Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1635/2024 29.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon AİK-nın 01 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-142 Kod 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 1.93 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin torpaq sahəsində əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsinin ətrafına çəkdikləri metal torun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi, həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş iki ədəd fərdi yaşayış evinin və həmin evlərin hər birinin yardımçı sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 985/2024 nömrəli qərardadı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qətnaməsi Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin gei qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin, cavabdehin Cavabdeh1 prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 17/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qərardadı ilə (hakim Fizuli Mirzəquliyev), ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, ərizəçi Cavabdeh1 tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüş, ötürülmüş müddətin bərpa edilməsi üçün üzürlü hesab ediləcək əsaslar müəyyən edilməmişdir. Qeyd olunan iş üzrə onun hüquqları istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən kobud pozulur və pozulmaqda da, davam edir. Prosessual müddətin üzrlü səbəbdən ötürülməsində onun hər hansı təqsiri yoxdur. Apellyasiya şikayəti əsassız geri qaytarılmamış olsaydı, bu gün o məhkəmə müdafiəsi hüququnu həyata keçirmiş olardı. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki işə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı tam və xx.xx.2024-cü tarixli, 2(042)-17/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPMnin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Azərbaycan Respublikasının MPM-in 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə Cavabdeh1 yaşadığı ünvana göndərilmiş, həmin qətnamə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bu halda qətnamə cavabdehə Azərbaycan Respublikasının MPM-in 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanır. Cavabdeh1 tərəfindən isə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Lakin sonuncunun apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, forma və tələblərə riayət edilməməsi əsası ilə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra, cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə, habelə yeni formada tərtib edilmiş apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Cavabdeh1 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi üçün əsaslar vardır. Çünki, o qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikasının MPM-in 2 saylı Əlavəsində qeyd olunmuş formada tərtib olunmamış, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadı əldə etdikdən sonra isə qanunvericilikdə müəyyən edilmiş qaydaya uygun formada apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, onun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin üzrlü hesab edilməsi qanunamüvafiqdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, onun apellyasiya şikayəti qərardad alındıqdan sonra qısa zaman kəsiyində yeni formada tərtib edilmişdir. Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən apellyasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməlidir. Müddətin buraxılması üzrlü hesab olunan hallardır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı tam və xx.xx.2024-cü tarixli, 2(042)- 17/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin geri qaytarılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 261.0.1, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı tam və xx.xx.2024cü tarixli, 2(042)-17/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-17/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1635/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1635/2024
29.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver