Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1634/2024 22.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Gədəbəy Notariat Ofisinə qarşı miras əmlakın vəsiyyətnamə üzrə qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Gədəbəy Notariat Ofisinə qarşı Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X1 Gədəbəy rayonu Arıxdam kəndində yerləşən və JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0,42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən zirzəmi və iki otaqdan ibarət iki mərtəbəli fərdi yaşayış evindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, X2 ölümündən sonra qalmış Gədəbəy rayonu Arıxdam kəndində yerləşən JN-242A KOD 50532018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0,42 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, zirzəmi və iki otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlaka Ərizəçi vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilməsi və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət olunmuşdur. Qətnamədən maraqlrına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş, Gədəbəy Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadı ilə Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(042)-351/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması; Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu Maraqlı şəxs2na qaytarılması qərara alınmışdır. Qətnamədən maraqlrına toxunan şəxs Maraqlı şəxs2 şikayət verərək, qərardadın ləğv olunması xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 361.4. maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 364.1 maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2. maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müfadiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən mülki işə baxılarkən yol verilmiş məhkəmə səhvlərinin, yəni maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də qüvvədə olan mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur ki, apellyasiya instansiyası məhkəməsində icraat da bu imkanlardan biridir. Apellyasiya şikayəti onu vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apellyasiya instansiyası məhkəməsinə müraciətin prosessual formasıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinin prosessual hüquqi əsaslarını, şərtlərini və qaydalarını müəyyən etmişdir. Apellyasiya şikayətini vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apellyasiya instansiyası məhkəməsinə müraciətin prosessual formasıdır. Qətnamə maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs2 Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini birinci instansiya məhkəməsi geri qaytarsada, lakin məhkəmə qəbul edilmiş qətnamənin sonuncunun hüquqlarını, habelə qanunla qorunan mənafelərini pozubpozmaması barədə lazımı qaydada araşdırma aparmamışdır. Halbu ki, yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364.2. maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadı tam, 02 iyul 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsinin Maraqlı şəxs2 qanunla qorunan hüquq və vəzifələrinə, eləcədə mənafeylərinə toxunub-toxunmaması məsələsi, toxunduğu təqdirdə vermiş olduğu apellyasiya şikayətinin mümkünlüyünün digər şərtlərinin yoxlanılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-156, 263-264, 357, 360, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadı tam, 02 iyul 2024-cü il tarixli 2(042)-351/2023 nömrəli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(042)-351/2023 nömrəli qətnaməsinin Maraqlı şəxs2 qanunla qorunan hüquq və vəzifələrinə, eləcədə mənafeylərinə toxunub-toxunmaması məsələsi, toxunduğu təqdirdə vermiş olduğu apellyasiya şikayətinin mümkünlüyünün digər şərtlərinin yoxlanılıb hüquqi qiymət verilməsi üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1634/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1634/2024
22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver