Məhkəmə qərarları › İş №2(104)-1642/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1642/2023

11.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1642/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evdən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-179/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülki işin materiallarında olan “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

2. Mülki işin materiallarında olan, 05 mart 2003-cü il tarixli, 169629 nömrəli müqavilənin surətindən görünür ki, Orucov X5 şəhəri, S.Vurğun küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında X2 almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanından Cavabdeh çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evini Gədəbəy Notariat Kontoru tərəfindən təsdiqlənmiş 05 mart 2003-üc il tarixli alğı-satqı müqaviləsinə əsasən X3 almışdır. Həmin evə xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ qeydə alınmış və ona bu barədə Çıxarış verilmişdir. Evin əvvəlki ünvanı Gədəbəy şəhəri, S.Vurğun küçəsi, ev 11 olmuşdur. Cavabdeh 2022-ci ildə onun mülkiyyətində olan evin qapısının qıfılını sındıraraq, evə daxil olmuş və hazırda həmin evdə yaşayır. Ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, evdən çıxmır və bununla da onun mülkiyyət hüququnu pozur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-179/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-179/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, mübahisəli evdə böyümüşdür. Anası vəfat etdikdən sonra atası X6 ilə ailə qurmuşdur. Atası 2001-ci ildə vəfat etmişdir. Həmin vaxt o, həbsə olmuşdur. X7 bundan istifadə edərək, atasının mülkünü qanunsuz olaraq öz adına keçirmiş və sonradan mülkü hazırki işdə iddiaçı olan İddiaçı satmışdır. Məhkəmə qətnamə qəbul edərkən, onun mübahisəli mülkə pay hüququnun olmasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X4 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 20.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyatorun dəlilləri ondan ibarətdir ki, o, mübahisəli evdə böyümüşdür. Anası vəfat etdikdən sonra atası X6 ilə ailə qurmuşdur. Atası 2001-ci ildə vəfat etmişdir. Həmin vaxt o, həbsə olmuşdur. X7 bundan istifadə edərək, atasının mülkünü qanunsuz olaraq öz adına keçirmiş və sonradan mülkü hazırki işdə iddiaçı olan İddiaçı satmışdır. Məhkəmə qətnamə qəbul edərkən, onun mübahisəli mülkə pay hüququnun olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə əsaslıdır.

29. Belə ki, qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

31. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ–əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehin qanunsuz yaşaması və evdən istifadəsi iddiaçının həmin mülkdən sərbəst istifadə hüquqlarını pozur.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlara qiymət verərək qeyd edir ki, artıq yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 140-cı maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 34.İşdə olan “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülk kimi qeydə alınmışdır. 35.İşdə olan 05 mart 2003-cü il tarixli, 169629 nömrəli müqavilənin surətindən görünür ki, Orucov X5 şəhəri, S.Vurğun küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evini alğısatqı müqaviləsi əsasında X2 almışdır. Həmin alqı satqı müqaviləsinin qanuni olub olmaması məsələsi hazırki məhkəmə araşdırmalarının predmeti deyildir. Ona görə də İşdə olan “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına mülk kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd həqiqi hesab edilir. Cavabdehin həmin ev barəsində hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırki vəziyyətdə cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının razılığı olmadan istifadə etməsi iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarını pozur.

36. Məhkəmə kollegiyası göstərir ki, cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüquqları olmadığından onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.

37. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, irəli sürülən iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-179/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. 38.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-179/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar