32 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində taxta materialdan tikilmiş olan butkanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırlmışdır ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha və 0,1954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı və digərlərinin mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, eləcədə torpaq sahələrinin planı və ölçüsü sənədlər tərtib olunmuşdur. 1,32 ha torpaq sahəsinin 2/5 hissə ilə ona un mülkiyyətindədir. Digər pay sahibləri isə onun ailə üzvləridir və hal-hazırda torpaq sahəsinə bütövlükdə o nəzarət edir. Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsininin 0,3833 ha hissəsini özbaşına zəbt etmiş, torpaq sahəsində taxta materialdan köşk tikmişdir. Dəfələrlə cavabdehdən torpaq sahasindən çxımasını və tikdiyi köşkü sökməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, 02 avqust 2023-cü il tarixdə sözügedən torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Həmin vaxt da müəyyən edilmişdir ki, Cavabdeh torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 13 aprel 2021-ci il tarixli çıxarış əsasında onlara məxsus olan 1,32 ha torpaq sahəsinin 0,3833 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikilmiş taxta materialdan olan butkanın sonuncunun hesabına sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 100 manat xərc, nümayəndəyə çəkdiyi xərcə görə 17,25 manat və vəkilə ödəmiş olduğu 400 manat olmaqla, cəmi 617,25 manat Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Gədəbəy Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(042)-53/2024 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbləri təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 1,32 ha torpaq sahəsinin zəbt etdiyi 0,3833 ha hissəsindən çıxarılması; İddiaçı məxsus olan torpaq sahəsində yerləşən, Cavabdeh məxsus taxta materialdan olan tikili cavabdehin hesabına sökülməsi; Ödənilmiş 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat, nümayəndə üçün çəkilmiş 17.25 manat və vəkil üçün çəkilmiş 400 manat xərc, cəmi 617,25 manat (altı yüz on yeddi manat 25 qəpik) məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 220, 233.1, 360, 362 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, işə onun iştirakı olmadan baxılmış və bununla da çəkişmə prinsipi pozmuşdur. Sübutları təqdim etməyinə şərait yaradılmamışdır. İddiaçı və digər mülkiyyətçilər 30 il bundan əvvəl mübahisəli torpaq sahəsini 2 şirvan paçkası pula (köhnə pulla 200000) manata ona satmışlar və həmin vaxtdan hal-hazıradək torpaqdan mübahisəsis istifadə edir. Həmin torpaq sahəsinə su çəkdirmiş və taxta ev qurmuşdur. Həmçinin iddiaçının tələb etdiyi torpaq sahəsi paylı mülkiyyətdədir və sonununcunun payı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, iş üzrə ekspertiza təyin etmədən mütəxəssis rəyinə əsaslanaraq iddianı təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh vəkili Nümayəndə isə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınması xahiş etmiş, lakin iştirak etməməsinin səbəblərinin üzürlü olmasını ərizədə göstərməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
19. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha torpaq sahəsinin 1/5 hissəsi X4, 1/5 hissəsi X5, 1/5 hissəsi X6 və 2/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, eləcədə 13 aprel 2021ci il tarixli AA seriyalı 539414 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçı paylı mülkiyyətlərində olan torpaq sahəsinin 0,3833 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
32. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlilləri qətnəmənin ləğvi üçün əsas deyil.
33. Belə ki, yuxarıdada qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi paylı mülkiyyətdədir və paylar naturada ayrılmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad olunması və həmin torpaqda inşa olunmuş tikilinin sökülməsi ilə bağlı mülkiyyətçilərdən birinin iddia qaldırmaqda sübyektiv hüququ yaranmış olur.
34. Apellyasiya şikayətinin “işə onun iştirakı olmadan baxılması və bununla da çəkişmə prinsipinin pozulması, eləcədə sübutları təqdim etməyinə şərait yaradılmaması” dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəyə SMS xəbərdarlıq göndərilmiş, 24 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında isə cavabdeh iştirak etmişdir. Göründüyü kimi cavabdehin məhkəmə iclasında xəbəri olmuş, lakin işin məhkəmə baxışına təyin edilməsinə qədər sübutlarını məhkəməyə təqdib etməmişdir.
35. Apellyasiya şikayətinin “iş üzrə ekspertiza təyin edilməməsi” dəlili ilə bağlı apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşunaslıq-yerqurluşu ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli 10/6967 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı, X4, X5 və X2 paylı mülkiyyətində olan 1,32 ha torpaq sahəsinin 0,3833 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə məxsus tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir.
36. Göründüyü kimi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin 0,3833 ha hissəsi heç bir hüquqi əsas olmadan cavabdeh Çoban Nəbizadə tərəfindən istifadə olunur və sonuncu zəbt etdiyi torpaqda taxta materiallından butka inşa etmişdir.
37. Apellyasiya şikayətinin “iddiaçı və digər mülkiyyətçilər 30 il bundan əvvəll mübahisəli torpaq sahəsini 2 şirvan paçkasına (köhnə pulla 200000) manata ona satmışlar” dəlili ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Çoban Nəbizadə mübahisəli torpaq sahəsini mülkiyyətçilərdən aldığını bildirsədə, lakin bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut (alqı-satqı müqaviləsi) təqdim etməmişdir. Halbu ki, Mülki Məcəllənin 144.1. maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Eləcədə Mülki Məcəllənin 394-cü maddəsində qeyd olunmuşdur ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
38. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
41. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(042)-53/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.