Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1651/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: ümumi mülkiyyət hüququ, əşyanın tərkib hissəsi, vahid mülkiyyət Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(021)-430/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 04 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon qedyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli AZ İ №225456 nömrəli çıxarışdan görünür ki, X19 ilə X3 xx.xx.1973-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir;
2. Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli AZ İİ №320087 nömrəli arayışdan görünür ki, X19 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir;
3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X10 adına tam, o cümlədən torpaq sahəsi ümumi birgə olmaqla X19, X11 və X1 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı, X2 və X4 adına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır;
4. X10 adına verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsi X19, X2 və İddiaçı ümumi birgə, üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi isə X10 tam mülkiyyətində mülkiyyətində olmuşdur;
5. İddiaçı Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-ci il tarixdə vəfat etmiş atası X8 irs qalmış (yaşayış, ev mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın vərəsəlik qaydasında ona çatası hissəsində anası Cavabdeh xeyrinə imtina etmişdir;
6. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli V-369/2023 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi – arvadı Cavabdeh mərhumdan qalan miras əmlakdan 3/8 hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən xx.xx.2019 tarixdə X13 verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv/m, yaşayış sahəsi 52 kv/m, yardımçı sahəsi 37.9 kv/m olan, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir;
7. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli V-369/2023 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi arvadı - Cavabdeh mərhumdan qalan miras əmlakdan 3/4 hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin X13 məxsus olan hissəsindən ibarətdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətçisi olduğu ünvan 4 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma anasıdır. O, mərhum atası X19 ilə anası Cavabdeh birgə nikahlarından doğulmuşdur. Cavabdeh ilə mərhum atası Sabir Qarayevin birgə nikahından ondan başqa bacıları X12 və mərhum X9 anadan olmuşdular. Bacıları Lamiyə və Cavidan ailə həyatı qurub, ər evinə köçmüşlər. Bacısı Quliyeva (Qarayeva) Cavidan xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh və mərhum atası Sabir Qarayevlə həmişə o yaşayıb, onlara o baxmışdır. Atası və anasının birgə nikahları dövründə xx.xx.2019-cu il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət ümumi sahəsi 89,9 kv.m, yaşayış sahəsi 52 kv.m yardımçı sahəsi 37,9 kv.m olan fərdi yaşayış evi almışlar. Həmin fərdi yaşayış evi tam mülkiyyətçi kimi atası Sabir Qarayevin adına qeyd edilmişdir. Lakin, 0,05 ha həyətyanı torpaq sahəsi isə atası Sabir Qarayev, anası Cavabdeh və onun ümumi birgə mülkiyyətində olmuşdur. Fərdi yaşayış evini aldıqları vaxtdan o, həmin evdə qeydiyyatdadır. Ancaq, atası Sabir Qarayev xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktdan ölmüşdür. Atası öləndən sonra ondan miras qalmış əmlaka onun da birinci dərəcəli vərəsəlik hüququ vardır. Ancaq Cavabdeh onu aldadıb atasından miras qalmış əmlakların vərəsəlik qaydasında ona çatası hissəsindən onun xeyrinə imtina etməyi xahiş edib, ona evdə yaşamaqda davam edəcəyinə söz vermişdir. O da cavabdehə inanıb Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisində anası Cavabdeh xeyrinə atasından miras qalmış əmlakın vərəsəlik qaydasında ona çatası hissəsindən imtina etməyi barədə ərizə yazmışdır. Lakin, imtina ərizəsi yazandan sonra cavabdeh onu böyüyüb yaşadığı evdən çıxartmış və orada qeydiyyatda olmağına baxmayaraq ona həmin fərdi yaşayış evində yaşamağa, evdən istifadə etməyə imkan vermir. O, az əmək haqqı alır və onun əlavə kirayə pulu ödəmək imkanı yoxdur.
10. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddia tələbini qəbul etmir, onu tamamilə əsassız və qanunsuz tələb hesab edir. İddiaçı iddia ərizəsində göstərir ki, guya həmişə onunla və xx.xx.2023-cü ildə vəfat etmiş həyat yoldaşı Sabir Qarayevlə birlikdə yaşayıb və onlara baxmışdır. Bu iddiaçının ağ yalanıdır və iddiaçı qızı olsa da onun bu qədər yalanla məhkəməyə müraciət etməsi onu da təccübləndirir. İddiaçı birinci dəfə 2000-ci ildə Bərdə rayon Mehdili kənd sakini olan Qorxmaz adlı şəxslə evli olub, 4-5 ildən sonra ayrılıblar. Onunla rəsmi nikahı olmayıb. İddiaçı 2-ci dəfə hazırkı həyat yoldaşı olan Ağdam rayonu Quzanlı qəsəbə sakini Qaryağdı Tağıyevlə rəsmi nikahla evlənib ailə qurmuş və həyat yoldaşının Quzanlı qəsəbəsində yerləşən mərhum atasından miras qalmış 20-25 ot həyətyanı torpaq sahəsi 3 otaqlı fərdi yaşayış evində yaşayırlar, uşağı yoxdur. Odur ki, iddiaçının guya yaşayış sahəsinin olmaması barədə iddia ərizəsində bildirdikləri tamamilə yalandır. İddiaçının köçürülməsini tələb etdiyi ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 89,9 kv.m, yaşayış sahəsi 52 kv.m olan fərdi yaşayış evi onunla mərhum həyat yoldaşı Sabir Qarayevin birgə yaşayış dövründə 1979-cu ildə tikilmişdir, 1 mərtəbəli, 2 otaqdan, giriş və dəhlizdən ibarət olan evdir. Odur ki, həmin evi guya 2019-cu ildə almaqları barədə iddiaçının bildirdikləri də tamamilə yalandır. Sadəcə olaraq həmin evə dair mülkiyyət sənədi- reyestr çıxarışı xx.xx.2019-cu ildə ilk dəfə alınıb və bu çıxarış mərhum həyat yoldaşının adına olub. İddiaçının köçürülməsini tələb etdiyi həmin ev qeydiyyat tarixli xx.xx.2024-cü il olan **********13-10301 nömrəli reyestr Çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir, iddiaçının isə həmin evdə heç bir payı yoxdur, onun yalnız həmin evin üzərində tikildiyi 0,05 ha həyətyanı torpaq sahəsində 4/12 hissə payı vardır.
11. Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(021)-430/2025 nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi; İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv/m, yaşayış sahəsi 52 kv/m, yardımçı sahəsi 37.9 kv/m olan, 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun tanınması; İddia tələbinin qalan hissədə təmin olunmaması; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulаrаq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 135.4, 135.9, 135.10, 152.1, 213.1 və 213.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 13.7-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı onun doğma qızıdır. O, birinci dəfə 2000-ci ildə Bərdə rayonu Mehdili kənd sakini olan Qorxmaz adlı şəxslə evli olub, onunla rəsmi nikahı və uşağı olmayıb, 4-5 illik birgə yaşayışdan sonra ayrılıblar. İddiaçı ikinci dəfə hazırkı həyat yoldaşı olan Ağdam rayonu Quzanlı qəsəbə sakini X6 ilə 2011-ci ildə ailə qurub və həyat yoldaşının Quzanlı qəsəbəsində yerləşən 0.20-0.25 ha həyətyanı torpaq sahəsi olan 3 otaqlı fərdi yaşayış evində yaşayırlar, uşaqları yoxdur. Onların nikahı isə Ağdam rayon Qeydiyyat şöbəsində 23 iyun 2012-ci il tarixdə 08 nömrəsi ilə qeydə alınmaqla rəsmiləşdirilmişdir. Qızı İddiaçı Bərdə şəhər 1№-li Uşaq musiqi məktəbində müəllim işləyir, həftədə 1, yaxud 2 dəfə dərs yükü vardır. Həyat yoldaşı X19 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onunla evliliyi xx.xx.1973-cü il tarixdə rəsmi nikahla qeydə alınmışdır və bu nikahdan 3 övladları olmuşdur: 1. xx.xx.1974-cü ildə anadan olmuş X14 2. xx.xx.1975-ci ildə anadan olmuş X12 3. xx.xx.1978-ci ildə anadan olmuş X9. Mərhum həyat yoldaşı Sabir Qarayevlə bütün evlilikləri müddətində ünvan 7 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 89,9 kv.m, yaşayış sahəsi 52 kv.m, yardımçı sahəsi 37,9 kv.m olan 2 otaqlı fərdi yaşayış evində yaşamışalr və bu evi 1978-1979-cu illərdə öz şəxsi vəsaiti ilə tikmişlər. Sözügedən ev ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********13-10301 reyestr nömrəli Çıxarışa əsasən X13 tam mülkiyyət hüququ ilə, evin üzərində tikildiyi 0,05 ha torpaq sahəsi isə X19, Cavabdeh və İddiaçı birgə mülkiyyət hüququ ilə məxsus olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra sözügedən evin və onun üzərində tikildiyi torpaq sahəsinin vərəsələr arasında paylara bölünməsi məsələsi 2023-cü ildə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisi tərəfindən həyata keçirilmişdir. Bu zaman İddiaçı xx.xx.2023-cü il tarixli notariat təsdiqli ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X8 miras qalmış evdən və torpaq sahəsindən, habelə digər əmlak hüquqlarından mirasın vərəsəlik qaydasında ona çatan hissəsindən anası Cavabdeh xeyrinə imtina edir. Eyni məzmunlu notariat təsdiqli xx.xx.2023-cü il tarixli ərizə ilə qızı X12 da notariusa müraciət etmişdir. Odur ki, X18 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən onun adına verilmiş **********13- 10301 reyestr nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bərdə şəhəri S.Vurğun küçəsi 5/7 ünvanında 0,05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,9 kv.m olan fərdi yaşayış evi 1/8 hissədə, torpaq sahəsi 1/12 hissədə X10, fərdi yaşayış evi 7/8 hissədə, torpaq sahəsi 7/12 hissədə Cavabdeh və torpaq sahəsi 4/12 hissədə İddiaçı mülkiyyətidir. Qeyd: Həmin Çıxarışda mərhum Sabir Qarayevin adında saxlanmış fərdi yaşayış evindən 1/8 hissə pay və torpaq sahəsindən 1/12 hissə pay mərhum X24nın mirasdan payıdır. X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, onun övladları isə notariusda aparılmış bölgü zamanı gəlmədikləri üçün miras payları Sabir Qarayevin adında, yəni açıqda saxlanılmışdır. Sonradan İddiaçı ona qarşı fərdi yaşayış evinə köçürülmə, yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, Cavabdeh mülkiyyətçisi olduğu ünvan 8 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarılsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya yaşamağa yeri yoxdur, guya tənha qadındır, guya evli deyildir, guya köçürülməsini tələb etdiyi ev 2019-cu ildə atası tərəfindən alqı-satqı müqaviləsi ilə alınmışdır, guya həmişə ata-anası ilə birlikdə yaşamış və onlara həmişə o, qulluq etmişdir, guya 2023-cü ildə atasının vəfatından sonra anası Cavabdeh onu evdən məcburən çıxartmışdır və guya kirayələrdə yaşayır. Halbuki, İddiaçı Qaryağdı Təqiyevlə nə vaxdan faktiki, yaxud rəsmi nikahla evli olması, evli olduqları 14 ildə harada yaşadıqları müəyyən edilməmişdir, məhkəmənin qətnaməsində isə onun Qaryağdı Təqiyevlə evliliyi və harda yaşamaları barədə bir cümlə də yoxdur. İddiaçı həyat yoldaşı X15 rayonu Quzanlı qəsəbəsində 20-25 sot torpaq sahəsi üzərində tikilmiş 3 otaqlı fərdi yaşayış evi vardır, bu ev ona mərhum atasından miras qalmışdır və onlar ailə qurduqdan sonra həmin evdə yaşamışlar. Lakin məhkəmə bu həqiqəti də (təkzib edilməz faktı) müəyyən etmək istəməmişdir. İddiaçının kirayələrdə yaşaması barədə bildirdiklərinin yalan, yoxsa həqiqət olmasını da məhkəmə müəyyən etmək istəməmişdir. Əgər məhkəmə həqiqəti müəyyən etmək niyyətində olsaydı, İddiaçı harada kirayədə yaşaması və nə qədər aylıq kirayə pulu ödəməsi barədə sənədlər (kirayə müqaviləsi, rəsmi arayış, kirayə pulu ödəniş qəbzləri və s.) tələb edərdi. İddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında bildirmişdir ki, atasının vəfatından sonra onun mirası olan evdəki payından imtina etməsi barədə notariusa təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəni anası Cavabdeh onu aldatmasının təsiri altında vermişdir. Lakin məhkəmə bunun da yalan və ya həqiqət olmasınımüəyyən etməmişdir. İddiaçı 51 yaşı var, orta ixtisas təhsilli müəllimdir, Musiqi məktəbində müəllim işləyir, əqli və fiziki cəhətdən tam sağlam olan bir qadındır. Odur ki, məhkəmə onun aldadılması barədə bildirdiklərinin də yalan, yoxsa həqiqət olmasını da müəyyən etməmişdir. İddiaçı köçürülməsini tələb etdiyi evin 2019-cu ildə alqısatqı yolu ilə alınmasının da yalan, yoxsa həqiqət olmasını məhkəmə müəyyən etməmişdir. Halbuki, iddiaçının iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etiraza əlavə etdiyi evin texniki pasportunda da qeyd olunub ki, həmin ev 1979-cu ildə tikilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında bildirmişdir ki, guya həmişə ata-anası ilə yaşayıb və onlara o, xidmət göstərib və qulluq edib. Məhkəmə iş üzrə apardığı icraatla bununda yalan, yoxsa həqiqət olduğunu müəyyən etməmiş, yaxud etmək istəməmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı 2011-ci ildə o və mərhum həyat yoldaşının razılığı olmadan Qaryağdı Təqiyevlə özbaşına evləndiyinə görə 2011-2018-ci illərdə (7 ildən çox) onunla heç bir əlaqəsi və gediş-gəlişi olmamışdır. Yalnız 2018-ci ildə qızı Cavidan vəfat etdikdə qohum-əqrəbanın təkidi və xahişi ilə ona yas mərasiminə gəlməyə icazə vermişlər və münasibətləri normallaşmışdır. Belə olan halda sual olunur: iddiaçı ona və mərhum həyat yoldaşına nə vaxt baxıb, nə vaxt onunla birlikdə yaşayıb? Niyə məhkəməni aldatmağa çalışıb? Niyə məhkəmə (hakim) onun bu yalanını da ifşa etməklə də və həqiqəti müəyyən etməklə maraqlı olmayıb?
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı və əri iki gündən bir ona məxsus evdə münaqişə yaradırlar. Mübahisəli ev mərhum ərindən miras qalmışdır və doğma qızı olan iddiaçı notariat orqanına mirasdan imtina barədə ərizə vermişdir. Ona görə də miras əmlak onun adına rəsmiləşdirilmişdir. İddiaçının evə köçürülməsinə razı deyildir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hazırda mübahisəli evdə cavabdeh və onun digər vəfat etmiş qızının övladları yaşayır. İddiaçı 2011-ci ildə ailə quraraq mübahisəli evdən gəlin köçmüşdür. İddiaçı bacısının evində yaşayıb, indi isə anasına məxsus evə köçürülmək istəyir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2011-ci ildə ailə həyatı qurmuşdur. 7 ildir ki, əri ilə birlikdə kirayədə yaşayırlar. Anası deyir ki, ərinin evi var, get ərinin evində yaşa. Halbuki, onun həmin evə dair hər hansı hüququ yoxdur. Bundan əlavə, Bərdə şəhərində işlədiyi halda, ərinə məxsus ev isə Ağdam rayonu ərazisində yerləşir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
21. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
22. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan təqdirdə qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 2 ünvanındakı 0.05 ha torpaq sahəsi X19, Cavabdeh və İddiaçı ümumi birgə, həmin torpağın üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi isə X10 mülkiyyətində olmuşdur. X19 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Miras qoyanın qızı İddiaçı miras əmlakdan anası (miras qoyanın arvadı) Cavabdeh xeyrinə imtina etmişdir. Hazırda ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi X10 (fərdi yaşayış evi 1/8, torpaq sahəsi 1/12), Cavabdeh (fərdi yaşayış evi 7/8, torpaq sahəsi 7/12) və İddiaçı (torpaq sahəsi 4/12) mülkiyyətindədir. İddiaçı evdə yaşamasına cavabdeh tərəfindən maneçilik yaradıldığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
40. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (Mülki Məcəllə, maddə 226.1 və 227.1).
41. Göründüyü kimi, bu tip mülkiyyətin subyekti binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və qeyd olunan digər işləri aparmaq üçün xüsusi hüquq əldə edir, eyni zamanda binanın yerləşdiyi torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququna malik olur.
42. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin isə mənzilə və binanın altındakı torpaq sahəsinə mülkiyyət hüququ olmur. Onun hüququ mülkiyyət hüququ ilə müqayisədə məhdud şəkildə olmaqla, mülkiyyətçinin yaşayış sahəsindən və binanın digər zəruri hissələrindən istifadə etməkdən ibarətdir. Bu hüququn yaranması ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin mülkiyyət hüququ yüklü vəziyyətə gəlmiş olur (notarial müqavilə və ya qanun əsasında - Mülki Məcəllə, maddə 228.2 və 228.5).
43. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş hüququ məhdud əşya hüququ – şəxsi servitut olaraq şərh etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərar).
44. Baxılan işdə isə mübahisənin obyekti çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyil, Bərdə şəhəri S.Vurğun küçəsindəki 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evidir.
45. Daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi X10 1/12, Cavabdeh 7/12 və İddiaçı 4/12 payla, ev isə 1/8 payla X19, 7/8 payla Cavabdeh adına qeydə alınmışdır. Beləliklə, iddiaçı da mübahisəli evin yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir.
46. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir.
47. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 20).
48. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
49. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 - § 23).
50. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1 - § 25).
51. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 213.2 - § 26).
52. Kollegiya vurğulayır ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.
53. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə iddiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, iddiaçı bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir.
54. Şübhəsizdir ki, cavabdehin evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək.
55. Əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə isə qeyd edilir ki, bu tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar.
56. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi).
57. Mülki Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə).
58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
59. Vahid daşınmaz əşya qaydası Roma hüququndan gələn “Quicquid plantatur solo, solo cedit” (torpağa bağlı olan torpağa aiddir) prinsipinə əsaslanır. Kollegiya nəzərə alır ki, mülki qanunvericiliyimizdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində ortaya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.
61. Belə olan halda, kollegiya hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir.
62. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur.
63. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir.
64. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma iddiaçının mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.
65. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir.
66. Bununla belə, mövcud hüquqi vəziyyətə görə iddianın təmin edilməsinin mümkün olmaması, iddiaçını gələcəkdə yeni əsaslarla eyni iddianı qaldırmaq imkanından məhrum etmir.
67. Belə ki, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması və ya bölünməsi mümkündür. Bunu edən ümumi mülkiyyətçi əşyanın öz payına uyğun olaraq naturada ayrılmış (və ya bölünmüş) hissəsinə fərdi mülkiyyət hüququ əldə edir. Fərdi mülkiyyət hüququna malik olan şəxs isə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürə bilər. Bu halda qaldırılacaq iddia yeni əsasla irəli sürülmüş tələb sayılacaq.
68. Qeyd olunmalıdır ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması hazırkı işin araşdırma predmetini təşkil etmir. Bu səbəbdən hazırkı iş üzrə çıxarılan qərar gələcəkdə qaldırılması istisna edilməyən belə iddianın həlli üçün (o cümlədən, torpaq sahəsinin necə bölünməsi, üzərindəki tikilinin tərəflərdən hansının hissəsinə daxil edilməsi və s.) preyudisial xarakter daşımır. Bu kimi məsələlər həmin iddiaya mahiyyəti üzrə baxan məhkəmə tərəfindən işin konkret halları nəzərə alınmaqla qanuni və ədalətli şəkildə həll edilməlidir
69. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2(021)-430/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.