Məhkəmə qərarları › İş №2(104)-166/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-166/2023

12.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-166/2023 12.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(061)-35/2022 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, ona və ailə üzvlərinə məxsus 0,045 ha və 0,03 ha torpaq sahəsindən cavabdeh X4 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(061)-35/2022 nömrəli (hakim: E.Bayramov) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 torpağın mülkiyyətə verilməsinə dair JN 2544 A, KOD 61101004 olan Şəhadətnamədə nəzərdə tutulan və İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X8 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon İcra Hakimiyyəti Başçısının 04 iyun 1999-cu il tarixli, 114 saylı Sərəncamına əsasən, ona anası X6 adına verilmiş, Tərtər şəhəri V.Həsənov küçəsi 28-də yerləşən həyətyanı torpaq sahəsindən 0,045 ha hissəsində ev tikintisi üçün torpaq sahəsi ayrılıb verilmişdir. Torpaq sahəsinin ayrılmasına dair 07 iyun 1999-cu il tarixli imzalanmış akt var. Eyni zamanda, X15 Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarına əsasən, ona və ailə üzvlərinə həmin yerdən 0,03 ha torpaq sahəsi və JN 2544 KOD 61101004 olan şəhadətnamə verilib. Qardaşı və anası vəfat edəndən sonra qardaşı arvadı, hazırkı cavabdeh Şüküfə İmanovanın onlarla münasibətləri pisləşmişdir. Ona görə də məcbur olub qaynatasına məxsus evdə müvəqqəti yerləşmişlər. Hazırda yaşayış sahəsi və həyat şəraiti normal deyil, öz evinə qayıtmaq istəyir. Cavabdeh X8 isə buna imkan vermir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, iddiaçıya məxsus 0,03 ha və ona məxsus 0,05 ha torpaq sahələri üst-üstə düşür. Həmçinin onun yaşadığı 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi mərhum qaynanası X6 adına qeydə alınmışdır. Sonuncu ölməmişdən qabaq mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakları ona vəsiyyət etmişdir. Bundan əlavə, iş üzrə verilmiş ekspert rəyi mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün qənaətbəxş deyil. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X8 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Verilmiş apellyasiya şikayətindən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində, yəni “cavabdeh X3 torpağın mülkiyyətə verilməsinə dair JN 2544 A, KOD 61101004 olan Şəhadətnamədə nəzərdə tutulan və İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsindən çıxarılması” hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissədə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, qətnamənin digər hissələri araşdırılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2544 A, KOD 61101004 olan Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,03 ha torpaq sahəsi verilmişdir; Tərtər Şəhəri XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 4 saylı iclas protokolunun çıxarışından görünür ki, Vaqif İmanova (Şüküfə İmanovanın əri) həyətyanı torpaq sahəsi kimi H.Rüstəmov küçəsindən 0,05 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2529 A, KOD 61101004 olan Şəhadətnamənin surətindən görünür ki, X6 və onun ailə üzvlərinin, o cümlədən hazırkı iş üzrə cavabdeh X4 mülkiyyətlərinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 14 mart 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, cavabdeh Şüküfə İmanova naturada mübahisələndirilən həyətyanı torpaq sahəsindən bütövlükdə istifadə edir və hazırda onun istifadəsində 0,1167 ha həyətyanı torpaq sahəsi var. İddiaçı tərəfindən mübahisələndirdiyi torpaq sahəsi istifadə olunmur. Torpağın mülkiyyətə verilməsinə dair JN 2529 A, KOD 61101004 olan Şəhadətnamə ilə cavabdeh X4 mülkiyyətinə verilən 0.05 ha həyətyanı torpaq sahəsi ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 2544 A, KOD 61101004 olan Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə bir tərəfdən qonşudur, digər tərəfləri fərqlidir. Gəncə İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2-1(114)-579/2023 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh Tərtər rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tərtər rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 144 nömrəli qərarı əsasında İddiaçı X7 məxsus olan həyətyanı torpaq sahəsindən ayrılmış torpaq sahəsinə dair X15 Komissiyasının xx.xx.2005-ci il tarixli qərarının İddiaçı torpağın mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin qeyd edilən qərardadı ilə iddiaçı X4 cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə istinadən hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə Dair JN 2544 A, KOD 61101004 şəhadətnaməyə əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,03 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2022-ci il tarixli 10/5917 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 03 noyabr 2022-ci il tarixli **********53 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, cavabdeh X8 mübahisələndirilən həyətyanı torpaq sahəsindən bütövlüklə istifadə edir və hal-hazırda cavabdehin istifadəsində 0,1167 ha həyətyanı torpaq sahəsi vardır; Torpağın mülkiyyətə verilməsinə dair JN- 2544A KOD 61101004 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN-2529 A KOD 61101004 saylı şəhadətnamə əsasında X11 və onun ailə üzvlərinə, o cümlədən hazırkı iş üzrə cavabdeh X4 mülkiyyətinə verilən 0,05 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Torpağın mülkiyyətə verilməsinə dair JN-2544A KOD 61101004 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsi cavabdeh X4 faktiki istifadəsində olan (torpağın mülkiyyətə verilməsinə dair JN-2529A KOD 61101004 saylı şəhadətnamə əsasında X11 və onun ailə üzvlərinə, o cümlədən hazırkı iş üzrə cavabdeh X4 mülkiyyətinə verilən 0,05 ha həyətyanı torpaq sahəsi nəzərə alınmaqla) torpaq sahəsi ilə üst-üstə düşmür. X8 tərəfindən, sənəd üzrə iddiaçının mülkiyyətinə verilən həyətyanı torpaq sahəsi ilə, sənəd üzrə ilkin mülkiyyətçinin mülkiyyətinə verilən həyətyanı torpaq sahələrini birləşdirərək, cəmi 0,1167 ha torpaq sahəsindən istifadə olunduğu göstərilmişdir. Ekspert rəyində torpağın mülkiyyətə verilməsinə dair JN-2544A KOD 61101004 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin cavabdeh X4 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilsə də, ekspertin istinad etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin cavabdeh X4 faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Lakin buna baxmayaraq mütəxəssis rəyində İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin cavabdeh X4 faktiki istifadəsində olan (torpağın mülkiyyətə verilməsinə dair JN-2529A KOD 61101004 saylı şəhadətnamə əsasında X11 və onun ailə üzvlərinə, o cümlədən hazırkı iş üzrə cavabdeh X4 mülkiyyətinə verilən 0,05 ha həyətyanı torpaq sahəsi nəzərə alınmaqla) torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmiş və ekspert rəyində qeyd edilən xüsusat təkrarlanmışdır. Qeyd edilənlər nəzərə alınaraq mütəxəssi rəyində yol verilmiş ziddiyyətə aydınlıq gətirilməsi, əgər rəydə yanlışlığa yol verilmişsə, əlavə rəyin verilməsi tələb edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin iş üzrə vermiş olduğu təkrar mütəxəssis rəyində torpağın mülkiyyətə verilməsinə dair JN-2529A saylı şəhadətnamə ilə hazırkı iş üzrə cavabdeh X4 mülkiyyətinə verilmiş 0,05 ha (474 kv.m) və torpağın mülkiyyətə verilməsinə dair JN-2544A saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha (349 kv.m) həyətyanı torpaq sahəsi arasında hər hansı sərhəd müəyyənedicinin (çəpər, hasar) mövcud olmadığı, hər iki həyətyanı torpaq sahəsinin hal-hazırda cavabdeh X8 tərəfindən 1167 kv.m ölçüdə olmaqla istifadə edildiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-2544A KOD 61101004 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha (349 kv.m) həyətyanı torpaq sahəsinin cavabdeh X4 faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi iş üzrə verilmiş ekspert və mütəxəssis rəyləri ilə də müəyyən olunur ki, cavabdeh X8 torpağın mülkiyyətə verilməsinə dair JN-2544A KOD 61101004 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0,03 ha (349 kv.m) həyətyanı torpaq sahəsini zəbt edir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdən müəyyən olunur ki, apellyasiya instansiyasında icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(061)-35/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “cavabdeh X3 torpağın mülkiyyətə verilməsinə dair JN 2544 A, KOD 61101004 olan Şəhadətnamədə nəzərdə tutulan və İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsindən çıxarılması” hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar