Məhkəmə qərarları › İş №2(104)-1662/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1662/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1662/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)- 256/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsinin 23 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X7 arasında 09 noyabr 2004-cü il tarixdə nikah bağlanmışdır.

2. Doğum haqında 09 noyabr 2004-cü il tarixli AZ-İ seriyalı 549640 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxxxx 2004-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır.

3. Doğum haqında 16 yanvar 2007-ci il tarixli AZ-İ seriyalı 882780 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 01 noyabr 2006-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı1dır.

4. Bərdə Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(021)-1495/2023 nömrəli qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 01 noyabr 2006-cı il təvəllüdlü X10 anasının yanında saxlanılması, eləcədə yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İsrafil oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 verilməsi qət olunmuşdur.

5. Bərdə rayon Qeydiyyat şöbəsinin 24 may 2023-cü il tarixli arayışdan görünür ki, X11 07 yanvar 2022-ci il tarixdə vəfat etmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 210,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1\3 hissəsi X1, fərdi yaşayış evinin 1\3 hissəsi və torpaq sahəsinin 1\2 hissəsi Cavabdeh və fərdi yaşayış evinin 1\3 hissəsi və torpaq sahəsinin 1\2 hissəi X4 mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 və İddiaçı1 azyaşlı uşağı-01 noyabr 2006-cı il təvəllüdlü X10 ilə birlikdə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrini, həmin evdən istifadə hüquqlarının tanınması, eləcədə ödənilmiş 100 manat dövlət rüsumu və mediasiya xidmətinə görə ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh İsrafil oğlu 09 noyabr 2004-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 665 nömrəli nikah akt qeydi ilə qeydə aldıraraq evlənmiş və X8 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən köhnə tikiliyə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından xx xxxxxxxx 2004-cü il tarixdə Hüseyn, 01 noyabr 2006-cı il tarixdə isə Zeynəb adlı uşaqları anadan olmuşdur. Həmin evdə qeydiyyatdadır. Ev köhnə olduğuna görə onu söküb yerində 2010-2011-ci illər ərzində 2 mərtəbəli, 1ci mərtəbədə 2 otaq, 1 zal, 1 mətbəx, 1 hamam və sanitar qovşaqdan, 2-ci mərtəbədə 3 otaq və 1 zal olmaqla fərdi yaşayış evi inşa etmişlər. Həmin ev Cavabdeh və onun anası Samaya Əhmədovanın vəsaiti hesabına, yəni birgə vəsaitləri ilə tikilmişdir. Evin mülkiyyətçisi X11 07 yanvar 2022-ci il tarixdə vəfat edənədək onlarla birlikdə yaşamışlar. Lakin sonradan Cavabdeh İsrafil oğlu ilə birgə yaşamaları qeyri-mümkün olduğuna görə Bərdə Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(021)-1495/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuş, 01 noyabr 2006-cı il təvəllüdlü qızı Zeynəb onun yanında saxlanılmış, yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İsrafil oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh 08 yanvar 2023-cü il tarixdə onu yaşadıqları evdə heç bir səbəb olmadan bacısı Ziyadə Əhmədovanın təhriki və öyrətməsi ilə döyərək evdən çıxıb getməyini tələb etmişdir. Həmin gün bu barədə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, polisin müşaiyyəti ilə uşaqları Hüseyn və Zeynəblə birlikdə evdən çıxmağa məcbur olmuşdur. Bir müddət Bərdə rayonu Çələbilər kəndində, hazırda isə Bərdə rayonu Otuzikilər kəndində qohumu X3 məxsus evdə yaşayırlar. Cavabdeh İsrafil oğlu onu və uşaqlarını mübahisəli evdə yaşamağa imkan vermir.

9. Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)-256/2024 nömrəli (hakim Q.Əbilov) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçmə tələbinə dair iddiası təmin edilməsi; İddiaçı1 01 noyabr 2006-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi; İddiaçı2 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228 maddəsi, Mənzil Məcəlləsinin 13 maddəsi və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 218.1, 218.4, 216-220, 227, 233 maddələrə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, İddiaçı1 ilə birgə yaşamaları mümükün olmadığına görə ayrılmışlar. Bərdə Rasyon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(021)-1495/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə münasibətləri münaqişəlidir. Belə ki, iddiaçı onun barəsində polisə şikayət etmişdir. Həmçinin iddiaçıların köçmək istədikləri evə payı olan qardaşı Suliddinin arvadı ilə də münaqişəli münasibətdədir. Birinci instansiya məhkəməsi mübahisəli əmlakın paylı mülkiyyətdə olmasını və digər mülkiyyətçilərin iddiaçının köçürülməsinə razılıqlarının olub olmamasını nəzərə almamışdır.

13. Apellyasiya icraatı zamanı fərdi yaşayış evinə 1/3 pay hüququ olan X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 1/3 pay hüququ olan X11 isə 07 yanvar 2022-ci il tarixdə vəfat etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İsrafil oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bərdə rayon, İsmət Qayıbov küçəsi 37 nömrəli fərdi yaşayış evi 1990-cı ildən hər birinin payı 1/3 hissə olmaqla anası X11, qardaşı X6 və onun mülkiyyətindədir. İddiaçı1 (Cəbrayılova) ilə 2004-cü ildə evlənmiş və sonuncu həmin evə gəlin köçmüşdür. Ev sonradan sökülmüş və yerində iki mərtəbəli ev tikilmişdir. Ailə münasibətləri pozulduğundan iddiaçı uşaqları ilə birlikdə 2023-cü ilin əvvəllərində evdən çıxmış və polisə şikayət etmişdir. Hazırda uşaqları ilə birlikdə yeni aldıqları evdə yaşayır. Anasının ölümündən sonra onun payı vərəsəlik qaydasında qardaşı Suliddinə keçmişdir. Həmçinin o da öz payını qardaşı Suliddinə bağışlamışdır. Ev hazırda Suliddinin mülkiyyətindədir. Cavabdeh İsrafil oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İsrafil oğlunun nümayəndəsi (vəkil) Nümayəndə da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, hazırda kirayədə qaldığı ev bacısının əri Elmara məxsusdur və hər ay ona 200 manata kirayə haqqı ödəyir. Gəlin köçdüyü evi tam (sonradan yeni tikilən) Suliddinin adına ona görə keçiriblər ki, onlar həmin evdə yaşamasınlar. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 da digər İddiaçı1 (anası) ilə eyni məzmunlu izahat vermişdir.

19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X9 əvvəlki məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında göstərmişdir ki, atalarından miras qalmış evə 1/3 hissədə onun, qardaşı Əhmədin və anası Səmayənin payı müəyyən edilmişdir. Anasının ölümündən sonra payı vərəsəlik qaydasında ona keçmiş, qardaşı Əhməd isə payını ona bağışlamışdır. Ev hazırda tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu səbəbdən iddiaçıların həmin evə köçürülməsinə etiraz edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

21. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçıların köçmək istədiyi Bərdə şəhəri, İsmət Qayıbov küçəsi 37 nömrəli fərdi yaşayış evinə 1990-cı ildə hər birinin payı 1/3 hissə olmaqla X11, X6 və Cavabdeh adlarına paylı mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı1 ilə Cavabdeh İsrafil oğlu nikahlarını 09 noyabr 2004-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 665 nömrəli akt qeydi ilə qeydə aldıraraq evlənmiş və İddiaçı1 Bərdə şəhəri, İsmət Qayıbov küçəsi 37 nömrəli evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx xxxxxxxx 2004-cü il tarixdə Hüseyn, 01 noyabr 2006-cı il tarixdə isə Zeynəb adlı uşaqları anadan olmuşdur. İddiaçının deməsinə görə ev köhnə olduğundan sökülmüş və 2010- 2011-ci illərdə Cavabdeh və onun anası Samaya Əhmədovanın vəsaiti hesabına yerində 2 mərtəbəli ev tikilmişdir. Qaynanasının ölümündən sonra ailə münasibətləri pozulmuş, cavabdeh evdə yaşamalarına imkan verməmiş, elə bu səbəbdəndə iddiaçı 2023-cü ilin yanvar ayında uşaqları ilə birlikdə evdən çıxmışdır. Yaşamağa yerləri olmadığından İddiaçı1 və oğlu İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müracət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

35. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

36. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı1 2004-cü ildən mübahisəli yaşayış sahəsinə köçürülmüşdür. Həmin vaxt fərdi yaşayış evi hər birinin payı 1/3 hissə olmaqla X11, X6 və Cavabdeh adlarına paylı mülkiyyət kimi qeydə alınmışdır.

37. Mülki Məcəllənin 228.5. maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

38. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş qaynanası onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın.

39. Kollegiya hesab edir ki, İddiaçı1 2004-cü ildə mübahisəli yaşayış sahəsinin paylı mülkiyyətçisi olan əri Cavabdeh, eləcə də digər mülkiyyətçilərin razılığı ilə həmin fərdi yaşayış evinə köçüb birgə təsərrüfat aparmış, və bununlada sözügedən evdən istifadə hüququ əldə etmişdir. Digər İddiaçı2 isə istifadə hüququ doğulduğu andan yaranmışdır. Belə olan təqdirdə sonuncular mübahisəli fərdi yaşayış evinə köçürülmələri barədə tələb irəli sürməkdə subyektiv hüquqa malikdirlər və onların bu tələbini kollegiya qanuni və əsaslı sayır.

40. Mübahisəli fərdi yaşayış evinə hazırda tam mülkiyyət hüququnun X1 adına qeydə alınması (anasına münasibətdə vərəsəlik, qardaşı Cavabdeh münasibətdə isə bağışlama yolu ilə) özlüyündə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi İddiaçı1 gəlin köçdüyü, digər İddiaçı2 isə doğulduğu vaxtdan fərdi yaşayış evinə istifadə hüququ əldə etmişlər. Belə olan təqdirdə onların fərdi yaşayış evinə olan istifadə hüquqlarına yalnız müvafiq kompensasiya verilməklə xitam verilə bilər.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(021)-256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar