Məhkəmə qərarları › İş №2(104)-165/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-165/2023

11.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-165/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-70/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Tərtər rayon Dövlət Arxivini verdiyi 04 yanvar 2019-cu il tarixli 04 saylı arxiv arayışından görünür ki, Tərtər rayon Dövlət Arxivi İddiaçı sorğusuna cavab olaraq bildirmişdir ki, sabiq “Qələbə” kolxozunun 1980-cı ildə tərtib etdiyi “Qaytanlanmış Torpaq” kitabının 105-ci səhifəsinin, 29-cu sırasında onun adına 0,10 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

2. İş materiallarında olan Tərtər rayon Dövlət Arxivini tərəfindən təsdiq edilmiş sabiq “Qələbə” kolxozunun 1980-cı ildə tərtib etdiyi “Qaytanlanmış Torpaq” kitabının vərəqinin surətində 6-cı srada İddiaçı adının qarşısında 0,10 hektar həyətyanı torpaq sahəsi göstərilmişdir.

3. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş JN -115A, kod nömrəsi 61112005 saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamədə mülkiyyətçi olaraq İddiaçı göstərilmişdir.

4. İşdə olan 13 iyul 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, həmin qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı tələbi mülki xarakterli olduğundan mülki qaydada cavabdehin qeydiyyatda olduğu ərazi üzrə birinci instansiya hesab edilən rayon məhkəməsində iddia qaldırması barədə hüquqları izah edilmişdir.

5. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin sərhədləri naturada təyin edilərək məhkəmə qərardadında mübahisələndirilən həyətyanı torpaq sahəsi ilə müqayisələndirilmiş, məlumat üçün bildirilmişdir ki, “Torpağın Mülkiyyət Hüququna” Dair JN-115A saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsini bütövlüklə Cavabdeh istifadə edir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunmuşdur.

6. Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2186 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş Tərtər rayonu, Söylən kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən bütövlüklə istifadə olunduğu, İddiaçı mülkiyyətinə verilmiş Tərtər rayonu, Söylən kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində hal-hazırda ev mövcud olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı sabiq “Qələbə” kolxozu tərəfindən Tərtər rayon Söylən kəndindən ona verilmiş 0,10 hektar torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır.

8. Tərtər Rayon Məhkəməsinin 2(061)-70/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim: K.Rzayev) iddia təmin edilmiş, Cavabdeh Tərtər rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1998-ci il tarixli 20 saylı qərarı ilə İddiaçı adına olan JN -115A, kod nömrəsi 61112005 saylı “Torpağın Mülkiyyətə Verilməsinə” Dair Şəhadətnamə əsasında mülkiyyətinə verilmiş Tərtər rayon Söylən kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsində inşa etdiyi qanusuz tikilinin cavabdehin hesabına sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-70/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini 2008-ci ildə Kəlbəcər rayonundan məcburi köçkün olan X2 almışlar. Bu barədə X4 ilə xx.xx.2008-ci ildə Tərtər rayon Söylən kənd İƏD-i üzrə nümayəndənin və Tərtər rayon Söylən Bələdiyyəsinin sədrinin iştirakları ilə aralarında akt tərtib etmişlər. Lakin, bundan sonra torpağın adlarına sənədləşdirilməsi ilə bağlı notariusa müraciət etməmişlər. Həmin torpaq sahəsində yaşayış evi və tövlə inşa etmişlər. Hazırda həmin evdə 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayırlar. Torpaq sahəsində ev tikdirərkən və ya digər vaxtlarda iddiaçının kəndə gəlməsindən məlumatları olmamışdır. İddiaçı bu iddianı onlardan pul tələb etmək məqsədilə qaldırmışdır. Onlar halal zəhmətləri ilə əldə etdikləri pul vəsaiti hesabına torpaq sahəsinin dəyərini verib daşınmaz əmlakı almışlar. Həmin torpaq sahəsinin və onun üzərində yerləşən evin onların əlindən alınması ilə illərlə qazandıqları zəhmətlərinin bəhrəsini itirmiş olurlar. Belə olan halda sözügedən daşınmaz əmlakın dəyəri üçün ödədikləri pul və evin tikintisi üçün çəkilən xərc iddiaçıdan alınaraq onlara verilməlidir. Yalnız belə olan halda düzgün nəticəyə gəlmək olar. Sadalananlardan göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi,məhkəmnin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəməndə İddiaçı və onun nümayəndəsi X3 iştirak etmiş və apellyasiya şikayətinə etiraz edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-70/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Məhkəmənin əvvəlki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli iclaslarında Cavabdeh iştirak etmiş və apellyasiya şikayətini müdafiə edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-70/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

18. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

19. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. 28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

30. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

31. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

32. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, üzərində ev tikilmişdir.

33. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mətəbər sübut növü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2186 nömrəli rəyinə istinad edir. Belə ki, qeyd edilən rəyin nəticə hissəsində İddiaçı mülkiyyətinə verilmiş Tərtər rayonu, Söylən kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən bütövlüklə istifadə olunduğu, İddiaçı mülkiyyətinə verilmiş Tərtər rayonu, Söylən kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində hal-hazırda ev mövcud olduğu müəyyən edilmişdir. Hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, həmin ev Cavabdeh tərəfindən inşa edilmişdir.

34. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

35. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli, 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-70/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar